Onlayn klubumuz yazmağa həvəsi və bacarığı olanları bir araya gətirib. İmzalarını tanıtmaq və oxucu kütləsi qazanmaq istəyənlərin toplandığı saytımızda bir-birindən maraqlı yazılar paylaşılır.
Bəs, görəsən, müəliflərimizi yazmağa həvəsləndirən nədir? Onlar niyə yazırlar?
Samir Hüseynov (Samir Ufuk Ali): "Heç fikirləşməmişəm ki, niyə yazıram. Belə deyək, qışdan sonra yaz gəlir. Bu, normal bir təbiət hadisəsidir. Eləcə də, mənim yazmağımda qeyri-adi nəsə yoxdur. Sadəcə, yazıram".
Təranə Anka: "Mən ruhən duyduqlarımı ətrafıma çatdırmaq üçün yazıram. Yazarkən düşünüb daha da fərqli ideyalar tapdığım üçün yazıram. Bir sözlə, ruhumun demək istədiklərini çatdırmaq üçün yazıram..."
Fikrət Təhməzov: "Bu, yazarın özündən asılı bir şey deyil. Mənəvi tələbatdır".
Məhəmmədəli İsayev: "Hisslərimi yazılarla daha rahat ifadə edə bilirəm".
Mirəsəd Əfəndi: "Yazdıqlarımın bir çoxu xalqıma aiddir. Gerilikdən, avamlıqdan, ikiüzlülükdən və fırıldaqçılıqdan uzaq etmək, gənclərimizə bildiklərimi çatdırmaq üçün, Azərbaycan - Türk dünyasının inkişafı üçün yazıram..."
Tilda Marter (Xuraman): "Ruhum tələb edir və yazıram. Ehtiyacdan yazıram".
Samirə Hüseynova: "Yazıram, çünki xəyallarımı düşüncələrimlə birləşdirirəm; Yazıram, çünki yeni obrazlara həyat verirəm. Mənim yazmaq həvəsim kitablardan gəlir.Həvəskar yazmağıma baxmayaraq, hər hansısa bir kitabı oxuduqda yazmaq üçün yeni ideyalar tapıram. Mənim bir mövzum var: "Həyatdakı kiçik xoşbəxtliklər". Mən bu mövzuda yazıb insanlara xoşbəxtliyin, əslində, ovuclarının içində olduğunu göstərmək, kiçik şeylərdən xoşbəxt ola biləcəklərini bildirmək üçün yazıram".
Səbinə Məmmədzadə: "Əslində, bu haqda fikirləşməmişəm. Məndə həvəs hər hansısa bir əsəri oxuyanda meydana gəlir. Düşünürəm, mən niyə yazmayım? Buna görə, özümü yazmaqda sınayıram. Gələcəkdə məşhur yazıçı olmaq arzusundayam".
Aykan Hüseynli: "Yazmağa universitetdə olanda maraq göstərməyə başladım. Kütləvi şəkildə oxuduğum bədii əsərlər fikirlərimə təsir etdi. Qərar verdim, mən də öz düşüncələrimi yazılarımla ortaya qoyum".
Əfsanə Saqıyeva: "Yazıram, çünki yazmağı, hissləri,duyğuları kağıza tökməyi, problemləri üzə çıxarıb onların həll yollarını axtarmağı və nəticə çıxarmağı çox sevirəm".
Şahnaz Əhmədova: "Əvvəl, sadəcə, fikirlərimi yazaraq daha yaxşı ifadə edə bildiyimi fikirləşdiyim üçün yazırdım. Sonra jurnalistika fakültəsinə daxil oldum. Yazmaq üçün bundan daha gözəl səbəb ola bilməzdi. İndi isə həm yazıda özümü daha yaxşı ifadə edirəm, həm də fikirlərimi mütləq və mütləq yazıya tökməliymişəm kimi hiss edirəm. Heç kim oxumasa belə, yazmaq istəyirəm, ən əsası da, ruhum sakitləşir. Yazmaq mənə rahatlıq gətirir. Qəzəbimi, sevincimi, kədərimi və adını bilmədiyim bir çox hisslərimi yazmaq rahatladır mənə".