Mənim Vivim paralellərdə
1
Qəfil qaranlıq çökdü, nazik qırmızı işıq seli düz xəttlə yayıldı.
– Görmürsən oxuyuram, axmaq !!! – deyə əsəbi səsləndi.
– Mən də tədqiqat aparıram. – soyuqqanlı, kobud səs eşidildi.– Görüm atam bu şəklin nəyinə bu qədər ödəyib? Bunu kim desən çəkə bilər. Nədi axı bu onu belə maraqlı, bahalı edən ki, atam kimi kolleksiyaçıları toruna sala bilir? Kişi zərrə qədər heyfsilənmədən pulu göyə sovurur, səfeh cızmaqaraya xərcləyir – zəif bədənquruluşlu, seyrəksaçlı gənc arıq, sümüklü barmaqlarının arasında kiçik, işıq seli mənbəyi lazeri hərəkət etdirir, nöqtəşəkililli al kölgədə rəsmin kiçik fraqmentlərinə çox diqqətlə baxırdı. Səsi yaşından xeyli yaşlı birinin səsinə bənzəyirdi.
– Bəlkə dəli dahi qəlbinin vərəqə eşqinin mücəssəməsidir? –dedi. Sonra isə “Bu cümlə yaman dramatik oldu.” əlavə edərək öz cümləsinə özü güldü. Səs iri yarımdairə otaqda əks– səda verdi, qulaqlarda cingildədi. – Müəllifin inisialları yazılıb? Bəlkə, hansısa məşhurun sifarişi ilə çəkilib? Yoxsa birrəng, solğun, nə olduğu məlum olmayan rəsmdi də! – dedi.
Bayaq qardaşına acıqlanan, qara saçları kürəyinədək uzanan qız cəld oturduğu yerindən qalxdı. Diqqəti rəsmdəydi. Dizləri üzərindəki kitab döşəməyə düşdü, üz qabığın sonuncu səhifəyə yapışırılmış hissəsi qopdu.- Ufff, deyə narazılıqla şikayətləndi, başqa heç nə demədisə də acıqlı baxışları ilə məzəmmətlədi.
– Elə baxma! Kitabı yerə salan mən yox, səndin.
– Ardıcıl verilmiş yüz sualın beynimi qarışdırdı, fikrimi yayındırdı. – əllərini sinəsində çarpazladı. Boz jaketin qolları barmaqlarını yarıyadək örtürdü.
– Anlamıram səni. Elektronikanın, texnikanın bu cür inkişafı dövründə də yabanı meşə gözətçilərinin doğranmış qalıqlarından oxuyursan. Səhifələri asanlıqla projektorla divarda işıqlandırıb oxuya da bilərsən. Təbiət– bitki, heyvan keşikçisi, vegeterian, bacım!
– Sən çevrilən vərəqlərin xışıltısını duya bilməzsən. – barmaqları ilə ortadan ayrılmış saçlarının sağ yarısını qulaqlarının arxasına yığdı.
– Aha, şəxsi mənafe. Zövq. Təbiət yada düşmür. Sözlərdə təbiəti qorumaq cəhdi, sözlərdə onilliklərdən bəri su altda qalmış quru landşaftın qorunması! – gənc gizlətmədiyi aşkar istehza ilə davam etdi. İndi o rəsmdəki, sağ aşağı küncündəki kiçik çata baxdı. – Ehtimal ki, başqa rəsm yoxdu, boya qatının altındakı da adi parçadır. – Ağzı narazılıqla sağ tərəfə büzüldü.
– Kətan, parçanın adı kətandır. – Viola düzəliş etdi. – Neçə onilliklərdir ki, kökü səsilib, heç yerdə bitmir. Bir neçə arxeoloq torpaq altda qalmış uçqunlar arasından kətan toxumları tapıblar. Deyilənə görə əczaxanaymış. Sənin araşdırmana gəldikdə isə nə tapacağına inanırdın ki, səfeh. Səncə indiyə kimi heç kəs sənin ağlına gələnləri fikirləşməyib, hə?
– Lap eynəkli, zəhrimarsifət, ciddi, həyatdan heç bir zövq almayacağını təxmin etdiyim elm adamları kimi dedin. – gülümsəyərək dedi.
Qız ona məhəl qoymadan divardakı digər tablonu göstərərək davam etdi :
– Bəyənirsən bunu? Məhşurdur deyə, şedevr hesab olunur deyə yox. Rəsm kimi xoşuna gəlir? Zövqüncədi? Əli indi fırça, palitraya alışmış birinin əsəri olsaydı divarından asıb tamaşa edərdin?
