Gəzdirdiyim bu yad kimdir cəmiyyətin içində?!
Bu gün sordum öz-özümə sükutda tənha ikən
Depressiya ilk diaqnoz idi on beş il əvvəl,
İndi yüz cür sindromda itmişəm üstə gələn.
Sarılmağa ruh axtarır, ya sıxmağa bir cüt əl
Səhv zamanda, səhv məkanda cismani doğulanlar
Balıq olsa, suda belə boğularlar şairlər
Bu səbəbdən, həyatı da yaşaya bilmir onlar...
Kimlər geri çevirmədi, döndü üzlər, yadlaşdım,
Yadlaşdıqca unuduldu dəyərli çağırışlar
Bir gün baxıb gözlərinə utanacamsa əgər,
Bil ki, hədsiz yorulmuşam, məni mənə bağışla...
Bəlkə də ən son anımda keçəcəksən önümdən,
Bəlkə bir gün yaşamın da canlandığı bir anda
Sən ömründən bir şair də keçmişdi deyəcəksən,
Bir şairsə öz ömründən keçəcəkdir bu yolda
Hisslərimdə savaş gedir səsini dumadığın,
Özülümdən öz ruhuma min cürə çağırış var
Bu tükənməz qarğaşada duya bilməzsəm səni,
Bil ki, hədsiz yorulmuşam, məni mənə bağışla
Mən hələ də keçmişimdə durmadan hey qaçıram,
Demək, ölmür yaşam boyu arzuların əzəli
Qanadlanan balıqları görürəm ara-sıra
Gün gələcək, bürüyəcək Urmiyanı, Xəzəri...
Bu andaca bitsə ömür, mirasım tək arzular
Ruhum doyub, fikir donuq, göz də açılmır görə
Bilmədiyim bircə şeyə üzülərəm sadəcə:
Səni bütöv vətənimdə sevmək necə hiss görən?!
Sən də geri çevirmisən, döndü üzün, yadlaşdım,
Yadlaşdıqca unuduldu dəyərli çağırışlar
Bir gün baxıb gözlərinə utanacamsa əgər,
Bil ki, hədsiz yorulmuşam, məni mənə bağışla...