möcüzə
Bəhram Həsənov tərəfindən "Digər yazılar" bolməsinə 20:51 19 aprel 2014 tarixində əlavə olunmuşdur

Sən getdin... mən gözlədim... sən gəlmədin... mən gözlədim... əvvəl səni gözlədim... sonra səni gözləməyi unutdum... amma yenə də gözlədim...
* * *
gecə qaranlıqdı. Ay da gizlənib hündür göydələnlərin arxasında, boylanmır pəncərəmdən. Göy üzü tərtəmiz bir qaranlıdır, nə bulud var nə də ulduz... bir pəncərədən belə işıq yanmır. Mən də keçirim işığı, bilməsinlər burda bir yalnızın yaşadığını. Bilməsinlər belə gec bir saatda kimisə gözlədiyimi...
* * *
Yenə pəncərənin qarşısında yuxuya getmişəm. Yəqin gəlib yatdığımı görmüsən və oyatmağa qıymamısan. Kaş ki oyatsaydın. Səninlə görüş ən şirin, heç bitməyəcək bir yuxu olardı mənim üçün. Amma əsas odur ki gəlmisən...
* * *
Çay da acılaşıb son vaxtlar elə bil. Bəlkə də səninlə əlaqəsi yoxdu. Dünəndən qalıb çay. Dünən də belə fikirləşirdim. Bəlkə də sənin dəmlədiyin çaydır elə... kimdir axı mənimçün çay dəmləyən...
* * *
Bu da son ütülü köynəyim. Sabah gərək həmişə bizə ayırdığım vaxtımı özümə, ev işlərinə ayırım. Gəlib evi bu halda görsən əsəbləşərsən yəqin ki... inciyərsən, dalaşarıq və sən gedərsən və bir də geri dönməzsən...
* * *
Yenə avtobusdan bir dayancaq tez düşdüm, səni işə ötürdüyüm dayacaqda... artıq sənin iş yerinə çatırdım ki, sənin yanımda olmadığının fərqinə vardım. Çoxdan piyada getmirəm bu yolu... yəqin ki universitet vaxtlarında getmişəm son dəfə. Səni işə ötürüb pula qənaət etmək üçün piyada gedərdim öz iş yerimə...
* * *
Elə bil hamı mənə baxır... təraşsız üzüm, səliqəsiz saçım, bəlkə də əyri duran qalstukum və daha nələr. Səhərlər güzgüm sən idin axı mənim... hələ çantamdan xəbərim yoxdu, nələri evdə unutmuşam...
* * *
Bir az əvvəl işdən çıxacaqdım ki, telefonda sürətli yığmada 1-ci düyməni vurdum. Bir qadın səsi eşitdim və dəstəyi yerinə qoydum. Evə gedirəm... bu gün axı şənbədir, yəqin işdən çıxmısan artıq, evdəsən...
* * *
Bayaqdan qapının zəngin çalıram. Dedim yəqin yatmısan. Yaxşı ki səhər çıxanda açarı özümlə götürmüşəm... bütün işıqlar sönülüdür. Demək ki, evdə yoxsan. Evdə olsan bütün işıqlar yanardı: “evimiz yuvamız həmişə işıqlı olsun” deyərdin...
* * *
Çay yenə zəhər kimidi, eybi yox səhər dəmləyərəm... gedim bir az pəncərdən şəhərə baxım...


... dəfə oxunub
Qiymət: 8/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
3+13=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0312 saniye