4 yaşım var idi. Nənəm alçaqdabanlı ayaqqabısını geyinərək güzgü qarşısına keçdi. Özünəbaxımlılığı ilə seçilirdi həmişə. Saçlarına düzəliş verdikdən sonra çantasını əlinə aldı. Telefonu, açarı, cüzdanı, kosmetik qutunu yoxladıqdan sonra mənə gülümsədi. Mən balaca uşaqlara aid stulda əyləşmişdim. Nənəmin mənə uzanmış əlini görcək sevinclə stuldan qalxdım. İşıqlı ayaqqabılarım səs çıxardaraq mənim sevincimə sevinc qatırdı. Nənəm açarla qapını bağlayarkən mən də bapbalaca əllərimi məhəccərdən bərk-bərk yapışıb pilləkanlara baxırdım. Nənəmlə birgə pilləkanları enib məhəlləyə çıxanda az qala oynayan uşaqlara qoşulmayım deyə cəld məni qucağına alırdı. Bir xeyli yol getdikdən sonra məni yerə qoyub əlimdən tutaraq davam edirdik. Mən tez-tez suallarımla nənəmdən təzə şeylər öyrəndiyimdə az qala atılıb düşürdüm. Şirin pambığı görən zaman gözlərim acgözlüklə parıldayırdı, nənəmin əlindən qaçıb satıcıdan pambıq istəyirdim. Satıcı isə cavan oğlan idi. Məni tanıdığından təzə pambıq verirdi, nənəmdən isə pul almırdı. Sonra skamyada əyləşib ayaqlarımı yellədərək pambığı yeməyə başlayırdım.
Anam məni sevmirdi. Hər dəfə onun qucağına, sığalına, öpüşünə, səsinə ehtiyac olanda kobud şəkildə qolumdan tutub otağıma apararaq qapını bağlayırdı. Gözlərimə nifrətlə baxaraq “səni doğmamışdan bir neçə gün əvvəl xəstəxanada tək-tənha yatdım, yanımda kimsə yox idi ki, mənə mənəvi yardım etsin, atan isə səni heç istəmirdi, kaş doğmazdım səni” deyib mənim göz yaşlarıma istehzalı təbəssümlə əlavə edirdi: “Yalançısan sən”.
Atam əvvəllər hərbiçi idi. Onu gec görürdük. Həmişə atam evə gələrkən evimiz başdan-ayağa təzələnirdi. Anam məni gözəl geyindirərək saçlarımı darıyırdı. Özü də bəzənib-düzənərək telefon vasitəsilə yeməklər sifariş verirdi. Axşama yaxın atam gəlirdi. Anam onu görəndə gözləri parıldayırdı. Qollarını atamın boynuna dolayıb onun qoxusunu içinə çəkirdi. Atam mənə gəlincik hədiyyə edərkən, ailə masası ətrafında əyləşərkən, birlikdə film izləyərkən, atamla anamı “xoşbəxt” görərkən...Bu anı sevirdim, daimi olmasını arzulayırdım.
Amma hərbi sahədə baş verən antikorrupsiya əməliyyatları atamı işindən məhrum etdi. O vaxtlar 10 yaşım vardı. Məktəbdə çoxlu rəfiqələrim vardı. Dərslərimi yaxşı oxuyurdum, qatıldığım müsabiqələrdə mütləq yer tuturdum. Düşürdüm ki, bəlkə də anam sevər məni, heyhat. Ondan ala bilmədiyimi nənəmdən alırdım. Nənəm isə atamı kürəkəni olaraq o qədər də xoşlamırdı, anamın xsəhv seçim etdiyini vurğulayırdı. Anam atama olan sevgisinə görə oxuduğu universiteti yarımçıq buraxmışdı, indi isə ev dustağından heç nə ilə fərqlənmirdi, sadəcə atamın qazancı sayəsində ayaqda dura bilirdik.
