Ağıl öyrətmək, öyüd - nəsihət söyləmək, məsləhət vermək indi ən dəbdə olan nəsnələrdəndir. Yuxarıdan aşağı baxanlar, nə qədər aşığıda olduqlarının fərqinə varmaz. Bəzən “kamil” bir görkəm alar, ancaq bu, görüntü kustar üsulla hazırlanan əşyadan başqa bir zada bənzəməz. Hər zaman bəyənməyənlərin bəyənilmək problemi mövcuddur. “Müdrik” kimi özünü qələmə verib, başqalarına primitiv məsləhətlər verənlərin bu, cılız məsləhətləri havadan asılı qalar. Başqalarının yaradıcılığına barmaq arası baxanlar, sənətə və sənətkara rişxən edənlər, bir ara zaman ayırıb öz üzərlərində çalışsa daha faydalı olmazmı? Tənqid və irad normal bir haldır. Lakin bu, elə bir şəkildə baş verməlidir ki, qarşı tərəf bundan üzülməsin, qırılmasın. Ədəbaz məsləhət verənlər, köndələn ağıl – fikir üyüdənlərin olduğu bir dünyada yaşayırıq. Bu, artıq normal bir haldır. Bəşəriyyət elə bir zamana tuş gəlib ki, indi çox nadir hallarda heyran qaldığın anlar baş verir. Rəssamın yaratdığı sənət əsəri hər kəsə xoş gələ bilməz, şairin şerləri bütün könülləri oxşamaz, yazarın yazdıqları bütün zehinlərə eyni zövqü aşılamaz. Bu, elə də, böyük bəla və faciə deyil. Önəmli olanı, həmin şairin, rəssamın, yazarın fikirlərini bir formada güclü və ya zəif seyricisinə, dinləyicisinə, oxucusuna çatdırmasıdır. Pərəstişkarların azlığı yaradıcı insanı zərrə qədər əndişələndirməz. Onları insafsız tənqid və təhrif daha çox üzər...
25 – il əvvəl, orta məktəbdə oxuduğum zaman, ingilis yazar Ceyms Oldricin “Diplomat” adlı əsərini oxudum. Qalın bir roman idi. İngilis kəşfiyyatının Cənubi Azərbaycanda ikinci Dünya Müharibəsi zamanında apardığı kəşfiyyat fəaliyyətini özündə ehtiva edirdi. İlk dəfə bu, kitab o qədər cansıxıcı görünürdü ki, gözlərimin nuruna heyifim gəldi. Aradan beş- altı il keçdi. Yenidən bu, əsəri oxumaq həvəsim yarandı. Həqiqətən bu, əsərdə çox maraqlı məqamlar diqqətimdən kənarda qalmışdı. Beş il əvvəl, Oldricə sıradan bir yazar kimi qiymət verdiyim üçün özümdən utandım. “Diplomat” siyasi baxımdan çox mükəmməl bir tərzdə qələmə alınan əsərlərdən hesab oluna bilər. Bir yazıya, bir əsərə tam vaqif olmadan şərh vermək, tənqidi yanaşmaq, yerli – yersiz irad bildirmək müştəbehlikdən qeyri bir şey deyil. Sətir altı fikirləri ustalıqla öz əsərlərinə həkk edən, “qarışıq fikirlər”də dürüst hədəflər seçən Səbahəddin Əli ədəbi mühitə ilk gəlişində həmkarları tərəfindən ən çox haqsız tənqidlərə məruz qalan ədiblərdən biri idi. Buna rəğmən, onu tənqid edən “tənqidçi” həmkarları çox zaman öz yazılarında Səbahəddin Əlinin novator fikirlərinə yer verirdi. Zaman keçdikcə, türk ədəbi mühitində Səbahəddin Əli janrı daha da genış vüsət almağa başladı.
Fərdi düşüncələrimə görə, bir yazar üçün önəmli olanı fikirlərini oxucusuna asan dildə çatdırmasıdır. Bir yazar üçün yazmaq, maddiyatdan uzaqlaşıb mənəviyyatda qərar tutmaqdır. Bir yazar üçün oxumaq xatirinə oxucu yığmaq deyil, oxucusu ilə, fikirlərini paylaşmaqdır. Yazar üçün kəmiyyətdən ümdə, gerçək bir keyfiyyət ərsəyə gətirməkdir. Bəzən bu günümüz üçün ciddi görünməyənlər, zamanı gəldiyində göründüklərindən daha böyük olar. Yazar yazılarını yalnız bu günə hesablamamalıdır. Kal məsləhətlərdən, kəm öyüd – nəsihətlərdən, məntiqsiz tövsiyələrdən yazara zərər gəlməz. Sağında və solunda mənasız məsələlərə zaman itirməkdən, az – az cızma - qaralarla böyük yaradıcılığa cığır açmaq yazar üçün daha xeyirli deyilmi?..