Mistik əlamətlər
Kainatda baş verən saysız-hesabsız möcüzələr insanı maqnit dalğası kimi öz əhatəsinə alır. İstər-istəməz biz bu möcüzələrin fərqinə varır, bəzən dəhşətlənir, bəzən isə adi həyati hal kimi baxırıq. Sovetlər dönəmində, ümumiyyətlə möcüzələrdən danışmaq müşkül idi. O dövrün fəlsəfəyə dair elmi ədəbiyyatlarında mistika anti-mədəniyyət hesab edilərək, “məqam və hadisələrin təsvir və dəyərləndirilməsində olan təhriflər” kimi təqdim olunurdu. Mistik hadisələr ya kəskin ittiham olunur, ya da mövcudluğuna göz yummaqla inkar edilirdi. Məhz elə həmin dövrün hələ də abu-havası ilə yaşayan orta və yaşlı nəsil belə möcüzələrə skeptizm (və ya ateizm!) prizmasından yanaşaraq, cəmiyyəti mövhumatçılığa meyillilikdə təqsirləndirirlər. Təbii ki, ifrat mövhumatçılığa hər bir müasir və az-çox oxumuş insan qarşı olmalıdır. Amma onu da qeyd edək ki, çoxlarının fanatizm kimi qələmə verdiyi belə möcüzələrə inam təkcə dini qanunların hökm sürdüyü ölkələrdə deyil, yüksək düşüncə və məntiq mədəniyyətinə malik, inkişaf etmiş ölkələrdə də mövcuddur. Əksər hallarda mistikanı dinə bağlasalar da bəzən müəmmalı, anlaşılmaz məqamlar və ya detallar insan düşüncəsini daha da çıxılmaz dalana salaraq izaholunmaz vəziyyət yaradır.
Ümumiyyətlə, mistika sözün əsl mənasında o zaman meydana çıxır ki, baş verənlər haqqında yürüdülən fikir Mütləq (Allah) anlayışına yaxınlaşır, insan şüurlu sürətdə məntiqdən imtina edir, başqa sözlə hadisələrin inkişafı məntiqə sığmır.
Çox vaxt belə möcüzəvi məqamlar haqqında əhali, xüsusilə də yaşlı, müdrik adamlardan eşidir, bəzən televiziya proqramlarından və ya internet səhifələrindən izləyə bilirik. İndiyədək eşitdiyim, haqqında oxuduğum möcüzələr arasında şəxsən mənim üçün daha müəmmalı görünənləri sadalamaq istərdim. Bunlar: Misir piramidalarının ilk zamanlarda aşkar olunduğu vaxt ortaya çıxan müəmmalar, XVIII əsrdə baş vermiş Lissabon zəlzələsi, İngilis ordusunun Hindistanı zəbt edərkən yerli yoqların göstərdiyi sehrlər, hind, çin və digər bütpərəst ölkələrin, eləcə də antik yunan, Misir, Roma imperiyası dövrünün dini ədəbiyyatında hələ eradan əvvəl uçan naməlum obyektlərin, yadplanetlilərin eyni cür təsvir olunması və zamanın ikiləşməsidir. İndi isə sadalananları daha ətraflı açmaq istərdim.
