Toğrul anasının ölüm xəbərini xaricdə yaşayan bacı-qardaşına elektron poçtla bildirib kürəyini iş kreslosuna ağır-ağır söykədi. Dərindən nəfəs alıb verməyə başladı. Gözlərini yumdu.
Anası Minarə xanım kolleksioner idi. Müxtəlif illərdə topladığı kolleksiyaların sayı-hesabı bilinmirdi düzü. Qədimi əlyazmalar, kitablar, markalar, rəsm əsərləri və s. Saymaqla bitən deyildi. Hələ üstəlik mebellərin, servantların böyük qismi də kolleksiya siyahısına daxil idi.
Qadının kolleksiyaya olan dərin ehtirası əri ilə aralarının pozulmasına səbəb olmuşdu. Toğrulun onda 7 yaşı vardı. Ata-anasının söhbətlərini eşitsə də, anlamaqda çətinlik çəkirdi. Hər axşam atası Kərim bəy işdən yorğun qayıdarkən qapını özü açardı. Uşaqlar atalarının səslərini eşitcək cəld dəhlizə cumurdular. Hər nə qədər yorğun olsa da, əsəbləri sıradan çıxmış olsa da, lap elə dəqiqədə bütün hirsii çıxmaq istəsə də, məsum uşaqların gözləri ilə qarşılaşdıqda hər şeyi unudurdu.
Atası və anası hər gecə yatmamışdan qabaq ciddi mübahisə edərdilər. Qadının qapını açmaması dursun bir tərəfdə, bir ailə kimi stol arxasında cəmləşmək kimi vacib prosesi də yerinə yetirmirdi. Elə yeməkləri masaya düzürdü, sonra isə divanda əyləşərək ayaqlarını bir-birinin üstünə aşırıb abunə olduğu jurnalı vərəqləyirdi.
Anası işləmirdi. Daha düzünə qalsa, atası buna qarşı çıxırdı. Bəlkə atası icazə versəydi, hər şey başqa cür olardı. Bilmək olmazdı.
Amma anası pis valideyn deyildi. Uşaqlarla maraqlanıb dərslərinə köməklik edir, tez-tez gəzintiyə çıxardırdı.
Kərim bəy hər maaşından Minarə xanıma pul ayıran kimi qadın cəld daavranaraq onları kiçik sandıqçasına yığırdı. Sonra hesablayıb istədiyini alırdı. Həyat yoldaşının belə "qədimi" şeylərə pul xərcləməsinə əsəbiləşsə də, uşaqların xətrinə dözürdü.
Atası vərəmdən dünyasını dəyişəndə Toğrul maqistr idi. Anasının qızlıq soyadına qayıdışı anlaşılmazlıqla qarşılandı. Toğrul anası ilə yaşadığı insidenti əsgərlikdə olarkən belə unuda bilməmişdi. Elmi idarədə işləyərkən tez-tez qələmi əlində bərk-bərk sıxırdı. Evlənib ailə-uşaq sahibi olduqda anasını az-az ziyarət edirdi. Bacısı Kəmalə İngiltərədə oxuyub elə ordaca tanış olduğu ingilis centelmenlə ailə həyatı qurmuşdu. Qardaşı Fikrət işlədiyi şirkətin Asiyada genişlənən qoluna qoşularaq Çinə köç etmişdi ailəsi ilə. Minarə xanım heç biri uşağından inciklik etməmişdi. Tez-tez bağa çıxıb gəzişirdi.
İndisə ortada miras vardı. Anasının kolleksiyaları...