Mopassanı rədd edən qadın
Vəfa Teymurova tərəfindən "Məşhurlar" bolməsinə 16:02 17 iyul 2014 tarixində əlavə olunmuşdur

Fransız klassiki Gi de Mopassan dünya ədəbiyyatında ən romantik müəlliflərdən biri hesab olunur. Onun, demək olar ki, bütün əsərləri yalnız bir mövzuya – ehtiraslı və hər şeyi unutduran sevgiyə həsr olunub. Mopassanın əsərlərinin qəhrəmanları həyatda gerçək sevgi axtarır və bəzən hətta ağıllarını itirəcək dərəcədə güclü sevgiyə təslim olmaqdan qorxmurlar. 

O dövrdə bu cür sanballı, parlaq və cəsarətli əsərlər yaratmaq üçün müəllifin mütləq ilham mənbəyi olmalı idi. Mopassan həyatda belə bir ilham pərisi tapmışdı. O, məşhurluğu dövründə şörgöz və qadın düşkünü kimi ad çıxarmışdı. 

Həqiqətən də, onun həyatında çox qadınlar olub və Mopassan, romanlarının qəhrəmanları kimi, nəticə barədə düşünmədən bütünlüklə hisslərinə təslim olurdu. Amma yazıçının həyatında bir qadın da olub ki, o, digərlərindən tamamilə fərqlənirdi. Bu, Mopassanın şəhərkənarı evinin qonşuluğunda yaşayan Ermina idi. Yazıçının ürəyində ömürlük xoş xatirələr buraxmış və eyni zamanda dərin yaralar açmış ən faciəvi sevgi hekayəsi məhz onun adıyla bağlıdır.

Onlar tam təsadüfən tanış olmuşdular. Mopassan vaxtının çoxunu Parisdə keçirirdi. Çox nadir hallarda dəniz kənarındakı Etreta kəndində valideynlərinə məxsus malikanəyə baş çəkərdi. Məhz burada yazıçı gözəl Ermina ilə tanış olur. Qadın ilk baxışdan çox xoşuna gəlir. Erminanın qızılı saçları, iti baxışları yazıçını valeh edir. O, uzun müddət qadına diqqət göstəririr, amma onun ürəyini ələ ala bilmir. Ailəli və bir oğul anası olan Ermina əlçatmaz idi. 

O, məhz ailəsinə görə Mopassana təslim olmağı özünə rəva bilmirdi. Doğrudur, onun saray arxitektoru olan əri çox çalışır və çox vaxt səfərlərdə olur, Etretaya gec-gec gəlirdi. Baxmayaraq ki, Ermina həyat yoldaşını bütün qəlbiylə sevirdi, amma onun ayrılığına da bir o qədər üzülürdü. 

Bu boşluğun içərisində məşhur yazıçının diqqəti Erminanın qadın heysiyyətini oxşayırdı. Yəqin ki, Erminanın müqaviməti və əyilməzlyi olmasaydı, Mopassanla münasibətləri yazıçının həyatında növbəti qısamüddətli romanlardan biri olacaqdı. Dövrünə görə çox məşhur biri olan Mopassan qadınların ona heyranlıqla yanaşmasına öyrəşmişdi. Amma yazıçının cazibəsi Erminaya təsir etmir, ərini sevdiyini və ona sadiq olduğunu əsas gətirərək Mopassanı rədd edirdi. 

Bu inadkarlığın Mopassan üçün gözlənilməzliyi isə onun bu qadına marağını daha da artırır, israrla onu əldə etməyə çalışırdı. O artıq sevgililərini, az qala, əlcək kimi dəyişən qadın düşkünündən sevdiyinə nail olmağa çalışan oğlan uşağına çevrilmişdi. Amma bu sevgi hekayəsinin sonu çox dramatik bitir. Mopassanın diqqəti, atəşli sevgisi Erminanın ürəyini yumşaldır. O başa düşür ki, böyük yazıçı onun üçün yalnız qonşu deyil, əslində, çox doğma və yaxın insandır. 

Günlərin birində o, dərk edir ki, artıq ailə xoşbəxtlyini riskə atmağa və hisslərinə təslim olmağa hazırdır. Amma bu vaxt Mopassan ona qarşı soyumuşdu artıq. Ermina uğrunda uzunmüddətli və heç bir nəticə verməyən cəhdlər onu incitmiş, yormuşduг. Onun bütün gücü tükənmişdi və Mopassan Erminaya sahib olmaq arzusundan əl çəkmişdi. Həyatında yenidən başqa qadınlar peyda olmuş və yazıçı əvvəlki yelbeyinliklə özünü asan sevgi münasibətlərinin axarına buraxmışdı. 

Bu cür dramatik dönüşə baxmayaraq, Ermina yazıçının arvadı olmasa da, sadiq dost olaraq qalır. Mopassan ömrünün sonuna qədər Erminayla məktublaşıb. Onların təsirli məktubları qarşılıqlı incə bağlılılıq duyğuları ilə doludur. Bundan başqa, Erminaya olan sevgisi Mopassanı gözəl əsərlər yaratmağa ilhamlandırır. Çox az adam bilir ki, yazıçı bir çox povest və hekayələrində Erminanın obrazını yaradıb. Onların münasibətləri Mopassanın sonuncu romanı “Bizim ürəyimiz”də xüsusilə faciəvi notlarla təsvir olunub. Ermina bu kitabı oxuyarkən əsərin qəhrəmanı – dəniz kənarında yaşayan qızılı saçlı gözəlin simasında özünü yaxşı tanımışdı.


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+12=
Hesaba giriş
Müəllif

Vəfa Teymurova
Haqqında
İnternetdən həyata dair əldə etdiyim maraqlı məlumatları sizlərlə bölüşəcəyəm.
Əlaqə
E-mail:
beetvrosso@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0283 saniye