Piramidaların mövcudluğu ilk dəfə məlum olanda (Avropa bu ehramlardan XVIII əsrdə xəbər tutub) araşdırma aparmaq üçün buraya gələn mütəxəssislərin, sərdabələri üzə çıxaran arxeoloqların, tədqiq edən tarixçilərin əksəriyyəti sonralar bir neçə il ərzində müəmmalı şəkildə dünyasını dəyişmişdilər. Mumiyaların tərkibində isə radioaktiv maddələr olduğundan onları ilk dəfə aşkara çıxaran 12 alim-arxeoloq xərçəng xəstəliyindən vəfat etmişdi. Ehramlardakı bəzi otaqların içərisində nəyin olduğu məlum deyil; oraya girməyə müvəffəq olmuş tədqiqatçılar geri qayıtmayıblar. Sanki “üçkünc dünyanın” sahibləri sirrin ortaya çıxmasına mane olmaq istəyirdilər. Piramidaların dərinliklərinə qədər gedən turist və ya alimlərin burada zamanın ikiləşməsi ilə bağlı verdiyi tükürpədici bəyanatları müəmmaların açılışını daha kor dalana dirəyir. Qaranlıq guşələrdə, hətta ən skeptik alimlərin belə gözü önündə minilliklər öncəsi görüntülər qismən canlanırmış. Yeri gəlmişkən, zamanın ikiləşməsi haqqında: paranormal hadisələri tədqiq edən rus alimləri bu qənaətə gəliblər ki, zaman ikiləşməsini istənilən adam sınaqdan keçirə bilər. Məsələn, deyək ki, əlinizə II Dünya müharibəsində lentə alınmış bir şəkil düşür. Müharibənin qızğın məqamını əks etdirir. Şəklin arxasında isə hadisənin baş verdiyi şəhər və küçənin adı, həmçinin dəqiq vaxtı göstərilib. Həmin şəhərin küçəsinə gedir, həmin saatda o ərazidə dayanırsınız, üç dəqiqə bütün fikirlərinizi cəmləyib şəkilə baxırsınız, sonra gözlərinizi yumub açarkən şəkildəki səhnəni film lenti kimi qarşınızda görürsünüz. Nə qədər inandırıcı səsləndiyini oxucunun gözləri ilə baxanda təyin etmək çətinlik yaratsa da, öz gözlərimin bunu təsdiqlədiyinə sizi əmin edə bilərəm. Təxminən 7-8 il bundan qabaq məşhur milyonçu Murtuza Muxtarov haqqında xoşagəlməz bir həqiqət öyrənmişdim. Bu, onun İstiqlaliyyət küçəsində yerləşən evlərindən biri ilə bağlı idi. Bundan sonra hər dəfə həmin ərazidən keçəndə həmin hadisə, hətta kitabda yazıldığından daha ətraflı şəkildə gözümün önündə (yolun ortasında!) canlanırdı! Bunu oxuyan skeptikin üz ifadəsini təsvir edə bilirəm. Məni sueverlikdə günahlandırmağı onun öz ixtiyarına buraxıram. Bu, bəlkə də, həmin hadisəni beynimdə hifz eləmiş təftəlşüurumun bəhrəsi idi, amma ortaya rus alimlərinin də iddiası düşəndən sonra gördüklərimin qarabasma olmadığını anlamışdım.
Dünya şöhrətli alim Albert Eynşteynin “zaman maşını” yaratmaq istədiyini, bunun hətta bəzi məqamlarını təcrübədən keçirdiyini eşitmisiniz. Belə məlumat verilir ki, alim yaşadığı dövrün insanlarının hələ belə bir icada hazır olmadığı qənaətinə gələrək tədqiqatlarını dayandırmış, məhv etmişdi. Amma bir neçə il bundan öncə internetdə qəribə şəkil yayılmışdı: 1941-ci ilə aid ağ-qara fotoşəkildə – o zamanın dəbi ilə geynmiş insanlarının arasında bu günümüzdəki kimi əynində cins şalvar, yaxası yazılı idman köynəyi, gözündə müasir gün eynəyi, qulağında qulaqcıq, əlində müasir “kodak” aparatı olan cavan oğlan da var idi. Əvvəlcə bunun montaj olunduğu düşünülsə də, araşdırmalar fotoşəkildə heç bir montaj işinin olmadığını təsdiqləmişdi. Daha bir faktı isə Rusiyanın “Milis protokolu” adlı dərgisi yaymışdı. Belə ki, 1994-cü ildə Moskva metropoliteninin “Barrikadnaya” stansiyasında robot səsli bir qadın sərnişinlərdən birinə yaxınlaşaraq hazırda neçənci ilin olduğunu soruşmuşdu. Vahimələnən sərnişin metro milisinə xəbər vermiş, eyni təəssüratı o da yaşamışdı. Amma tez özünü ələ alan milis qadını şöbəyə aparmaq istəsə də, qadın bir göz qırpımında izdihama qarışıb yox olmuşdu. Buradan tədqiqatçılar belə bir nəticə çıxarırlar ki, “zaman maşını” heç də məhv edilməyib, hətta həyata da keçirilir. Və yuxarıda qeyd etdiyimiz bu iki adam da başqa zamanın səyahətçiləridir.