– Yox. Qoy incəsənətdən başı çıxmayan sonuncu qanmaz adlanım, amma mənim hər gün səhər gözümü açanda, yaxud şam edərkən, layihəmi ərsəyə gətirərkən başımı qaldıranda görmək istədiyim rəsm deyil. Məşhur, gözəl, peşəkar yaradılmış və xoşa gələn tablo fərqli anlayışlardır.
– Hmm, əqillə, etalonla ideal hesab olunanlar da könül, göz oxşamaya bilir. Yəni rəsmin bahalı, məşhur olması, məncə, bir az da şans məsələsi ola bilir. Ya da onlar da illərlə köhnəlməklə qiymətlənmiş şərabtəki dəyər əldə edir. Bəlkə də daha oxşarları olmur, fərdilikləri onları sənət əsəri kimi zirvəyə qaldırır. Bu rəsmdə də nəsə var. Mənə elə gəlir ki, hətta onu əvvəlcə haradasa görmüşəm. Ya da tarix elə bir iti gözlü kolleksionerdir ki, əvvəllər rastlamadıqlarını, yeniləri unutdurmur.
Gənc:
– Buralarda haradasa görmüşdüm,– işıq seli çərçivə boyunca dolandı. – Müşfiq. Budur. Nə qəribə addır. Milliyəti nə imiş görən?
– Heç eşitməmişəm. Gərək netdə baxam . – Vivi nəzərlərini tablodan çəkmədən pıçıldadı: Müşfiq.
2
Viola
Növbəti günlərdə maraqlandım. “Adsız şəkil” adlı tablonun müəllifi Müşfiq: azərbaycanlı imiş, Qafqazda Azərbaycanda 2000– ci illərdə yaşayışmış. Rəsmi də 22 yaşlarında çəkdiyi bir neçə tablodan biri idi. Çəkdiyi şəkilləri əsrarəngiz edən dörd bir tərəfə çevirəndə ayrı-ayrı rəsmlərə bənzəməsidir.
Divarımızdakı tablo asıldığı şəkildə çiynində plaş, qüssəli qocanı xatırladır. Baxış bucağını dəyişsən qanadlı kəpənəyə də bənzəyər. Tablonu 90 dərəcə çevirsən, bu dəfə oturacağı xatırladar, bir də 90 dərəcə çevirsən insan sümüklərindən birinə bənzəyər. Bir də çevirsən sanki bir neçə yarımarmuda bənzər fiqur birləşib. Həmin fiqur da milli naxışmış– buta. Rənglər də əsərin müəmmasını bir az da artırır, fərqli spektrlərdə fərqli rənglərdə görünür. Bir neçə rəsmdə sağ aşağı küncdə daha fərqli imza diqqətimi çəkir. Bəzilərində mənim heyrətimə səbəb olan bir ad da vardı – Viola. Adaşımın olma ehtimalı mümkündü, amma xətti eynilə mənimki kimiydi. O da mənim kimi V-nin ucunu ikiqat bururmuş, hərfləri məsafəylə yazırmış. Ağıldankəm olduğumu deyən olmasaydı “Mən yazmış ola bilərəm.” deyə düşünərdim.
Tablolardan birində üzü görünməyən bir qızın zolaqlı şərfi eynilə mənimki kimi idi.
Küçənin döngəsində səkidə oturmuş, plaşı yer süpürən həmin qız məndim!
3
Gözlərini yumdu. Yuxuya getməyə çalışdı. İndi ancaq yerinə uzanandan sonra necə yorğun olduğunu hiss etdi. Ağrıdan indicə qopacaq ayaqları sızıldadı, oynaqları xırçıldadı. “ Sənə də qalmaz “ mahnısına qulaq asmağa başladı. Maraq dairəsi geniş olan Viola üçün “ölü “ latın dilini öyrənmək, esperanto ilə maraqlanmaq, Azərbaycan dili ilə fərdi məşğul olmaq təəccüblü deyildi. O, gənc rəssamın tabloları ilə maraqlanandan sonra azərbaycanca bir neçə mahnıya qulaq asdı. Bu dildə mahnıya qulaq asmaq xoş gəlirdi, qulağa yatan dildir. Fonda Rəşid Behbudov oxuyurdu: “Könlüm sənin əsirin, qəlbim sənindir, yar “Yaxşı, qəlb, yar nə deməkdir? E, kimdir, bir də yerindən qalxan, tərcüməni axtaran, ya da bloknota bilmədiyim sözlər siyahısına yazan. Viola, beynini söndür, qoy ancaq melodiyanın ahəngi damarlarında dolansın. Başa düşdüklərini anla, digərlərini isə bilməsən belə eşitdiyini təkrarla. İcazə ver, xəyal aləmin səni uzaqlara aparsın.
