Mədinə Məmmədova: "Ətrafımdakı insanların bəzilərində yaşadıqları cəmiyyətə qarşı üsyan müşahidə edirəm” - Müsahibə
Fərid Azəri tərəfindən "Müsahibə" bolməsinə 21:36 04 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Müsahibim "Modern Hospital"-ın psixoloqu Mədinə Məmmədovadır.


- Mədinə xanım, ilk öncə oxucularımıza Azərbaycanda "Psixologiya" elminin inkişafı haqqında məlumar verməyinizi xahiş edərdim.

- Psixologiya Azərbaycanda öndə gedən sahələrdən biridir. İnsanlar bu sahəyə indi daha çox önəm verirlər. Hətta, mən bu yaxınlarda belə bir söz eşitmişdim; " - Birazdan Azərbaycanda psixoloq yanına getmək dəb halını alacaq." Nümunə üçün deyim ki, 10 il əvvəl "Psixologiya" termini çox qeyri-adi görünürdü, amma zaman keçdikcə, bu termin artıq ümumişlək sözə çevrilib.

- Sizə müraciət edənlər arasında daha çox hansı yaş dövründə olan insanlar üstünlük təşkil edir?

- Müraciət edənlər arasında gənclər üstünlük təşkil edir. Belə gənclərin yaş həddi çox zaman 20-dən yuxarı olur. Əsasən, problemlər internetin yaratdığı fəsadlar, cütlüklər arasında münasibətlərin dərinləşməsi. İnternet vasitəsilə, xüsusən, sosial şəbəkələrdə tanış olan insanlar müraciət edir. Bir məsələni də qeyd etməliyəm ki, bəzi hallarda primitiv internet-chat-larda tanış olan elə cütlüklər müraciət edir ki, araşdıranda görürük ki, onların arasında kəskin yaş fərqi olur. Bundan başqa, ailə problemləri ilə bağlı edilən müraciətlərin sayı çox olur, nakam sevgi məsələləri, post-travmatik stresslər, hündürlüyə, yol keçməyə qarşı fobiyalar, təbii fəlakətlər nəticəsində yaranan stress sonrası müraciət edirlər.

- Məlumdur ki, psixoloqa müraciət etmək istəyən insanların çoxu bu məsələdən onların yaxınlarının xəbər tuta biləcəyindən ehtiyatlanıb fikirlərindən daşınırlar. Psixoloqa müraciət edən şəxsin anonimliyi məsələsi necə tənzimlənir?

- Əgər müraciət edən pasient həddi-buluğa çatıbsa, biz onun anonimliyinin qorunacağına zəmanət veririk. Amma əgər pasientin kiməsə zərər vura biləcəyini hiss ediriksə, o zaman onun yaxınları ilə fərdi söhbətlərimiz olur və biz bu məsələ barədə onları məlumatlandırırıq. Hətta, mən bir faktı da qeyd etmək istərdim, bir pasientim var idi və seansların birində həmin pasient mənə dedi ki, " - Çox uzağa gedirəm" mənim diqqətimi cəlb etdiyindən, mən onun hara getdiyini soruşdum və pasientin cavabı bu oldu ki; " - 40 tabletka evdədir və mən onları qəbul edib özümə qəsd edəcəm". Bir daha qeyd edirəm ki, belə hallarla qarşılaşanda, biz pasientin yaxınlarını məlumatlandırırıq.Elə hallar da olur ki, pasientlərin bəziləri bizə kimisə öldürmək planlarından bəhs edirlər, bu vəziyyətdə də bir onun ailəsini və yaxınlarını xəbərdar edirik. Çünki, əgər həmin insan hansısa bir hadisəni törədəcəksə, o zaman ilk olaraq psixoloq sorğulanır.

- İndiki dövrdə psixoloqa müraciət edənlərdə hansı psixoloji problemlər üstünlük təşkil edir?

