Nəzrin holdinqə gəlib iş masasının arxasına keçən kimi ona zillənən gözlər öz istiqamətlərini dəyişdilər. Sadəcə başını bulayıb qovluqlara baxmağa başladı Nəzrin. Az sonra onu geridə təqib edən isti bir cüt baxışı sezib yavaşca çevrilib baxdı. Əzizin həsrət və sevgi dolu gözləri ilə yenə qarşılaşdı. Hər ikisi nəfəslərini içəri çəkib bir-birlərinə səssiz-səmirsiz baxaraq qısa müddətə belə qaldıqdan sonra Nəzrinin yaxınlığındakı qızlardan birinin boğazını arıtlaması ilə sonlandırıldı. Nəzrin heç kimə fikir vermədən işinə davam etsə də, ətrafındakı hər kəsin onu addım-addım izlədiyini anlayırdı.
25 yaşlı dul Nəzrini bütün qəlbi ilə sevən Əziz Nəzrini anlamırdı düzü. Keçən il burada atasının yardımı ilə işə düzələndə xoşu gəlmişdi. 2 il öncə qəza nəticəsində ərini itirən Nəzrinin də bu oğlandan xoşu gəlmişdi. Hətta 2-3 dəfə onun təklifi ilə kafedə əyləşib tanışlıq mərasimi təşkil etmişdilər öz aralarında. Amma holdinqin direktorlarından birinin ona tətbiq etdiyi təzyiqlə bir daha Əzizlə danışmamaq qərarına gəldi. Əziz o direktorun dosdoğmaca qardaşı oğlu idi. Və həmin direktor Əzizin dul qadına olan münasibətindəki dəyişikliyi görüb buna qəti qarşı çıxdığını Əzizə də bildirmişdi. Amma Nəzrini qovmağa cəsarəti çatmırdı. Çünki onu işə götürən digər direktorun dostunun qızı sayılırdı.
Hər kəsin bilməsinə və şiddətlə qınamasına rəğmən Əziz ondan əl çəkmək niyyətində olmadığını açıq-aşkar ortaya qoymuşdu. Hər dəfəsində iş çıxışında qarşısını kəsib söhbətə can atması buna sübut idi. Çoxları Nəzrinə burdan getməyi məsləhət bilsələr də, onu tutub saxlayan vardı. Onu başqa birisi də sevirdi. Boşanmış, 2 qızı olan, yaşı 40-a yaxınlaşan Əbdül. Əbdülün nüfuzu kifayət qədər geniş idi.
Günlərin birində Əziz eşitdiyi xəbərə görə darmadağın oldu. Nəzrinlə Əbdül evlənmişdilər...