“Gedər bir gün bu gözəllik, sənə də qalmaz.”
Şirin gülümsəmə simasında oynadı: Onsuz qəşəng deyiləm.
Ona qısa boylu demək olardı. Uzunsov pişik gözləri vardı.
Minillikləri geridə qoymuş Yer Dünya okeanı indi torpağı daha çox bağrına basmışdı, az qala boğulanadək qucaqlamışdı. İqlim rütubətli olmuşdu. İnsan nəsli uyğunlaşırdı, hər gün bir az daha çox təbiətin çaldığı musiqi ilə rəqs edirdi.
Qurunun əksər hissəsinin su ilə örtülməsi quru dəri tipini tarixə çevirmişdi. Döş qəfəsi bir azca daralmışdı. Nədənsə kişilər qadınlara nisbətən daha çox dəyişmişdilər.
“Daha bir neçə ay və daha sərbəstliklə bu dildə danışa biləcəyəm, amma kiminlə? – deyə düşündü.
Gözlərini tavana zillədi, fikirləşdi: “Keçmişdə texnika bu qədər inkişaf etmədiyi, insanların bir – birinə bu qədər soyuqlaşmadığı, əl zəhmətinə xarıqələrin yarandığı dövrdə yaşamaq istərdim. Keçmiş insanın düşüncə və mənəviyyətı bu günkündən nə dərəcədə fərqlidir?
Səs, melodiya sonsuz Niltəki axıcı,qırılmaz,sakit və hüzurdoludur. Öz-özünə zümzümə etməyə çalışdı. Heç nə alınmır.
İndi də “Əziz sima” səslənirdi. “ Mən qəlbimi hər gözələ
vermərəm inan “ – deyirdi ifaçı.
“Bir azca fantastik mahnıdı “ – deyə qımışdı. Belə sədaqətli gənc varmı heç?!
Sükut.
“Hə, bu gün də məşqlərə davam, yenə cəhd edim görüm “ –
deyə fikirləşdi.
“Sakit Viola, sakit. Vücudunu kənardan izləmək maraqlı olacaq. Ruhun cismani sərhədi aşa bilsə...”
4
Viola
Sizə biri haqqında danışacağam. Dahi istedadı olub, dahi ruhu olmayan, meşşan həyatının qanunlarına tabe olmağı ən böyük uğur hesab edən birindən. Bir vaxtlar özünü hələ də anlamamış, mənim əksim olub, lakin onsuz bacarmadığım birindən.
Hündür, sütünlü zal, 300 nəfərə yaxın tələbə, xışıldayan, çevrilən vərəqlər, öyrənilən yaxud oxunan materiallar, beyinlərdə xəyallar, yenicə bir-birinə aşiq olmuş baxışlar, masalarda fərdi lampalar. Zalın lap o biri başında rəflər, rəflərdə tarixlər, dünyalar.
Ayaqlarımda idman çəkmələrim, əl işim, rəngli qolbaqlarım, brezet rükzakım. Budur, bir ilə yeni mühitə,
cəmiyyət həyatına uyğunlaşmış Viola, yəni Əsmər. Bu haqda onu deyək ki, musiqi dinlədiyi gecənin sabahısı o, sarışın Viola deyil, Əsmər kimi oyandı. 2016-cı il. Bu tarix onun üçün çox keçmiş idi, texnika geri qalmışdı, insanlar canlı tarixdilər.
Azərbaycanca danışırdılar, amma ilk günlər anlamaq çətindi, sanki müvazinətini itirmişdi, ətraf dolanırdı, necə davranacağını bilmirdi, ənənələrə bələd deyildi, gözləri olan kor kimiydi. İnsanlarla arasında sözlərdən hörülmüş sərhəd vardı, ilk aylar aşılması qeyri – mümkün görünən. Anlamadığı sözlər, cümlələr beynini yorur, başını götürüb qaçmaq istəyirdi, ya da dinləməmək. Nə qəribədir, bir neçə hərf
birləşməsi, fərqli sözlər insanları uzaq salır. Fərqli ənənələr kimi.
