Min bir gecə (1001 gecə - nağıl)
Gülzarə Hüseynova tərəfindən "Hekayə" bolməsinə 12:00 29 mart 2016 tarixində əlavə olunmuşdur

Biri vardı, biri yoxdu, keçmiş zamanlarda Şəhriyar adlı zalım və qəddar bir padşah vardı. O hər gün özünə təzə bir arvad alar, bir gecə saxlayıb səhəri öldürərdi. Şəhriyar padşah üçün gəlinləri, onun vəziri tapıb saraya gətirməli idi. Xalq öz qızlarını Şəhriyar padşahdan gizlədir, ata və analar qızlarını götürüb başqa yerlərə qaçırdırdılar. Bütün ölkədə daha gənc qız qalmamışdı. 

Bir dəfə axşam vəzir güclə tapdığı axırıncı gəlini padşahın yanına gətirdi. Bundan başqa bütün şəhərdə tək bircə qız qalmışdı ki, o da vəzirin öz qızı Şəhrzad idi. 

O axşam vəzir padşahın sarayından öz evinə çox qəmgin halda qayıtdı; kişi uşaq kimi ağlayırdı. Şəhrzad atasını bu vəziyyətdə görüb soruşdu: 

-Nə olub, atacan, dərdin nədir? Bəlkə mənim sənə bir köməyim dəydi? 

Vəzir bu sirri qızından gizli saxlamaq üçün çox çalışdısa da, mümkün olmadı; axırda çarəsiz qalaraq dərdini açıb qızına danışdı. Şəhrzad atasına diqqətlə qulaq asandan sonra, fikirləşib dedi: 

-Fikir eləmə, ata! Sabah səhər məni Şəhriyarın yanına apararsan. Mən sağ-salamat qalacağam. heç narahat olma! 

Vəzir dedi: 

-Qızım, Şəhrzad! Sən mənim üçün bu dünyada hər şeydən əzizsən. Mən səni padşaha vermərəm. Yaxşısı budur ki, baş götürüb bu şəhərdən qaçaq və başqa bir yerdə, yad bir ölkədə yaşayaq. Ancaq bu yolla biz Şəhriyar padşahın əlindən qurtara bilərik. 

Şəhrzad dedi: 

-Ata, mənim sözümü yerə salma. əgər sən məni padşahın yanına aparmasan, o başqa bir qız tapıb öldürər. Mən bir çarə fikirləşmişəm. Əgər düşündüyüm bu şey baş tutsa, mən təkcə özümü deyil, bir çox qızları Şəhriyar padşahın əlindən xilas edib ölməyə qoymaram. 

Vəzir Şəhrzada nə qədər yalvardısa da, qızı fikrindən döndərə bilmədi və axırda onunla razılaşmağa məcbur oldu. 

Şəhrzadın da Dünyazad adlı kiçik bir bacısı vardı. Şəhrzad onun yanına gedib dedi: 

-Məni padşahın yanına aparanda, mən axırıncı dəfə səninlə bir yerdə olmaq üçün icazə istəyib dalınca adam göndərəcəyəm. Sən gəlib padşahın darıxdığını gördükcə deyərsən: "Bacım, bizə bir nağıl danış, padşahın kefi açılsın". Onda mən sizə nağıl danışaram. Görərsən ki, biz necə xilas olacağıq. 

Şəhrzad ağıllı və mərifətli bir qız idi. O, çoxlu qədim kitablar oxumuş, nağıllar, hekayələr eşitmişdi. Dünyada Şəhriyar padşahın vəzirinin qızı Şəhrzaddan daha çox nağıl bilən bir adam tapılmazdı. 

Ertəsi gün vəzir Şəhrzadı saraya apardı və ağlaya-ağlaya onunla vidalaşdı. O artıq qızını sağ görəcəyinə ümid etmirdi. 

Şəhrzad şad və arxayın halda saraya getdi. O, atasına dedi: 

-Ata, narahat olma. Şəhriyar padşah məni nə sabah, nə də başqa bir gün öldürməyəcəkdir. Səhər gəlib məni sağ-salamat görəcəksən. 

Şəhrzadı padşahın yanına gətirdilər. Onlar bir yerdə şam etdilər. Sonra isə birdən Şəhrzad acı-acı ağlamağa başladı. 

Padşah ondan soruşdu: 

-Sənə nə olub, qız? 

