Sakit, qaranlıq bir gecənin ay işığında oturub düşüncələrə qərq olmuşdum. Sanki uzun bir yol gedirdim, maşınla gedəndə yol kənarında olan şeylər necə sürətlə ötüb keçirsə, eynilə mənim də həmin an düşüncəm elə idi. Yaşadıqlarımı xatırlayır, getdiyim yolda onlar sanki bir-bir arxada qalırdı. Acılar, kədər dolu günlər, gözyaşları, insanlar - hamısı beynimdə, sanki aktyorların rollarında oynaması kimi həyat səhnəmdə yer almışdı. Bütün bu olanlardan nəticələrimi qeyd edərcəsinə ən başa dönüb təkrar geriyə qayıtdım. Çünki artıq, dediyim kimi, onlar mənim üçün xoş olmasa da, həyat xatirələrimdə yer almış, ömürlük düşüncəmə sahiblənmiş hisslər idi.
Birdən başımı qaldırıb, yerə dikilən baxışlarımı göydəki parlaq Aya yönəltdim. Sentyabr ayının əvvəlləri olduğundan Ay bütöv idi. Dairəvi forması və parlaqlığı insana hüzur verirdi, sanki bütün dərdlərdən arındırırdı, sən də işıq saç deyirdi. Həmin an içimdən yenə bu sual keçdi - MƏN XOŞBƏXTƏM...?
Xoşbəxtlik anlayışını mən fərqli alqılayıram, mənim nəzərimdə xoşbəxtlik insanın özünü, yaşam tərzini buna yönəltməsidir. Xırda şeylərlə bunu hiss etmək mümükündür. Xoşbəxtlik milyonlarda, villalarda, bahalı geyimlərdə deyil. Xoşbəxtlik sakit yaşamdadır, evində hüzurun olmasında, mətbəxində sevgi ilə bişirdiyin yeməkdədir. Aldığın kiçik bir hədiyyədədir - məsələn birinin mənə qələm hədiyyə etməsi. Mənə dəyər verən insanların olmasında, sevildiyimi hiss etməyimdə və ən əsası ürəyimdə olan aşıb-daşan sevgimi insanlara sunmağımdadır.
Xoşbəxt olmaq üçün bir səhər oyanıb şəhərə çıxmaq, insanlara gülümsəmək, gülüş saçmaq, yaşlı birinin və ya azyaşlı məktəblinin avtomobil yolunu keçməsinə əlindən tutaraq yardımçı olmaq kifayətdir. Dəniz kənarında sakit guşəmə çəkilib yeni aldığım kitabı oxumaqdır xoşbəxtlik. Sağlam olmağıma şükr etməkdir, evimdə təzə çay dəmləyib onun qoxusunu içimə çəkməkdir. Mən bunlardan mutluyam, bunlarla həyatımı xoşbəxt sayıram.
Hər insanın həyatında əlçatmaz olan şeylər var, onlar üçün çalışmaq zərurəti yaranır, çünki asanlıqla heç nə olmur. Eyni zamanda əldə etmək istəyib də, edə bilmədiklərimiz üçün üzülmək acizlikdir. Sadəcə ürəkdən istəyərək hər şeyə nail olmaq mümkündür. Həmçinin xoşbəxtliyə də inanmaq və ona sahib olmaq lazımdır. Mənim həyatım dörd-dördlük deyil, natamam o qədər şeylər var ki. Amma mən bu natamamlıqları bir kağıza yazaraq onlardakı yarımçıqlıqları tamamlamaq üçün səy göstərirəm, çalışıram.
İnsanlara sevgi verərək mutlu oluram, dostluğumda fiziki əngəli olan bir insan var. Onunla danışıb, söhbət etdikcə onun sağalmasını görmək məni xoşbəxt edir, realda görmədiyim bir gənc insanı yazım, sözüm həyata bağlayırsa, ona sevinc verirsə, mən mutlu oluram. Çünki bir insanın varlığı bir insanın sevincinə səbəb olursa, deməli, burada insanlıq var.
Yolda gördüyünüz bir körpəni sevin, başına sığal çəkin, bir yaşlı qadının üzünə gülümsəyin, insanlara gülüş bəxş edin və bununla mutluluğu dadın. Əslində, bunları etməklə özünüzü xoşbəxt etmiş olursunuz. Sevin, daima daha çox sevin, mən sevginin ən ağır xəstəni sağaldacağına, həyatdan küsmüş birini yenidən həyata qaytaracağına, depressiya modunda olan insanın sevgiylə yaşama sarılacağına inanıram və əminəm. Həyatdakı ən güclü müalicə sevgiylə olandır.
Bəli, sualıma dünən gecə dəqiq bir cavab tapdım. Mən xoşbəxtəm, mən mutluluğun dadını duyuram. Sevdiyim üçün, sevildiyim üçün xoşbəxtəm. İnsanları, quşları, bitkiləri, bütün canlıları sevirəm, fəsilləri sevirəm, ayları, həftələri sevirəm.
Yaşamı sevirəm!
Sevgiylə qalın...
Aysel Abdullazadə