Məktəb xatirələrim
Narniya tərəfindən "Digər yazılar" bolməsinə 15:02 02 iyun 2016 tarixində əlavə olunmuşdur

( 1 iyun Beynəlxalq Uşaqlar Gününə həsr olunmuş. )    

Nə haqda yazım ? 1998-ci il 1 sentyabr səhəri hər kəsdən tez oyanmağımdan ? " Məktəbə gedəcəm. Axır ki, bağçanın cansıxıcı rejimindən canım qurtarır. " fikirləşməyimdən ? Bənövşəyi mürəkkəbə batırıb yeni qələmimlə iki mil dəftərdə sətirlərdən kənara çıxmamaqla necə yazacağım xəyalından ? Oxumağı öyrənməmiş kitabdakı sözlər, cümlələr mənimçün hərf dəniziydi. Heç bir məna ifadə etmirdi, gözümün önündə heç nə canlanmırdı . Səhifəsilərin ağ hissəsi sahildi. Necə ki, dəniz sahilə can atır, dalğalar qumda nahamar iz salır, mənim xəyali dənizimin zərrələri - hərflər də yamsılanmış, qolu- qıçı sınmış, əyri- üyrü uşaq xəttiylə olsa da qələmi hədsiz bərk sıxan, sonralar döyənək olacaq barmaqlarımla sahilə- ağ kənarlara yazılırdı. Əlyazmam səhifələri çubuqla cızılmış qumtək bəzəyir, çap hərflərini yamsılayırdı. Hərfləri hələ məktəbə getməmiş bax bu cür öyrənmişdim. Bəlkə elə bundan yazım ? Bəlkə məktəb kitabxanasından götürdüyüm ilk kitabın nəslindən heç kəsin xətrinə dəyməmək şərəfilə qoyulmuş 23 adı olan balaca çinli oğlanın hekayəsi olduğundan ? Həmin kitabı oxuyub qurtarmamış sabah üçün əzbərlənməli şeirə köklənə bilməməyimdən ? Ya ilk " +" işarəli 5-in çox oxuduğum deyil, ən xoşuma gələn hazırcavab Biləndərin əhvalatına görə gündəliyimə yazılmasından ? Bəlkə bu gün müəllimlərin dərsində səs saldığımızı xatırlayarkən düzgün hərəkət etməmək düşüncəli vicdan sızıltısı, dəcəllik etmək arzusunun mövcud qarışığından ? Hansısa dəcəllik naminə sinif yoldaşlarımla " cinayət ortağı olmaq " kimi ağlasığmaz fikrin mənə " Axırıncı dərsdən qaçaqmı ?" ya gülümsəyərək " Hə " deməyimdən ? Ədəbiyyat dərsində qurulmuş " Dərviş Parisi partladır" və s. tamaşalara, alman dili tədbirlərinə, fənn olimpiadalarına hazırlığın özünü vacib hiss etdirən şövqündən , kollektiv fəaliyyətin marağından, improvizələr səbəbli qəhqəhələrdən ? Kəskin kənarlı tabaşirlə qəsdən, bir neçə dəqiqə dərsə mane olmaq üçün lövhəni cızmaqla yazmağımızdan ? Lövhəni yaş silgi ilə silib, tabaşir tozunu isladıb, taxtanı yazılmaz vəziyyətə salmağımızdan ? Bütün bunlara rəğmən olduqca əla oxuduğumuzdan ? Bu gün də sinif yoldaşlarımla görüşəndə o günlərdən danışdığımızdan ? Gözyaşardan niskildən ? Hansından yazım ?


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+27=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0235 saniye