Şəhrzad dedi: 

-Ey padşah, mənim balaca bir bacım var. Ölməmişdən qabaq bir də onu görmək istəyirəm. İcazə ver, onun dalınca adam göndərim, qoy bir az bizimlə bir yerdə olsun. 

-Necə istəyirsən elə də et, - deyə padşah Şəhrzadın xahişinə əməl edib Fünyazadın gətirilməsini əmr etdi. 

dünyazad gəlib bacısının yanında döşək üstə oturdu. O artıq Şəhrzadın nə etmək istədiyini bilirdi, lakin yenə də çox qorxurdu. 

Şəhriyar padşah isə gecələr yata bilmirdi. Gecə yarısı Dünyazad, padşahın yata bilmədiyini görüb Şəhrzada dedi: 

-Bacıcan, bizə bir nağıl danış. Bəlkə padşahımızın kefi açılsın və gecə ona uzun görünməsin. 

Şəhrzad dedi: 

-Padşah əmr edərsə, həvəslə danışaram. 

Padşah da razı olub: 

-Danış, - dedi, - ancaq nağıl maraqlı olsun! 

Şəhrzad dərhal nağıl danışmağa başladı. Padşah bu nağıla elə qapıldı ki, səhərin necə açıldığını hiss etmədi. Şəhrzad isə günün çıxdığını görüncə, nağılın lap maraqlı yerində dayanıb susdu. Dünyazad tez ondan soruşdu: 

-Bəs sonra nə oldu, bacı? 

Şəhrzad dedi: 

-Əgər padşah bu gün məni öldürməyi əmr etməsə, nağılın ardını gecə danışaram. 

Padşah nağılın ardını eşitməyi çox istəyirdi. O: "Qoy bu gecə nağılı danışıb qurtarsın, sabah öldürərəm" - deyə düşündü. 

Səhər vəzir qorxudan yarımcan halda saraya gələrkən, Şəhrzad atasını şad və sevincək qarşılayıb dedi: 

-Görürsənmi, atacan, padşahımızın mənə rəhmi gəldi. Mən ona nağıl danışmağa başladım; nağıl padşahın o qədər xoşuna gəldi ki, bu gün axşam nağılı danışıb qurtarmaq üçün mənə möhlət verdi. 

Vəzir sevincək padşahın yanına girdi və onlar dövlət işlərilə məşğul olmağa başladılar. lakin padşah narahat idi - o, nağılın ardına qulaq asmaq üçün axşama qədər səbr edə bilmirdi. 

Qaranlıq çökən kimi padşah, Şəhrzadı çağırıb nağılın ardını söyləməyi əmr etdi. 

Şəhrzad, gecə yarısı nağılı danışıb qurtardı. Lakin padşah ah çəkib dedi: 

-Heyf ki, qurtardı! Axı, səhərə hələ çox qalıb. 

Şəhrzad ona belə bir cavab verdi: 

-Padşah icazə versə, ona elə bir nağıl danışaram ki, bu danışdığım onun yanında heç olar! 

Padşah dərhal: 

-Tez ol, danış! - deyə ucadan səsləndi. 

Şəhrzad yeni bir nağıl başladı və səhər açılanda yenə də ən maraqlı yerində dayandı. 

Padşah artıq Şəhrzadı öldürməyi fikrinə belə gətirmirdi. İndi o, səbrsizliklə nağılın axırını gözləyirdi. 

Üçüncü, dördüncü gecələr də belə keçdi. Şəhrzad öz qəribə nağıllarını, min gecə, təxminən üç il Şəhriyar padşaha danışdı. Min birinci gecəyə çatdıqda isə o, axırıncı nağılını qurtardı. Padşah ona dedi: 

-Ey Şəhrzad, artıq mən sənə öyrəşmişəm, daha nağıl deməsən də, səni ödürmərəm. Mənə təzə arvad da lazım deyil, dünyada heç bir qız sənin tayın ola bilməz! 

Şəhrzad danışdığı maraqlı nağıllarla həm özünü, həm də başqa qızları ölümdən belə xilas etdi. Şəhriyar padşah onun nağıllarına qulaq asmasaydı, bütün qızları məhv edəcəkdi... 


... dəfə oxunub
Qiymət: 8/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
3+14=
Hesaba giriş
Müəllif

Gülzarə Hüseynova
Haqqında
16 aprel 1995-ci ilde anadan olub. Baki Dovlet Rabite ve Neqliyyat Kollecinin məzunudur.
Əlaqə
E-mail:
gulzareh@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0231 saniye