Bəli, bəli, məhz metro məcarələri. Adamın lap şeytanca qəhqəhə çəkməsi gəlir. Nihahaha. Anlayıram əslində. Yəni, nə var burada, əzizim? Normal hal sayılmalıdır bu metro məcarələri. Karta pul köçürmək istəyən zaman qarşılaşdığın mənzərə var ha, - adı yoxdur, bəlkə var, bilmirəm, hər nəysə, - o basabasda bilmirsən nə edəsən ki, sənə məhz normal insan kimi baxıb eləsinlər. Amanın bircə günüdür, özünü atasan qabağa ki, vacib işə görə tələsirəm, vəssəlam, o dəqiqə sənin durumun yadplanetlidən heç nə ilə fərqlənməyəcək. Hər kəs qəzəblə səni təpədən dırnağacan bir qəşəngcə süzəcək, sonra analoqu olmayan məsləhətləri ilə əsəb sistemini kəllə-mayallaq etməmiş əl çəkməzlər. Hələ üstəlik, digər insanlar qəpikləri ilə kartını arıqlamağa qoymurlar, sən isə öz xoşməramlı missiyanı onlardan əskik eləmirsən, xoş mənzərə yaranır.Təhlükənin sovuşduğunu düşünürsənsə, deməli yanıldın. Qatara necə minəsən indi, hıy?! Qapılar tam bağlanmaq nədir bilmirlər. Bir qatar, iki qatar, üç qatar buraxırsan ki, mədəni sürətdə gedəsən. Amma görürsən ki olmur, alınacaq işə bircə qram da olsun oxşamır. Vəssalam-şüttəmam deyib cumursan dolu qatara ki, qoy mən də sıxışdırım. Basabas nə basabas. Adamın lap “maşallah” deməsi gəlir. İşdir, əgər əlin üçün tutacaq tapdınsa, xoş halına alqış, amma özünü basabaslı kütlənin tam ortasında özünü tapırsansa, daha sənin üçün ümid işığı yerli-dibli yoxa çıxır. Ta ki, daralmış həlqənin boşalmasını gözləyənədək özünü qəhrəman kimi aparmalısan.
İndi isə, bir zəhmət, yuxarıdakıları unudun və diqqətinizi buraya cəmləşdirin.
Bəli, bəli, mən qatarda əyləşmişəm. Vəziyyət isə normaldır, yəni basabas-filan yoxdur. Amma betəri var desəm, heç də yanılmaram. Yanımdakı yaşlı kişi şirin yuxusundan ötrü az qala üstümə yıxılmaq təhlükəsindədir. İnsanlar isə mənə elə baxırlar ki, sanki mənəm kişiyə yuxu dərmanı verib yatızdıran. Düzələn işə oxşamır deyəsən.“Allahım, sənə gəlirəm” deyib kəskin şəkildə ayağa qalxdım. Elə bu zaman tirtap eşidildi. Kişinin başı oturacağa dəymişdi. Bircə kəllə-beyin travması almasın. Sonra şəxsiyyətin bioloji ikiləşmə prosesi ucbatında eritrosit və leykositlərin miqdarında kəskin pozulmalar müşahidə olunacaq. Kişi tələsik özünü düzəldib heç nə olmamış kimi cibindən telefon çıxardıb oyun oynamağa başladı.
Qapılar açıldı və içəriyə iki nəfər cavan oğlan daxil oldu. Birinin kor olduğunu anladım. Dostu onun qolundan tutub qatara girməyinə yardımçı olmuşdu. Əlində qatlama əsası, gözündə qapqara eynəyi vardı. Bizim “normal” kateqoriyalı insani keyfiyyətlərdən fərqlənən təbəssümünü əskik etmirdi.
2-3 yaşlı balaca qız anasının qucağında oturmaq istəmirdi. Atası ayağa qalxıb qızını da boynu arxasında otuzduranda kiçik toppuş əllər tutacağa toxundu. Daha sonra kiçik addımlarını ataraq gəzməyə başladı. İnsanlar balaca möczəyə bacardıqları qədər kömək edirdilər ki, yıxılmasın.
Nəhayət ki, qatarı tərk etmək şərəfinə nail oldum. Pilləkanlarla yuxarı çıxmağa başlayırdım ki, anamın sözü olmasın, vacib dəqiqədə telefon “do-re-mi-fa-sol-lya-si” deyə oxumağa macal tapdı da...