Nəzərləri boş yer axtarışında dolanır və tapır. Zalın lap o biri başında divar tərəfdə qız, oğlan oturub, ortada bir yer boş, kənarda isə başqa bir oğlan başını səhifələrdən qaldırmadan oxuyur. Birbaşa həmin yerə istiqamətlənir, rükzak yerlə tanış olur. Şirkət müdirlərinin kreslosuna bənzər iri, rahat kresloda oturur. Axundov kitabxanasını bu kreslolarına görə sevir.
Magistraturaya Fəlsəfə fakültəsinə hazırlaşır. Bir müddət, geri dönüş yolunu tapanadək daha istiqanlı temperamentli insanların məişətində yaşamaq, zaman kəsiklərində, məftilli sərhədlərlə ayrılmış, lakin eyni cür ağlayan, gülən, qayğıdan, xoş sözdən təsirlənən, tarix boyu hissləri dəyişilməyən insanların, fərqli ənənələrin şahidi olmaqdan zövq almaq gərəkdi.
“2 saat vaxtım, həll olunmalı 100 “Qatlama, kəsmə məsələm var, – deyə düşündü. Onsuz kitabxanada oturub oxumağa uzağı 3 saatdan çox səbri çatmazdı. Tənbəl olmasa evdə oturub isti, buğlanan çaydan içə-içə rahat oxuyardı, amma kresloları yaman bəyənirdi. “Bu cür kresloda dizlərini büküb oturasan, kitab da dizlərinin üstündə. Bir şərtlə ki, kənar baxışlar səni narahat etməyə. – deyə düşünərdi. Çantasından
çıxardığı qalın kitabı masanın üzərinə qoymaq istərkən qəfil əlindən sürüşdü, bir neçə baş maraqla ona tərəfə çevrildi. Bir stul məsafədə oturmuş onun nəzərləri də həmçinin. Nüfuzedici, sərt baxışlar, ciddi sima. Dirsəklərini kitabin kənarlarına dayayır. “ Bir səhifədə bu qədərmi söz olar ki, oxuduqca bitmir, bitmir, bitmir. “ deyə ağlından keçirir. Ovurdlarını hava ilə doldurub “ Uffffff “la gileylənir. Bu dəfə o, ətrafa boylanır ki, sükutu pozması kimisə narahat etmədi ki, kiminsə simasından narazı ifadə oxunmur ki?
Sağda oturmuş oğlan sol əli ilə gur saçlarını qarışdıraraq sağ əlindəki qələmi stolun üstünə “Sakit ol.” deyərmiş kimi döyəcləyir. “Zəhlətökən, burdan bura özümə “ Sakit. “ deyə bilmir ki, guya? Biabır oldum. “ Əsmər oğlanın vərəqinə baxdı, ətraf başdan ayağa düsturdolu vərəqdi, amma başı cızmaqarasına qarışmışdı. “Camaatın qayğısına qalırmış! Heç özü oxumur ki. Zəhlətökən!” Əsəbini, sözlərini cilovlaya
bilməmək çox başını ağrıtmışdı, amma “ Axırınci dəfə də ... fikri ilə bayaqkı fikirlərini “ qayğıkeşə “ deyəcəkdi ki, qaralama ikinci dəfə sanki “ Bax mənə. “ dedi . Necə olmuşdu ki, tanımamışdı? Bəlkə də, bir il əvvəlki günlərdən sanki əsrlər keçmişdi ona görə. Çünki... Viola illər sonra atasının bir ətək pul verdiyi rəsmin müəllifi ilə yanaşı oturmuşdu. O, indi Viola gördüyü şəkillərdəkindən daha cavandı, yaşına
uyğun olmayan sərt siması vardı, eləbil mülayim görünməsi üçün mütləq gülümsəməsi gərəkdi.
– Çəkdiyini mütləq kətana köçür. – özünə hakim kəsilə bilmədi, səsində canıyananlıq, maraq, köhnə tanışını görmüş adam şövqü vardı.
– Bəlkə sakit olasan və ağıl öyrətməyəsən, gələndən bir test belə həll elədiyini düşünmürəm. Ekssentrik görünüşün çətin ki, başına ağıl qoysun. – səsində buz kinayəsi vardı.