- Pasientlərin çoxunda qarşılaşdığımız ən kəskin problemlər sırasında fobiyalar (bu və ya digər əşya, hadisə və varlıqlardan qorxma hissi - red.), insanlarda özünə inam hissinin azlığı, özünü aşağı qiymətləndirmə, perfeksionizm (Perfeksionizm - özünü ətrafdakılara düzgün təqdim edə bilməmək - red.), anareksiya, yəni - yeməkdən imtina etmək, ən çox da obsessiv-kompleksiv pozuntuları qeyd edə bilərəm.

- Sizcə, cəmiyyətimizin ümumi psixoloji vəziyyətini necə dəyərləndirmək olar?

- Ümumilikdə götürsək, insanlarda çox güclü aqressiya var, ətrafımdakı insanların bəzilərində yaşadıqları cəmiyyətə qarşı üsyan müşahidə edirəm.

- Necə düşünürsünüz, karyerasına, öz sənətinə aludə olmanı normal hal kimi qiymətləndirmək olarmı?

- İnsanlarda karyerizm - əsasən, özünü təsdiqetmə arzusu ilə əlaqədardır.Bu hal dövrümüzdə əsasən, xanımlarda müşahidə olunur.

- Yetkinlik yaşına çatmayanların erkən nikaha cəlb olunması ortaya hansı problemləri çıxara bilər və bir psixoloq kimi bu problemin həlli yolları barədə nə deyə bilərsiniz?

- Ölkəmizdə bəzi hallarda yetkinlik yaşına çatmayanların erkən nikaha cəlb olunması halları ilə qarşılaşırıq. Xüsusilə, son zamanlar orta məktəbi bitirən oğlanlar ailə qurmağa meyllidirlər. Bu acınacaqlı fakt çox təəssüf ki, boşanma hallarının sayına təsir göstərən başlıca amillərdən biridir. Bütün bunların qarşısını almaq üçün ölkəmizdə bir sıra layihələr həyata keçirilməsinə baxmayaraq, problem hələ də öz müsbət həllini tapmayıb. Mən belə hesab edirəm ki, bu tipli layihələr həyata keçirilərkən ortaya konkret məqsəd qoyulmalıdır. Burada əsasən işsizlik amili mühüm rol oynayır və düşünürəm ki, əgər xanımlar peşə təhsilinə cəlb olunarsa, bu məsələ erkən nikah probleminin həllində müsbət rol oynaya bilər.

- Fikrinizcə, ailədə övladın qarşısına bu və ya digər məsələlərlə bağlı qoyulan qadağalar onun psixikasına nə kimi təsir göstərə bilər?

- Valideyn-övlad məsələsi son dövrlərdə daha da qloballaşmışdır. Bu kontekstdə mən belə hesab edirəm ki, valideynlə övlad arasında emosional bağlılıq itməməlidir, valideyn övladla söz təması qurmalıdır. Xüsusən, uşağa kiminsə nümunə göstərilməsi doğru deyil. Ata və ananın övlada dost kimi yanaşması vacib şərtlərdəndir.Məsələn, valideynlər övladlarının dostlarını tanımalıdır. Əsasən də, ata oğlu ilə dost kimi davranmalı, ona dəstək olmalıdır. Son dövrlərdə valideynlərdə formalaşmış; " - Övladım mütləq universitet oxumalıdır!" - anlayışı tamamilə yalnışdır. Valideyn övladının maraqlandığı sahələri bilməlidir.Təbii ki, bütün bunlarla yanaşı, ata və ana övladına müəyyən məsələlərdə öz məsləhətlərini verməlidir. Valideynlər öz övladları ilə empatiya (empatiya - başqasının emosional halını özündə yaşamaq qabiliyyəti) qurmağı bacarmalıdır. Valideynlər tərəfindən övladına davamlı öyüd-nəsihət verilməsi də doğru deyil. Uşaq ailədə sözünün dinləndiyini, ona önəm verildiyini hiss etməlidir. Övladı davamlı olaraq cəzalandırmaq olmaz. Cəzalar da fiziki formada yox, tutaq ki, onu sevdiyi hər hansı bir məşğuliyyətdən müəyyən bir müddətə məhrum etməklə məhdudlaşdırılmalıdır.

