Məsafələrini geniş tut,
iki günlük adamlar bir ömrü xərab etməyə yetir...
Ürəyim bircə ona sevinir ki,
bu xərabələr içində də səni xatırladır sükut...
Qapadıqca qulaqlarımı sürünün uğultusuna
içimdəki susqunluq xəyalına üz tutur,
istədiyin qədər də yol alar sənə doğru
mənə səs ver, eşit təki...
Niyə sənə içimi tökmək ehtiyacı duyuram axı?!
Üstəlik, bilsəm də ki,
məni eşitmək istəməyən birisi qədər karsan...
Ya susmalıyam yenidən,
ya da səni mənə göndərən
gecikən qismətimə meydan oxumalıyam
Bu qədər bəsit...
* * *
Köhnə ortaq mövzumuzda
çox cüzi bir yenilik var
- sənə həsrətim artdıqca
şeirlərim sərbəstləşir, qafiyələrə sığmıram daha
Tənhanın olanından keçinirəm arabir,
həsrətimi ovuduram
şəklinə baxa-baxa...
* * *
Bəlkə heç bir tərəzidə
heç bir meyar üzrə bir çəkilə bilməzdik
ancaq ən azından,
insan idik ikimiz də...
Həm də,
səndə mənim can atdığım gizli bir hüzur,
məndə də səni hürküdən bir qarğaşa var idi...
Fırtınanın dənizin o zərif sükutunu
ən hüzurlu anında gəlib pozduğu kimi...
Nə çılğın dalğalar yarada bilərdik,
Nə gəmilər batıra bilərdik bir düşün...
Təzadlara möhtacdır ən ali duyğular da
Ən hüzurlu, ən səssiz dənizi sevər fırtına...
* * *
Yaddaşım sənlə elə məşğul ki,
mənasızlıq azarından qurtulmuşam,
hətta incəlmiş sezgilərimlə
anlamların batinində yatan fərqləri duymuşam;
artıq yaxşı bilirəm ki,
hiss basqaymış, duyğu başqa,
kədər başqa, hüzün başqa,
həyat başqa, yaşam başqa...
İçimdə əbədi dönüş əsintiləri var indi,
ən çox da;
səni xatırlamaq, səni düşünmək...
Ardınca
hələ reallaşmayan paranormal üç-beş arzu
və hər gecə beynimdə dövrə vuran bir sual
- görən, səni unudarammı başıma hava gəlsə?
Bəlkə də sən hələ
hədəflərimlə ölçüb, uğurlarımla biçirsən
məni,
mənsə,
dəli kağızı alıb məhlənizin dəlisi olmaq istəyirəm...