Viola necə oldu ki, əsəblərini cilovlaya bildi, səsini zərrə emosiyasız tənzimləyə bildi, özü də anlamadı. Həmişəki Viola qışqırardı, kövrəlib dolardı, ya da buludlu səma təki tutulub susardı, lakin bu dəfə:
– Rəsminizə bu qədər yüksək dəyər verdiyim üçün zövqsüzlüyümü üzrlü hesab edin! – Səsindəki meydanoxuyan ton cümləyə nida qoydu.
Gəncin simasından durğunluqmu, məyusluqmu kölgəsi keçdi aydınlaşdıra bilməsə də, bu, Violanın xoşuna gəldi. Qalxdı, əşyalarını götürüb cəld yerini dəyişdi, zalın lap o biri başına.
– Sizə bir üzr borcluyam. Nəzərə alın ki, heç kimdən üzr istəmirəm. – kimsə arxadan səslədi. O idi.
– İkinci cümləni deməsəydiniz bəlkə, üzrünüz qəbul olunardı. Sağ olun! – deyərək uzaqlaşdı.
Yeni yaşayışında heç dostu yox idi, sevdiklərin olan yerdən birdəfəlik gedə bilmirsən, həmişə geri dönə bilmək arzun olur.
Viola qayıtsa dönə bilməzdi, bir parçasını sevdikləri ilə bərabər bu dünyada da qoyub getmək istəmirdi. Yolun sonu əzabdırsa, yaxşıya ümid edib korkoranə getmək ağılsızlıqdır və nəticə arzuolunan kimi deyilsə, sən həmişə yolun başlanğıcına can atırsan. Amma bu gənc-Müşfiq onun öz dünyasında da
rəsmləri ilə vardı. Köhnə tanış idi, sanki onunla bərabər o da bu dünyaya gəlmişdi. Nədənsə Violaya elə gəldi ki, ona etibar etmək olar. Bəlkə də tablosu evlərində divardan asılmışdı deyə.
5
Bəzi səslər var, kobud, yad səslənən getdikcə doğmalaşan, hər an eşitmək istədiyin. Violaya elə gəlirdi ki, o da Müşfiq üçün əzizdir, ağlının bir bucağında həmişə bir küncü var, ad günü qonaqlığında Violanın də adına stul olacaq, Violanın hədiyyəsi ən gözlənəndi. Amma deyilmiş...
Bütün günü rukzakında daşıdığı hədiyyə akril boya dəstinin ağırlığından yorğun düşmüşdüsə də hədiyyəsinin necə yerinə düşən olduğunu, onu sevindirəcəyin, ən əsası onun necə təəccüblənəcəyini fikirləşəndə addımları qeyri-iradi daha yüngül olurdu, üzündə qışda peyda olan günəş təbəssümü yaranırdı. Amma Müşfiq günlərdən bəri ad günü planları haqqında danışsa da, bu gün qurbağa gölünə daş atılmışdı sanki, Violaa onu təbrik edərkən, “ Bu gün kitabxanadan tez çıxırıq eləmi? “ deyərkən elə bil ki, bir anlıq üzündə xəcalət izi göründü, gülümsəmə ilə bunu gizlətməyə çalışdı. Heç nə olmamış kimi “ Hara tələsirsən, Vivi? Gedəsi yerinmi var? “
– Hə, ad günü tortu yeməyə gedəsiyəm – dedi.
– Onun baxışları qəribə tərzdə dondu, susqunlaşdı, başı kitab səhifələri arasında itdi. Viola səbəbini anlamadı.