Hind yoqlarının möcüzələrini yəqin ki, çoxları eşidib və ya oxuyub. Günü bu gün də Hindistan və Böyük Britaniya küçələrində havadan asılı vəziyyətdə oturan, kiçik bir qutuya yerləşən, uçan və s. yoqlara rast gəlmək mümkündür. Amma bu günün insanı bunu gözbağlıca adlandırıb müəyyən əsas tapa bilir, siz orta əsrlərin ingilisini havaya millənmiş kəndirin üstündə oturan, adamla danışdığı yerdə birdən başqa şəhərdə (saniyələr içində!) peyda olan və ya göz önündəcə yoxa çıxıb, dərhal da peyda olan yoqla üz-üzə təsvir edin.
Yadplanetlilər və onların uçan boşqabları haqqında çox danışılıb. Mənim əlavə edəcəyim isə budur ki, biz bu hal-qəziyyənin ən uzağı 2-3 əsr tarixi olduğunu düşündüyümüz halda, antik kitabələrdən, hətta Misir ehramlarındakı təsvirlərin arasından eynilə bu günümüzdə təsvir etdiyimiz gümüşü, iri, üçkünc başlı, uzunsov gözlü məxluqlar və onların “nəqliyyat vasitələri” haqqında məlumatlar və təsvirlər ortaya çıxmazmı? Həm də ayrı-ayrı sivilizasiyalarda, zəmanələrdə, heç bir rabitə əlaqəsinin olmadığı dönəmdəki müxtəlif xalqların kitabələrində eyni təsvirlər!
Məni daha çox təsirləndirən möcüzəyə keçək: 1755-ci ildə Portuqaliyanın paytaxtı Lissabonda 8,7 ballıq zəlzələdən söz açıram. Deyə bilərsiniz ki, zəlzələdə möcüzəvi nə var ki? Dünyanın hər yerində baş verir, müəyyən müəmmalı məqamları var, amma hər halda elmi izahı da mövcud olduğundan bunu xariqüladə bir şey hesab etmək olmaz. Bura qədər doğru iraddır, amma bəzi məqamları var ki, düşünməmək, heyrətlənməmək mümkün deyil. Ümumiyyətlə, altı dəqiqəlik zəlzələ zamanı bütün Lissabon yerlə-yeksan olmuşdu, yüz mindən artıq insan yeraltı təkanların qurbanına çevrilmişdi (indiki Lissabon sonralar yeni ərazidə salınmışdı). Amma ən tükürpədici və bu günkü gündə belə elmin izah edə bilmədiyi məqam Atlantik okeanın Lissabon sahilindəki hissəsinin bir neçə dəqiqə ərzində dibindəki batmış gəmiləri, sualtı floranı göstərəcək qədər quruması və bir neçə dəqiqədən sonra sunami yaradacaq qədər suyunun artması olmuşdu. Bəlkə, dildə asan səslənir, amma özünüz təsvir edin: kiçik bir su hövzəsini qurutmaq saatlar, bəlkə də günlər tələb etdiyi halda, okeanın (lap müəyyən hissəsi olsa da) dibi görünəcək qədər quruması və dərhal da suyla dolmasını nəylə, necə izah etmək olar?! O vaxt “Qoca qitə”nin müdrikləri bunu haqlı olaraq Allahın cəzası kimi dəyərləndirirdilər. Belə ki, portuqalların Cənubi Amerika, Afrika plantasiyalarında yerli əhaliyə qarşı törətdiyi qeyri-insani əməlləri digər müstəmləkəçilərlə müqayisədə qat-qat ağır hesab edildiyindən, düşünən beyinləri belə bir qənaətə gəlməyə vadar etmişdi. Sanki bu dünyanın, yerin, göyün, suyun ağasının kim olduğunu Allah azğın insanlara bir daha sübut etmişdi. Təsadüfi deyil ki, zəlzələ noyabrın 1-də – “Müqəddəslər günü” adlı katolik bayram günündə baş vermişdi, üstəlik tələfat daha çox şəhərin mərkəzində, zənginlərin yaşadığı ərazidə qeydə alınmışdı. Dəbdəbəli saraylar, yaraşıqlı restoranlar yerlə-yeksan olmuşdu. Bu, bəlkə də, bütün müqəddəslərin qarğışı idi... Yeri gəlmişkən, yaranmış güclü sunami dalğaları zəlzələnin qurbanlarını, uçmuş binaların, avadanlıqların xeyli hissəsini yuyub özüylə ümmanın dibinə apararaq, illərlə özlərinə həmdəm gözləyən batmış, sirli gəmilərə yoldaş etmişdi.