Yaşadığımız evi sataraq uzaqlara, heç kimin bizi tapmayacağı yerə köçdük. Atam ona ünvanlanan atmacalardan bezdiyi üçün belə qərara gəlmişdi. Həm adının “rüşvətxor” olaraq hallanması, həm də işsiz qalması onu digərlərinin gözündən hörmətdən salmışdı. Evdən səhərin gözü açılmamış çıxar, gecədən xeyli keçəndən sonra gələrdi. Anam haralarda olduğunu soruşduqda boşqab-stəkanı sındırmaqla anamın səsini kəsdirmiş olurdu. Heç kimi, heç bir tanışı görmək istəmirdi. Qapını döyən qonşuya və qohuma acılayıb qapını üzlərinə bağladırdı. Bəlkə o ərəfədə nənəm atamın rəftarı ucbatından infarkt keçirdib dünyasını dəyişməsəydi, bəlkə də nənəmlə qalmış olardım. Valideynlərim onsuz da məni sevmirdilər.
Təzə evimizi heç sevmədim. Gecəqondu tipində idi. Köhnə evdən heç bir mebel-filan gətizdirməmişdik, yalnız geyimlər. Onsuz da təzə evimizin mebeli, qazı, suyu, işığı var olmasına vardı, amma ürəkaçan deyildi. Ətraf bozumtul, tozlu idi. Bircə anlığa gözlərimin önünə əvvəlki evimiz gəlib durdu. Ətraf yaşıllıqdan təravətlənirdi. Çiçəkləri necə də sevirdim. Amma təzə evimizin ətrafında keçəlləşmiş koldan savayı heç nə yox idi. Məktəb isə çox, çox uzaqda yerləşirdi. Hər səhər 5-də duraraq hazırlaşıb yola düşürdüm. Məktəbə yaxın dükanların birində əl fənəri almışdım ki, qışda qaranlıq yollarda qorxmayım. Təzə məktəb təzə ev kimi xoşuma gəlməmişdi. Heç kimə də ürəyim qızmamışdı. O qədər də həvəslə oxumurdum artıq. Həyatdan küsmüşdüm.
Atam fəhləliyə başladı. Anamı isə qulluqçuluğa məcbur etdi. Evə içkili qayıdarkən anamı döyürdü, mən isə səsləri eşitməmək üçün darısqal otağımda əllərimlə qulaqlarımı qapadıb səssizcə ağlayırdım. Atamın qapını çırpıb evdən gedişini anlayınca cəld otağımdan çıxıb anamın yanına gəlirdim. Əlimi uzadıb onu yerdən qaldırıb divana uzandırmaq istəyəndə mənim rədd olmağını bağırıb əli ilə sinəmdən itələyərək divara çırpırdı. Ağrılarım və göz yaşlarım onun heç vecinə də deyildi.
Dəfələrlə evdən qaçmaq fikrim var idi, amma qorxurdum, birdən mənin taparlar. Əgər gələcəyi görmək qabiliyyətim olsaydı, hər şeyə lənət (!) deyib arxaya baxmadan qaçardım.
Günlərin birində məktəbdən evə qayıdarkən atamı evdə tapdım. Divana yayxanmış durumu ilə məni başdan ayağa süzdü. İyrənc gülümsəmə ilə əlini divanın üstünə qoyub məni yanında əyləşməyə çağırdı. Bir az qorxuma rəğmən gəlib əyləşdim. Məktəb həyatımla maraqlanaraq əllərini saçlarımda, yanağımda, boğazımda, kürəyimdə, qarnımda, ayaqlarımda gəzdirirdi. Qulağıma pıçıldadı: “Bu-bizim sirrimizdır, heç kimə deməyəcəksən.” Və mənə təcavüz etdi. “Əgər desən, əmin ol, hamı səndən nifrət edəcək”lə öz təcavüzünü daha da kobudlaşdırdı. Ağrıdan az qala ikiyə parçalanağımı düşündüm. Atam öz işini bitirib əynini geyinən kimi dərhal məni vanna otağına göndərdi. Ağlım yerində deyildi sanki. Baş verənlər dərk edə bilmirdim. Atam nə etdi? Niyə etdi? Mən...mən...mən...