– Onsuz son vaxtlar dəyişilmişdi. Onun ötkəmliyi, biçimsizliyi, haqsızlığa qarşı səbirsizliyi, tez özündən çıxaraq etiraz etməsi, ruhundakı azadlığı, kimdəsə yaxşı təəssürat yaratsın deyə hisslərini gizlətməməsi, hə, bir də kitab oxuyarkən barmaqlarını saçında dolandırması xoşuna gəlirdi. Amma son vaxtlar sanki özünü kiməsə valideynindən özünü yaxşı aparsa Yeni il hədiyyəsi vədi almış uşaqsayaq bəyəndirməyə çalışırdı, saçları həmişə səliqəli olurdu, qeyri –iradi onlara can atan barmaqlarını cəzalandırmaq üçün əllərini yumruqda pərçimləyirdi. Üzündə qəribə mülayim baxış sakitcə kimisə gözləyirdi. Viola fikirləşirdi: “Onu görəndə mülayimləşən üzündəki bir cüt göz xəyallar, eşq səbəbli parıltı ilə mənə baxa bilərdi. Ona baxanda gözləri o qədər həyatdolu və canlı olurdu ki... (“Viola hərdən” Həqiqətənmi belədir, ya
mənmi çox böyüdürəm” deyə fikirləşərdi.) Ona mənə baxmasını arzuladığım kimi baxır, lap sədəqəyə möhtac səfil kimi, həkimin təyin edəcəyi məlhəmdən asılı xəstə kimi. Axı niyə mənim onun kimi sarışın saçlarım və masmavi gözlərim yoxdur. Niyə mən o olmadım ki, məni sevsin. “ Hə, dəyişilmişdi. Çünki, əvvəlki o, “ Bağışla, ancaq Ayla gəlməyini istəmir, qısqanır, məncə, bir müddət emalatxana layihəsinə də fasilə versək yaxşı olar. Təkcə, Aylanı günahlandırmaq da düz deyil, bilirsən, sən qəribə qızsan, heç əsl adını da bilmirəm sənin, daxilinə qapanıqsan, susqunsan, ünsiyyətə can atmırsan, ehtiyac duymursan, səni dostum kimi təqdim eləsəm dostlarıma mənim dostum olduğunçün gözlədikləri kimi istiqanlı davranmayacaqsan. Tərzin də bir az fərqli olmasaydı.“ deməzdi. Səsində sanki üzrxahlıq gizlənmişdi. Viola özünə nifrət elədi, nə qədər fikirləşdisə də, bir müsbət cəhətini, sevilə biləcək bir xüsusiyyətini tapmadı.
– Sən də evə get. Hava çox soyuqdur. Mütləq sabah qar yağacaq.
– Guya qayğıma qalırsan? Saxtakar! – deyə səssiz qışqırdı, uzaqlaşdı oradan, qar uçqununun altında qalmış kimi çiyinlərində ağırlıq hiss edirdi. Üşüyürdü, sanki suyun dibindəydi və təzyiqdən, havasızlıqdan nəfəs almaq mümkün olmurdu. Ay yarım əvvəl akril boya dəstini online sifarişdən sonra 2016-ların texnoloji geriliyinə məzəmmət edirdisə, indi “Kaş gəlib çıxmayaydı.”– deyə düşündü. Yaxınlıqdakı skamyanın yanından keçərkən əyləşmiş cütlüyə rastladı. Oğlan qızın çiyinlərini qucaqlamışdı. Viola ürəyində “ Bərk qucaqla, yoxsa qaçar. “ – dedi, özü də təəccübləndi ki, bu qədər qarışıqlıqda
sevgililəri zəhərlə məzəmmətləməyi də yadından çıxarmayıb. Bir neçə addım uzaqlaşandan sonra növbəti dəqiqədə yeni tablolara çevrilə biləcək boyaları yaxındakı zibil konteynerinə atdı. Onları ona hədiyyə etməzdi, çünki, onları tapıb sifariş vermək üçün kifayət əziyyət çəkmişdi. Müşfiq özünü bu qədər dəyərli bilməsə yaxşıydı. Emalatxanalarına da apara bilməzdi. Dünən Müşfiq “Sessiya müddəti emalatxana işinə də bir müddətlik fasilə verək. “deməmişdimi? Boyalar “ Sərbəst emalatxana”ları üçün ilk müddət üçün lazımı rənglərin bir hissəsin təşkil etməzdimi? Sərbəst emalatxana Müşfiqin rahat işləməsi, həvəskarların boş vaxtlarında kətanda cızma– qara edə bilmələri, insanlarda incəsənətə maraq, duyum yaratmaq üçün yaradılmamışdımı? Mehman deyirdi ki, incəsənəti duyan adam həyatı bütün boyaları ilə duya bilər, qəlbin hərarətinin müəyyən axın istiqaməti olmalıdır ki, həyata tutunasan. Buralarda kətana istənilən boyanı sürtsən artıq sənət əsəri hesab olunar. Modernizm hər kəsə rəsm çəkməyə imkan verir, amma tək-tük sayseçmələr seçilə bilər. Necə ki deyirlər a “Mənalı, qısa nitq söyləyənlər ən ağıllıdırlar. Ona bu haqda “Aydındır ki, bir impressionistin tablosu daha çox rəssamlıq bacarığı tələb edir. “ deyəndə zarafatyana “ Görürsən ki, başın çıxmır. Ustadla mübahisə eləmə “– deyərdi.. Məgər özü ilk əvvəl qazanc üçün kətana boyaları yaxmırdımı? Ona eşitdiyi nümunəni situasiyaya uyğun qurub quraşdırıb “ Pula görə çəkmək sevgiyə deyil, maddiyata əsaslanan nigaha bənzər “, “Meşşan ruhuna bir az dahi divanəliyi ədviyyatı qat.”