Böyük möcüzələrlə yanaşı bəzən nəzərimizdən qaçırdığımız bəzi müəmmalı əlamətlərdən də danışmaq istərdim. Diqqətlə fikir versək, dəfələrlə müəyyən əşyaların, adların, rəqəmlərin, hadisələrin həyatımızda bizi kölgə kimi izlədiyinin şahidi olarıq. Məsələn, elə adiləşdirib gündəlik nitqimizə daxil etdiyimiz “qismət”, “alın yazısı” anlayışına nəzər yetirsək, çox maraqlı məsələlər ortaya çıxar. Çoxları istər özlərinin, istərsə də yaxınlarının, tanışlarının həyatlarında adına “qismət” deyilən ilahi zərurətlərin şahidi olublar. Tanıdığım bir qadın öz ailəsinin taleyindən danışanda, düzü, həm dodağım qaçdı, həm də ona acıdım. Belə ki, bu qadın gənc yaşında bir əcnəbi ilə ailə qurmaq istəyir, lakin valideynləri buna imkan vermirlər. Həyatının sonrakı illərində dəfələrlə həmvətənliləri ilə ailə qurmağa cəhd etsə də, qəfil ortaya düşən ayrılıqlar ucbatından uzun müddət subay qalır. Nəhayət, 36 yaşında ikən ailə qurur, özü də əcnəbiylə... Belə çıxır ki, illəri boşuna itiribmiş, onun qismətinə başqa millətdən olan kişinin xanımı olmaq yazılıbmış. Amma daha maraqlısı isə onun bacı və qardaşının da bu illər ərzində xarici vətəndaşlarla ailə qurmasıdır.
Digər bir qadın isə geyim növü – qalstukla bağlı xoşagəlməz bir müəmmanı mənə ərz eləmişdi. Yaxşı yadımdadır, bir dəfə əlamətlərdən söz düşərkən o, göz yaşı axıdaraq “mənim evimi qalstuk yıxdı”, – deyib ağlamışdı. Deməli 33 yaşlı bu xanım həyatında bir neçə dəfə nişanlı olub və hər dəfə onlara qalstuk hədiyyə edərkən (bədbəxtlikdən, onun kişilər üçün nəzərdə tutduğu ən sevimli hədiyyəsi qalstuk olub) tərəflərin arasında gözlənilməz, həm də sonradan gülməli görünən səbəblərdən qalmaqal yaranıb və ayrılıblar. Bu hadisənin dəfələrlə təkrarlanmasına diqqət yetirən xanım (həm də Amerikada ali təhsil almış müasir qadın) artıq əks cinsə sözügüdən hədiyyəni verməkdən imtina edir. Hətta ailə qurarkən ənənəyə görə bəy kostyumunu qız evi alanda, oğlan evinə qalstuk göndərilmir. Toylarından yeddi ay keçdikdən sonra isə şeytan bu qızı dinc qoymur və bu müəmmanın həqiqətən də doğru olub-olmadığını yoxlamaq fikrinə düşür. Ərinin ad günündə ona qalstuk hədiyyə edir və... bir aydan sonra cütlük boşanmaqla bağlı artıq müvafiq orqanlara müraciət edir!...
