Monoloq
Tural Rəhmanlı tərəfindən "Şeir" bolməsinə 00:41 23 iyul 2017 tarixində əlavə olunmuşdur

 

Sizdən daha heç nəyi mən gizləmirəm,
Özünü tərifləmək istedad deyil
Heç bir yolu sona dək mən izləmirəm,
Hər gün yeni yola salıram meyil

Tanrım bir möcüzə bəxş etmiş mənə,
Bilmirəm sevinim, yoxsa kövrəlim
Hər kəsin istedadı varsa bir dənə,
Mənim səsim gümüşdür, qızıldır əlim

Özünü tərifləmək böyük günahdı,
Özümdən razılıq əsla etmirəm
Haram olmayan hər yol, bizə mübahdı,
Mənsə yolumu düzgün seçib, getmirəm

Bir gün deyirəm ki, olacağam mən
Şeiri dillər əzbəri, sevilən şair,
Xalqın məhəbbətilə dolacağam mən
Yazaraq Vətənə, sevgiyə dair

İnsan deyilən varlıq, dəyişkən olur,
Əqli-səlimliyin itirir birdən
Şairlik bağçası baharda solur,
Artıq həzz almayır sözdən, şeirdən

Səmada yeni gün, yeni hədəflər
Rəssamlıq könlümə xumarın çəkir,
Gözümdə canlanır sahil, sədəflər
Firça kətan üstünə tumarın çəkir

Deyirəm Vermeer tək, çəkim gözəli
Onunda sırğası olsun incidən,
Yada ki, ustaca əks edim əli
Böyük ilham alaraq, mən Da Vinçidən

Bahar gedişi ilə gətirir yayı,
Rəssamın sinəsi nəğmə ilə dolur
Gözüm görmür nə peyzaj, nə marinayı,
Yeni istiqamət opera olur

Oxuyur könlümün zərif guşəsi,
Hər notda yeni bir həvəs olaraq
Ətrafa yayılır musiqi səsi,
Hər səhər aldığım nəfəs olaraq

Ya bəmdən barıtonla oxuyuram mən,
Ya zildən dramatik tenorlar kimi
Notlardan çələnglər toxuyuram mən,
Sızlayır könlümün ən incə simi

Vaxt ötür, il keçir, açıb gözümü
Seçdiyim hədəfləri daşlayıram mən,
Yenə aldadaraq özüm özümü
Yeni, ağ səhifədən başlayıram mən

Bu dəfə, hər səhər, erkəndən durub,
Durmadan düşünür, hey çalışıram
Başımda cürbəcür obrazlar qurub,
Yazarlıq eşgilə mən alışıram

İstəyirəm danışım sevənin halın,
Nələri arxada qoyub həyatda?,
Necə əldən verib təkcə vüsalın?,
Necə tənha qalıb bu kainatda?

Sonra gecə yarısı yuxular görüb,
Gələcək ömrə dair qərar alıram
Özüm öz başıma çuvallar hörüb,
Başımı çəkilməz dərdə salıram

Mənim ki, bu qədər istedadım var,
Mən artıq aktyor da ola bilərəm,
Nə fərqi Romeo yoxsa Baltazar
Lazımsa, cilddən cildə girərəm

Zaman dalğaları sahilə vurur,
Ötən məqsədləri yuyub aparır
Qarşımda yeni bir pyedestal durur,
Memarlıq içimdə tufan qoparır

Marağıma səbəb olur Qaudinin adı,
Gözümdə canlanır sehrli cahan
Sanki, Quel parkının rəngli fasadı,
Nağılı gerçəyə çevirir o an

Başım fikirlər çəkir, ürəyim ahlar,
Yeni istiqamətə yelkən açıram
Dəyişir cərgələr, dönür cinahlar,
Mən isə, yeni bir yolla qaçıram

Seçdikləri yolda dayanmayanlar,
Fərqi yox kimlərə heykəl qoyublar
Şöhrət yuxusundan oyanmayanlar,
Həyat yollarında heykəl olublar.

06.03.2017

Müəllif: Tural Rəhmanlı


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+19=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0245 saniye