Mən Günəşin Doğuşunu Görmüşəm!!!
Sevinc Bayramova tərəfindən "Hekayə" bolməsinə 03:54 21 sentyabr 2012 tarixində əlavə olunmuşdur

"Yaxşı ki, xatırlamağa bir şeylər var, deyə o fikirləşdi. Hər xatirənin öz xatırlanmaq məqamı var. Biri digərini əvəz etməz...Həmin gün yağış yağırdı. Soyu

q noyabr axşamı idi və o qara plaşda özünü kiçicik barlardan birinə salıb cibindən səliqə ilə qatlanmış ətirli dəsmalını çıxardaraq saçlarını qurutmağa çalışmışdı. Beləcə barın qaranlıq bir güşəsində oturaraq özünə tünd içki sifariş edib pəncərədən küçəyə, həmin küçə ilə o yan bu yana şütüyən maşınlara baxmışdı. İçkidən içdikcə bədəninə mədəsindən başlayan isinmənin necə yayıldığını hiss etmək çox xoş idi. O xumarlanırdı. Fikirləşirdi ki, bədəni qızdıqca sulu saçlarından buxar qalxır. Yəqin kənardan baxsan belə vəziyyətdə o gülməli görünərdi. 

-Tənha içki içən kişilərdə bir sirr gizlənir,-deyə onun stoluna yaxınlaşıb oturan qadın dilləndi.

O elə xəbərsiz, elə səssiz gəlmişdi ki, bu gəlişdən oğlanın heç tükü də tərpənməmişdi. Əlində şərab qədəhi tutan bu xanım sərxoş baxışları ilə onu süzüb iri, gözəl dodaqlarını yalayaraq gülümsündü:

-Sən də tənhasan-dedi.

-Daha yox,-deyə gənc adam qadına cavab verib əlində tutduğu içki şüşəsini başına çəkdi.

-Yox, tənhasan, bəlkə də dünyanın ən tənha kişisisən-qadın dilləndi.

-Niyə belə fikirləşirsən ki?

-Bunu sənin üzünə, gözlərinə, dodaqlarına baxanda bilmək olur-qadın şərabdan bir qurtum alıb pəncərədən yola baxdı.

-Qəribədi, ilk dəfədi ki, kiminsə tənha olduğu onun dodaqlarından bilindiyini eşidirəm-o da üzünü yola çevirdi.Qadın ona baxmadan:

-Sənin dodaqlarında bir həsrət gizlənib-dedi.

-Nəyin həsrəti?,-maraqla qadına baxdı.

-Bir öpüşün, bir təmasın, bir ehtirasın həsrəti.

-Mənimlə yatmaq istəyirsən?Qadın əlindəki qədəhi stola qoyub dizləri üstündə tutduğu çantasını açdı. Çantadan siqaret çıxardıb dodaqları arasına qoydu. Sanki bilərəkdən oğlana sarı əyildi:

-Yandırarsan?-dedi. O əlində oynatdığı dəmir alışqanla siqareti yandırdı. Bir “şak” səsi və alışan tütünün zəif çırtıltısı gəldi. Qadın tüstünü havaya üfürüb soruşdu:

-Sən məndən nəsə istədin?

-Mənimlə yatmaq istəyirsən?-o sualını bir də təkrarladı.

-Niyə belə fikirləşirsən ki?

-Bilmirəm...

-Onda mən də bilmirəm...

Bir müddət susdular. Sonra bu sükutu qadın pozdu:

-Maşının var?

-Yox, piyadayam.

-Uzaqda qalırsan?

-Elə də uzaq deyil.

-Onda gedək...On dəqiqə sonra o evinin qapısını açıb qadını içəri buraxdı. Sonra özü girib plaşını asılqana atdı.

-Nəsə içəcəksən?-soruşdu

-Yox,-deyə, otağın pəncərəsindən qaranlıq yağışlı küçəyə baxan qadın dilləndi, sonra əlavə edib:

-Düz bir həftədi ki, səmada günəş görünmür, düz bir həftədi.-dedi.

-Bu sənin üçün belə vacibdi?

-Hə, günəş işığı üçün çox darıxmışam-qadın cavab verdi.

-Adın nədi?-oğlan soruşdu.

-Bu sənin üçün belə vacibdi?

-Hə, insanları adları ilə tanımağa çalışıram.Qadın gülümsünüb dilləndi:

-Gəl uzan çarpayıya ağıllı, insanları adları ilə heç vaxt tanıya bilməzsən.Sonra dodaqları qadının zərif dərisi üzərində gəzdikcə, onun bədəninə toxunduqca, gah altında, gah üstündə onu hiss etdikcə ruhunun sanki hansısa ağır yükdən azad olunduğunu, ürəyindən asılmış ağır qara daşların əridiyini bilirdi. Bədənindən çıxan tənhalığın yükü idi, tənhalığın qara ruhu, iyrənc vəsvəsəsi idi. Ruhu azad olmuşdu. Hər hərəkətində, hər toxunuşunda bunu duyurdu. Sonra bu azadlıqdan həzz almaq üçün daha çox çırpınır, sonra bu yeni verilmiş azadlığı daha da hiss etmək üçün çırpıntısını çalxalanmağa döndərir ən sonda isə özü btövlükdə bu azadlıqdan bir vəhşiyə dönürdü...Sonra...sonra hər şey bitdi. O süstləşərək uzandı. Dərindən nəfəs alıb mələfəni üstünə çəkdi. Şalvarını yerdən qaldırıb cibindən siqareti götürdü. Damağına qoyub yandırmaq istədi, amma düşünüb bunu etmədi. “Qoy, doyunca bu yeni havanı ciyərlərim alsın” deyə fikirləşdi. Ancaq dözmədi və alışdırdı... Bax, onda, bax o anda hər şey geri döndü:tənhalıq sanki sümürdüyü siqaretin tüstüsü ilə ciyərlərinə, oradan da bütün bədəninə yoluxdu. Sonra yuxuya getdi. Yuxusunda anasını görürdü. Anasını ancaq yuxularında görərdi. Həyatda heç vaxt bu qadını görməmişdi, tanımamışdı. Çünki elə doğuş vaxtı ölmüşdü anası. Onu isə uşaq evinə vermişdilər. Yağışlı, soyuq bir gecə idi və anasını doğum evinə gətirən maşından düşdü. Həkimlər hamilə qadını tələsik içəri apardılar. O sakitcə kənarda durub baxırdı. Nəfəsi çatmırdı, boğulurdu. Yağış üzünə, saçlarına, əllərinə düşürdü, onu lap sümüyünə qədər isladırdı. İçəridən anasının qışqırtısını, iniltisini eşidirdi. Asta addımlarla xəstəxanının dəhlizinə daxil oldu. Dəhliz çox soyuq idi. Yəqin elə anası da çox üşüyürmüş bu soyuq divarlar arasında. Yavaş-yavaş qışqırtı gələn otağa yaxınlaşdı, amma içəri keçmədi. Boğulurdu, nəfəsi çatmırdı. Qapı qarşısında qoyulmuş köhnə stulda əyləşdi. Öskürməkdən ciyərləri ağrıyırdı. Udqunub ayağa qalxdı. Qapının kiçicik pəncərəsindən otağa boylandı. Anasını uzatmışdılar başı üzərində həkimlər, mamaçalar hərlənirdi. Bir-birlərinə tez-tez nəsə deyirdilər. Anasının qışqırtısı qulaq batırırdı. O dayana bilməyib içəri keçmək istədi, amma ağ xalatlı bir qadın qarşısını kəsib buraxmadı. Qadına demək istəyirdi ki, boğulur, nəfəsi çatmır, amma deyə bilmirdi, taqəti qalmamışdı deməyə. Sonra bir anlıq anasının iniltisi kəsildi, həkim əlinə lap balaca, kiçicik bir ət parçasını alıb havaya qaldırdı. Bu ət parçası, sulu qanlı bir körpə uşaq idi, bu onun özü idi, ananın çığırtısını uşaq səsi əvəzləmişdi. Elə bu andaca o nəfəs ala bildi, ciyərlərinə dəhlizin soyuq, dərman qoxusu gələn havasını ala bildi və boğulmaqdan xilas oldu. O dünyaya gəldi, o doğuldu. Anası isə artıq ölmüşdü...Yuxudan onu pəncərədən gözlərinə düşən işıq ayıltdı. Bu günəş işığı idi. Gecə birlikdə olan qadını xatırladı. Axır ki, buludlar dağılmışdı. Və səmada günəş yenidən parlayırdı. Bunu qadına demək istədi, yatağında çevrilib onu oyatmaq istədi, amma qadın artıq yox idi. Yəqin ki çıxıb getmişdi... heyif, deyə fikirləşdi. Günəş üçün darıxan qadına bunu demək gözəl olardı. Görəsən o gözlərini açıb günəşin səmada necə parladığını, nəhəng bir alov kimi göyə qalxdığını görsəydi nələr fikirləşərdi...Amma qadın çoxdan getmişdi...

 

Günəş batırdı. Onlar dərin bir çuxurun içərisinə gizlənib gözləyirdilər. Mühasirəyə düşmüşdülər. Gözləyirdilər ki, kömək gəlsin, amma özləri də yaxşı bilirdi ki, heç bir kömək gəlməyəcək. Bütün bunları fikirləşmək, bir vaxtlar olmuşları yenidən xatırlamaq gözəl idi. Və o əlində silah çamur, zir-zibil içində, ac-sussuz ölüm ayağında fikirləşirdi...yaxşı ki, xatırlamağa bir şeylər var, deyə, fikirləşirdi. Hər xatirənin öz xatırlanmaq məqamı var. Biri digərini əvəz etməz...Günəş batırdı. Öz solğun sarı işığını üfüq boyu hər yana yaymışdı. O, həmin içkili olduğu axşam günəş üçün darıxan qadını fikirləşirdi. Həmin səhər günəşin doğmasını gözü önünə gətirirdi. Bu vaxt onunla çiyin-çiyinə çuxurda uzanan əsgər dilləndi:

-Görürsən, günəş batır.O isə:

-Mən günəşin doğuşunu görmüşəm-deyə sakitcə cavab verdi."


... dəfə oxunub
Qiymət: 7/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+16=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0247 saniye