Duşun altında dayanmağa gücüm çatmadı, əyləşib dizlərimi qucaqladım. Səsimi çıxarda bilmirdim, ağlaya bilmirdim. Qapı onsuz da bağlı deyildi. Atam içəri girib məni qolumdan tutaraq qaldırdı. Qəzəblə sözlərini təkrarladıqdan sonra barmaqlarımı çənəmə keçirdərək elə bərk sıxdı ki, sümüklərimin səsini eşitdim. Tələsik qurulanıb çıxdım. Əlimə aseton və əski verərək divandakı “ləkə”ni tamamilə təmizləməyimi əmr etdi. Mən təmizləyərkən atam da başımın üstündə dayanaraq məni izləyirdi. “Ləkə”yə baxdıqca gözlərim ağrıyırdı. Anam işdən evə gələndə artıq ləkəsiz idi. Anam nəmliyin səbəbini soruşmadı. O axşam anam mənim “ölü” halıma adicə göz atıb heç nə soruşmadı. Həmişə mənim hazırlamalı olduğum naharı özü hazırladı.
Atam məni hər gecə zorlamağa başladı. Məni yuxudan oyandırıb döşəməyə itələyirdi. Çarpayım onun üçün darıxdırıcı idi. Səsimi çıxartmırdım, gözlərimi yumaraq bu əzabın bitməsini istəyirdim. Atam biləklərimi bərk sıxaraq gözlərimi açmağımı tələb edirdi, onun qorxunc səsinə açıb tez də bağlayırdım gözlərimi. Qapalı gözlərimdən gicgahlarıma doğru yaşlar süzülürdü.
Dəfələrlə anama gözlərimi zilləyirdim ki, mənə nə olduğunu başa düşsün. Dilimə gətirə bilmirdim, qorxurdum, utanırdım. Anam mənə vecsiz baxış atıb keçərkən axıtmaq istədiyim göz yaşlarım quruyurdu. Axı necə ola bilər? Məni görməsin? Necəliyimi soruşmasın? “Ana” demək istəyirdim, amma hər dəfəsində rəftarına beynim quruyurdu.
Məktəbə gedib gəlirdim. Artıq 12 yaşıma girmişdim. Qızların sayəsində bədənimdə baş verən dəyişikliklərin nə olduğunu dərk edirdim. Onlar təəccüb içində idilər ki, niyə anam məni məlumatlandırmır. Cavabım “anam məni sevmir” olurdu. Quru şəkildə ağzımdan çıxan sözlər qızları məyus edirdi. Anamdan deyil, atamı məlumatlandıraraq pul alırdım. O da məmnunluğu gizlətmirdi, mənə dəyib toxunmurdu, amma bu-müvəqqəti idi, kabusun davamı gələrkən artıq gözlərimə yuxu getmirdi. Nəfəsimi içəri çəkib onun ayaq səslərini gözləyirdim.
13 yaşımda nəsə baş verdi. Bütün bədənim ağrılardan qıvrılmağa başladı.Hər səhər oyanarkən saçlarım yaş içində olurdu. Sinif yoldaşlarım məni həkimə yönlədirib eşitdiklərindən dəhşətə gəldilər. Mən 3 aylıq hamilə idim. Mənimsə heykəldən fərqim yox idi. 1-2 gün xəstəxanada qaldıqca xəbərim işıq sürətilə yayılmışdı artıq. Anam 2-ci gündə xəstəxanaya hücum edib çiyinlərimdən məni silkələyərək uşağın atasını soruşdu. “Atam” sözünü eşitcək sanki ildırım vurdu qadını. Bir neçə saatdan sonra məni aborta göndərdi, həkimlərin “təhlükəlidir” xəbərdarlığını qulaqardına vuraraq. Heykəl olaraq qalmışdım, heç bir dəyişiklik müşahidə olunmurdu. Axşama yaxın polislər gəldilər. Məndən güc-bəla ilə “ata” iyrəncliyini öyrəndiklərindən “ana söyüşü” ilə dabanlarına tüpürərək getdilər.
Gerisini isə qırıq-qırıq xatırlayıram. Qapalı məhkəmə prosesi oldu, atama sayını dəqiq bilmədiyim iş verdilər, məni isə “dəlixana”ya göndərdilər. Və orada məndən rişxəndlə soruşurdular: “Seksual həzz alırdın?”...
Və budur, 19 yaşım, əlimdə çanta ilə “dəlixana”dan çıxıb evimə doğru gedə-gedə məni “qapalı” xəbərlərdən tanıyanlar mənə “günahkar” gözü ilə baxırlar. Atam haqlı idi. Mən günahkar idim, nifrət edilməli məxluq idim...