Daha bir mistik əlamətlərdən biri də rəqəmlərdir. Çoxları həyatında bu və ya digər rəqəmin xüsusi önəm daşıdığının fərqindədirlər. Bu dəfə özümdən misal çəkmək istərdim. Şəxsən mənim həyatımda 4 rəqəminin xüsusi çəkisi var. Bu yaşıma qədər başıma gəlmiş ən xoş, ən pis, ən qəribə, hətta ən məzəli hadisələr ya müxtəlif ayların 4-ü tarixində baş verib, ya orada 4 nəfər olub, yaxud da hadisə olan yerdə 4 rəqəminin çoxluq təşkil etdiyi qapı, bina, otaq nömrəsi olub. Məsələn, bir neçə il bundan qabaq mənzil kirayələyərkən həmin bu rəqəmin təqibi ilə üzləşmişdim. Belə ki, mənə təklif olunan mənzillərin hamısı 4-cü mərtəbədə yerləşdiyindən, hətta xoşuma gələni olsa da imtina etmişdim. Uzun axtarışdan sonra, nəhayət 2-ci mərtəbədə bəyənib götürdüyüm mənzildə bir neçə saatdan sonra təmizlik aparıb giriş qapısının tozunu alarkən qapı nömrəsinin 44, bir gündən sonra isə binanın nömrəsinin 40 olduğunu biləndə sözün həqiqi mənasında dəhşətə gəlmişdim. Qeyd edim ki, hal-hazırda yaşadığım mənzil də elə məhz 4-cü mərtəbədə yerləşir. Taleyüklü rəqəmin təqibinin qaçılmaz olduğunu anlayıb artıq buna əhəmiyyət verməməyə çalışıram.
Mənim bacım isə 6 rəqəminin olduğu yeri və ya ayın 6-sını “iflic” edir. Yəni ya o yerə getmir, ya da ayın 6, 16 və 26-sı tarixlərində evdən bayıra çıxmır. Çünki dəfələrlə (şəxsən şahidəm) bizim təkidimizlə bu rəqəmə əhəmiyyət verməyib evdən çıxanda xoşagəlməz, nəhs hadisələrdən əziyyət çəkib.
Bir mistik əlamətə də diqqət çəkmək istəyirəm: adlarla bağlı. Belə deyirlər ki, adla bərabər insana tale də verilir. Başqa sözlə, adlar insanın taleyinə təsir edir. Təsadüfi deyil ki, müqəddəs kitabımızda da “övladlarınıza gözəl adlar qoyun” – deyə bir tövsiyə vardır. Müşahidələr göstərir ki, yeni doğulmuş bir körpəyə ad qoyularkən, əslində bu adın daha öncəki sahibinin taleyi, həyat tarixçəsi, xasiyyəti tam, ya da qismən yeni sahibinə köçürülür. Təbii ki, “Babək”, “Nəbi”, “İsgəndər” adını daşıyan oğlanlar hamısı igid oğullar olmur, amma həmin şəxsiyyətin digər xüsusiyyətlərini (hətta mənfi olsa belə!) daşıyırlar. Məsələn Makedoniyalı İsgəndər hakimiyyətə gəlib fateh olmaq üçün atası Gözəl Filippi öldürtmüşdü. Tanıdığım XXI əsrin İsgəndəri isə daha müasir və qansız üsulla atasını yolundan götürmüşdü, daha dəqiq desək vəzifədə olan kişinin “kreslo”suna sahib çıxmaq üçün ona şər atıb işdən azad etdirmiş, yerinə özü keçmişdi.
Bu yaxınlarda yerli telekanalların birində ötən əsrin məşhur müğənnilərindən olmuş və vaxtsız vəfat etmiş Nəzakət Məmmədova haqqında veriliş hazırlamışdılar. Müəmmalı ölümüylə özündən sonra bir çox cavabsız suallar qoymuş bu müğənninin ailə üzvlərinin etirafı xüsusi olaraq qabardıldı. Belə ki, bu nəsildə Nəzakət adı verilmiş bütün qadınlar, erkən, həm də faciəvi şəkildə dünyasını dəyişirmiş.
Belə müəmmalı məqamlardan çox misal gətirmək olar. Əminəm ki, bu yazını oxuyarkən siz də ətrafınızda baş verən bənzər hadisələri xatırladınız. Hətta bəziləriniz buradakı məqamları adi təsadüf də adlandırar, məni batil inanclara inanmaqda qınaya bilərsiniz. Amma bir şeyi də unutmaq olmaz – təsadüflər məhz zərurətdən doğur. Üstəlik, uzun illər, əsrlər boyu insanların, millətlərin təcrübəsindən süzülüb gəldiyi, müşahidələrindən mayalandığı inanclarda şübhəsiz ki, bir həqiqət payı da olmamış deyil.