deməmişdimi? Qətiyyən razılaşmaq istəməsə də ani durğun baxışından ona haqq qazandırdığını bilirdi. Həmişə özü özünü ələ verirdi, heç cinayətkar ola bilməzdi. Yaman meşşanıydı. Bir dəfə bəzəkli boz, ağ daş döşənmiş mərkəzi küçələrlə gedərkən qolundan yapışıb dükana sürümüşdü onu. Tünd-qırmızı bereti başına qoymağa çalışaraq “Gur saçlar beretlə sənə əsl rəssam görünüşü verəcək. “ demişdi. O da kimsə görər deyə tez bereti yerinə qaytarmışdı. “Bu zolaqlı şərfin yaman qəşəngdi. Şərfin şərəfinə portretini
çəkimmi? Fonda sən də düşərsən “qəhqəhəsi ilə deməsi ilə Viola İçərişəhərin dar küçələrində saatlarla döngədə daşın üstündə oturmamışdımı? “ Rəsm hazır olanda Müşfiq fırçanı ona uzadanda ki, “ Sən də adını yaz. “ Viola da qol çəkmişdi. Evlərindəki tablodakı ikinci imza həqiqətən öz imzasıydı.
Aylanın gəlişi ilə gələcək üçün yeni xatirələr yaranmırdı. Violanın dünyasının mərkəzi o, onunku Aylaydı.
6
– Nəsə yaman fikirli olursan son vaxtlar, ağzını bıçaq kəsmir, – Müşfiq artıq neçənci dəfə soruşurdu.
– Əgər desəm ki, paralel dünyadanam inanarsan? Viola isə əsl adımdır.– Viola dedi.
– Necə bacarmısan bunu? – Müşfiqin səsində maraq, təəccüb, həm də təlaş sezilirdi.
– Deməli, inanırsan mənə?
– Əgər bunu necə bacardığını desən inanaram.
– Bilmirəm, bilmirəm bu, necə baş verib. Məncə, nədəsə səhv olub. Susdu. Müşfiqin gözündəki bayaqkı maraq işartısı söndü, "Zarafat eliyirsən." ilə cavabladı.
Dialoq çox qısa çəkmişdi. O, əlavə suallar verməmişdi.
İlk dəfə ona rastladıqdan sonra yeni dünyadakı soyuqqanlığından əl çəkmək, yenidən sevinmək, insanlara qarışmaq istəmişdi. İnam, ümid işarmışdı. Zərrəsevinc ümidi dahaalovlandırmışdı, "Dəyərliyəm" illüziyası yaratmışdı. Qəfil gün çıxmaqla itən səhər dumanı kimi yox olmuşduş Bəlkə də şüurunu sevinc, xoşbəxtlik fikrinə təslim etməməliydi.
"İmtahana neçə gün qalıb" soruşanlardan, ətrafdakılardan, bu dünyadan qaçmağın bir üsulu olmalıydı və Viola bu üsulu tapdı. Bir halda ki, geri qayıda bilmir, onda ... Müşfiqə söylədiklərinə hallyüsinasiya donu geyindirdi, səslər eşitdi, psixiatra bunlara evdəkilərə danışdığı əminliklə danışdı. Deyəsən, onu inandıra bilmişdi. Ürəyində “ Bu axmaq həkimləri aldatmaq yaman asandır. “ fikirləşmişdi.
Xəstəxanada qaldığı müddətdə dərman təyin olunmaması təəccüblüydü. Necə ola bilərdi axı? Geri -gələcəyə dönmənin bir yolu olmalıydı. Əslində bir fikir ağlından keçirdi, amma Əsmərin vücuduna xəsarətə Violanın haqqı çatırdımı ? Yox! Bəs qızını şəhərə oxumağa yollayan, kənddə hər gün onun üçün narahat olan valideynlərinə xəstəxanada bu cür oyunlar oynamağa?
