Əlindəki kağız parçasını dəfələrlə oxuyub udqundu. Gözləri ağır-ağır qaldırıb masa arxasında əyləşən həkimə zilləndi. Yaşı 50-ni keçən Kamal həkim bu adamın baxışlarından narahat olmağa başladı. Ayağa qalxıb onun qarşısında əyləşərək dizlərinə dirsəkləndi.
Oqtay kağızı yumruqlayıb divara atdı. Zərblə söykənib gözlərini tavana kilidlədi. Onun az qala nəfəs almaması Kamal həkimi qorxutmağa başlamışdı ki, Oqtay sərt hərəkətlə ayağa qalxaraq addımlamağa başladı. Pəncərə önündə dayanıb gözlərini yumdu. Əllərini cibində gizlədib dərindən nəfəs almağa başladı.
Kamal həkim səssizliyini qoruyurdu hələ ki.
Oqtay qapını çırpdı.
Maşını sakit şəkildə idarə edirdi. Beynini bürüyən duman. Bədəninə çökən ağırlıq.
Skamyada əyləşib başını əlləri arasına alaraq barmaqları ilə saçlarını qarışdırmağa başladı.
Axı niyə? Kimdir günahkar? Olmaya özü?!
Xərçəng!!! Əsrimizin bəlalarından biri.
35 yaşını yaxınlarda tamamlamışdı. Bacarıqlı dizayner kimi adı dillərdə gəzirdi.
Xoşbəxt ailə tablosu. Sevimli həyat yoldaşı və 4 yaşlı şirin-şəkər qızı.
Başını silkələyib skamyadan aralandı.Ağac gövdəsinə söykənib gözlərini qapatdı.
Xəyalında canlandırdığı mənzərə heyrətverici idi. Milyon al lalələrin arasında bir kraliça kimi görünüşə sahib olan ağ lalə.
Payıza vurğun idi. Xəzəlinə, yağışına, dumanına, qoxusuna vurulmuşdu.
Yağış səpələnməyə start götürdü.
Axşamdan xeyli keçdi. Maşın salonunda əyləşərək göydələni seyr etməsinin 2 saatı dolmuşdu artıq. Qərarının qətiliyindən əmin olub başını tərpətdi.
Pilləkanlarla çıxarkən islandığından yağışın izlərini buraxırdı.
Zəngi basdı. Tanış və doğma ayaq səsləri. Qapının açılması ilə xəfifcə gülümsündü. Sevimli qadınını öpüşlərə qərq edərək bərk-bərk qucaqladı.
Qızı şirin yuxuda idi...