- Mədinə xanım, uşaqlarda müşahidə olunan "Hiperaktivlik sindromu" barədə nə deyə bilərsiniz?

- İndiki dövrdə uşaqlar üçün istehsal olunan cizgi filmlərinin əksəriyyəti döyüş filmlərini xatırladır. Azyaşlı uşaqlar oradakı aqressiyanı götürür və aqressivləşirlər. Bu məsələdə çox təəssüf ki, uşaq ana bətnində olarkən, ananın doğru həyat tərzi keçirməməsi məsələsi də mühüm rol oynayır.

- Valideynlər tərəfindən övladlarının evlilik məsələsində onların əvəzinə qərar vermələri övladlar tərəfindən çox zaman birmənalı qarşılanmır. Bir psixoloq olaraq, bu məsələdə valideynlərin və övladın üzərinə düşən məsələləri necə şərh edərdiniz?

- İlk olaraq, sualınızdan bir qədər kənara çıxaraq onu qeyd etmək istərdim ki, valideynlərin düzgün etmədikləri məsələ hər bir şeyin övladına "hazır şəkildə" verilməsidir. Evlilik məsələsinə gəlincə, evlilikdə məsləhət olmalıdır, məcburiyyət yox. Amma bizdə bəzi ailələrdə necədir, qızın "hə"-si verildikdən sonra yalnız məsələdən xəbəri olur.

- Artıq ailə qurmuş qızın və ya oğlanın ailəsinə valideynləri tərəfindən zaman-zaman müdaxilələr olur. Bu müdaxilələrin həmin gənc ailə üçün nə kimi fəsadları ola bilər?
- İlk öncə, mənim övladının ailəsinə müdaxilə edən valideynlərə bir sualım var; " - Məgər onlar zamanında bu problemlərlə qarşılaşmayıblar?" İmkan vermək lazımdır ki, həmin cütlük özü yaranmış problemlərdən çıxış yolunu tapsın. Valideynlərin müdaxiləsi ocağa benzin tökməyə bərabərdir.Qoy, bu cütlük öz gələcək həyatları barəsində özü bir qərara gəlsin. Müdaxilə halları əgər ailədə kəskin zorakılıq baş verərsə, ola bilər. Amma hər xırda məsələdən ötrü ailəyə müdaxilə etmək olmaz.

- Son zamanlar qızın valideynləri yeni manevrə əl ataraq, oğlanı özlərindən maddi cəhətdən asılı vəziyyətə salmağa çalışırlar və ya evi olmağan bəy gəlinin yaşadığı evə köçmək məcburiyyətində qalır. Bunu necə şərh etmək olar?

-Çox təəssüf ki, bu hal boşanmalara səbəb olan əsas amillər sırasındadır. Amma bu qonşu Türkiyədə Azərbaycanla müqayisədə daha geniş yayılıb. Bu məsələdə KİV-lərin xüsusilə, televiziyanın da mənfi mənada rolu var. Televiziya, internet bəzi hallarda ailələrin dağılmasına səbəb olur.İnsanlar arzuladıqları həyatı orada görürlər. Filmlərdəki, seriallardakı müsbət qəhrəmanın əziyyəti, qələbəsi insanları rahatlaşdırır və insanlar düşünürlər ki, o da qələbə çalacaq. İnsanlarda bununla bağlı inamın yaranması olduqca yalnışdır.

(P.S.Söhbətimiz o qədər faydalı və maraqlı alınmışdı ki, mən vaxtın necə keçdiyini hiss etmədim. Həmin müsahibənin təsiri ilə Mədinə xanımla vidalaşıb cəld müsahibəni hazırlamağa tələsdim).


... dəfə oxunub
Qiymət: 9/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
3+33=
Hesaba giriş
Müəllif

Fərid Azəri
Haqqında

Əlaqə
E-mail:
http@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0236 saniye