Düşüncələrindən Müşfiqin gəlişi ayırdı. Üzünə mümkün qədər donuq ifadə verməyə çalışdı. Sanki onu gördüyünə heç sevinmədi də. Oturduğu stuldan tərpənmədi. O stulun qarşısında dizləri üstə oturdu.
– Yaxşısanmı, Vivi? – deyə saçlarını üzündən toplayaraq soruşdu. “Baxışların sanki uzaqlardayam deyir. Mənim Vivim paralellərindəmisən? “ – deyə Müşfiq öz-özünə dedi.
– Sənin Vivin səni çox sevir, – dedi. İndiki vəziyyət ürəkdəkilərini çəkinmədən deməyə imkan verirdi və Viola bu fürsətdən mütləq istifadə etməliydi. Çünki, ürəkdə qalan, deyilməmiş sözlər əzab verir. Sonra “ bəlkə “adlı illuziya qalır. Söylədikdə əhəmiyyətli olmasa, nəyisə dəyişmək gücü olmasa belə “Bacardığımı etdim “ təsəllisi qalır, hüzünlü, lakin rahat olur qəlbin.
Müşfiq bir kəlimə belə demədi. Viola də susdu, sual beynində həlqə cızdı. “Niyə, niyə gözlərindəki qarşılıq verə bilməmə məyusluğu ilə əllərindəki nəvaziş bir-birinə bu qədər uyuşmur? “İstəmirdi ki, o getsin. O, özüylə bərabər məişət bayağılığına davamlılığı gətirmişdi. İndi biri üçün səhər yeməyi
hazırlamaq, iki insanın adi fəlsəfəsiz mülahizəsinə qulaq asmaq əvvəlki tək dözülməz deyildi. Amma o getdi. Heç nə demədən. “Gələn görüşədək” söyləmədən.
Həmin gün çox fikirləşdi, geri dönmək üçün evlərindəki həmin gecə kimi fikrini topladı. Amma əbəsdi.
7
Divardan asılmış tablonu çıxardı. Evdə kimsə yoxdur. Tablonu kül edəndən sonra yəqin bir plan qurub, çulunu sudan çıxara bilərdi. Çətin olacaqdı, atası bu tablonu almaq üçün çox xərcə düşmüşdü. Bu, məsələni qəlizləşdirirdi. Amma yüksək yaradıcılıqla yanaşıb nəsə tapmaq olardı. Bunu tablonu yandırandan sonra da etmək olardı. Bacarmadı. Tablonu yandırmaq Müşfiqin ruhunun bir hissəsini, bərabər xatirələri yandırmaq demək idi. Tarixə onun adını unutmağa yardım etmək idi. Məhəbbətinə xəyanət idi. Sevdiyin kişinin övladını bətnində öldürmək kimiydi. Hər gün rəsmi görmək dözülməz olsa o tablo həmişəlik o evdə qalacaqdı.
Bu gün doğulduğu dünyaya qayıtdığı 27 gün idi. Dönüşə dəfələrlə uğursuz cəhddən sonra bir dəfə təsadüfən bacarmışdı. 27 gündə onun bir gün belə ağlından çıxmamasına görə divardakı əsəri günahlandırmışdı. Amma qəbul etməliydi. Heç vaxt rastlaşmayacaqdılar.
8
Bayram yarmarkasında nələr tapmaq olmaz ki. Şüşədən mürəkkəb qələmləri və bir də masada “ Fikirlər dəftəri “vardı. Nədənsə azərbaycanca “ Necəsən? “ yazdı vərəqə. Həm hər kəs başa düşməyəcəkdi, həm də bəlkə kimsə cavab versə, bu dildə dialoq qura biləcəyi birinin olduğu aydınlaşacaqdı. Qadının yazdığına maraqla baxmasına gülümsədi. Piştaxtadan iki addım uzaqlaşmışdı ki, kimsə onu səslədi:
– Xanım, “ Necəsən? “i siz yazmısız?
Bu dəfə həqiqətənmi səslər eşidirdi, ya səs həqiqətənmi Müşfiqin səsi idi? Yanıldığını təsdiq üçünmü çevrilmək istəyirdi, ya darıxdığı üçünmü? Görən bu həyatında kimdir, dəyişibmi? Mümkün idimi ona yenidən rastlamaq? Çevrilmədən yoluna davam etmək, heç tanımamaq, yola çıxmamış geri dönmək ən düzgünü deyildimi? Son bir dəfə ...? Yoxsa?
“Bir neçə saniyələr ... sən qərar qəbul etməlisən. “
23.01.2017