Müəllim
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 23:44 08 dekabr 2015 tarixində əlavə olunmuşdur

Sizə bir sual vermək istəyirəm: Heç müəlliminizə nifrət etmisinizmi?

9-cu sinif şagirdi idim. Dil və ədəbiyyat müəllimimizin analıq məzuniyyətinə çıxdığını hələ yay tətilindən xəbər tutmuşduq. Amma yeni müəllimimizin kim olacağı haqqında bizə heç bir məlumat verməmişdilər. Dərs saatının başlanmasına rəğmən olması gərəkən şəxs yox idi. Ağız deyəni qulaq eşidə bilməyəcək durumda idik. Kimimiz gülür-güldürür, kimimiz həyəcanlanır-həyəcanlandırır, kimimiz maraqlanır-maraqlandırır. Bir sözlə, yaranmış bomboş situasiyadan gen-bol şəkildə istifadə edirdik.

Birdən qapının açılması səhnəsi ilə sinif “sakit quzu” obrazına büründü. İçəriyə direktor, müavin və gənc qadın girincə hamımız ayağa qalxdıq. Salamlaşmadan sonra əyləşərək prosesi izləməyə başladıq. Hər birimiz gözəlcə anlayırdıq ki, bu gənc qadın bizim yeni dil-ədəbiyyat müəllimimizdir. Direktorla müavin bir xeyli danışdılar, tanış etdilər, bizə məsləhət verdilər və nəhayət çıxıb getdilər. Sanki çiynimizdən ağır yük götürülmüş kimi oldu. İndi rahat şəkildə gözlərimizi müəllimimizə zilləyərək onun sözə başlamasını gözlədik. Bizə elə səmimi təbəssüm effekti bəxş etdi ki, illərin tanışı idik sanki...

Düzünə qalsa, heç vaxt dil-ədəbiyyat dərsinə marağım olmamışdı, hətta lazımsız hesab etmişdim. Qiymətlərim digərlərinə nəzərən aşağı idi. Evdə nə qədər tənbeh edilirdimsə, valideynlərim nə qədər qadağa tətbiq edirdilərsə, nəticəsi olmurdu. Amma onun sayəsində bu dərsi öyrənməyə, sevməyə, dərinliklərinə enməyə, sıfırdan başlamağa başladım. Təkcə mən deyil, mənim kimilər də...

Gənc idi, gözəl idi. Arxasınca düşənlər çox idi. Hətta sinif yoldaşlarımız arasında da ona heyran olan vardı. Tez-tez onun dodaqlarını təbəssümlə dolduracaq komplimentlər deyərdik. O, sanki göydən yerə enmiş bir mələk idi. Onu sevirdik, qoruyurduq, qısqanırdıq. Onun dərsi üçün mübarizə aparırdıq, gözündə yüksəlməyə çalışırdıq. Bizi kitab aləmi ilə tanış etmişdi, kitablara səyahəti öyrətmişdi, kitabsız yaşamamağı alışdırmışdı...

Amma onunla bağlı dünyamızın qaraldığı, qırıldığı, parçalandığı, məhv olduğu, yandığı gün də gəldi. Evli müəllimlərdən biri ilə eşq yaşayırmış! Olayı üzə çıxardan təsadüfə şahid olan 11-ci sinif şagirdləri olmuşdu. Foto-faktlar masaya düzüldü. Hər iki müəllim sorğu-suala tutuldu. İstefaları tələb olundu...

Göz yaşlarımızla susqunluq yaşayırdıq. Əvvəllər inanmadıq, inanmaq istəmədik. Onu axtardıq, tapmadıq. Bütün məktəbdən soruşduq, yalvardıq. Hər kəsin dilində ancaq və ancaq evli kişi ilə münasibəti gəzib dolaşırdı. Təhqiredici söz-ifadələr eşitməmək üçün bağırmaq istəyirdik. Bəzən elə gəlirdi ki, bizə baxıb gülürlər. Axı o bizim sinif rəhbərimiz idi həm də! Dərs tempimiz aşağı düşdü, iştahımız itib batdı, yuxusuz gecələrimiz peyda oldu, ağlamaqdan şişən gözlərimiz göründü...

Etməməli idin! Səni sevənlərə bunu necə qıydın axı?! Hələ qarşında doya-doya yaşayacağın gəncliyin vardı, sevgini paylaşacağın gələcəyin vardı. Məhv etdin, öz əllərinlə məhv etdin. Sən heç vaxt bağışlanmayacaqsan...

Biz sənin şagirdlərin idik. Səni sevən, səni qısqanan, səni qoruyan şagirdlərin artıq sənə nifrət edirlər. Ən çox da mən. Başa düşürsən?! Səni özümə böyük bacı bilmişdim! Anlamazsan yəqin...

Haralardasan? Neynirsən? Necəsən?...

İllər ötüb keçsə də, müəllimlərə inamım ölmüşdü. Məktəbi ailəmin təzyiqi altında güc-bəla ilə bitirdikdən sonra 2 il evdə “müharibə” yaşanmışdı. Tələbə olmaq istəmirdim. Ailəm, qohum-tanış üstümə gəldikcə daha da özümdən çıxırdım. Amma nənəmin ölümü ilə peşman oldum. Mənim oxumağımı ən çox o istəyirdi. Ailəmdən qaçıb onun evində qalırdım günlərlə...

Jurnalistika fakültəsində oxuyuram hal-hazırda. Amma yenə də müəllimlərə inamım yoxdur. Hər zaman onlara soyuq baxıram. Səbəbini dəfələrlə soruşmuşdular. Nə deməli idim ki?! Hətta heç bir tələbə ilə də yaxın əlaqəm yox idi. Onlardan fərqli olaraq heç bir qruplaşmalara qoşulmurdum, geyim və oğlan haqqında danışmırdım, gəzinti və kinoya getmirdim. Yad idim...

Günlərin birində keçmiş sinif yoldaşım mesaj ataraq bizi bir araya toplamağa qərar verdi. İstəmədən getməyə qərar verdim. Birdən qarşımda onu gördüm. Çaşqınlıqdan dili söz tutmurdusa, məni gördüyü andaca gözlərindəki işıqdan duyğuları bəlli idi. Kinayəli gülümsəyərək qollarımı sinəmdə çarpazladım. Nifrətimi qusub sürətli addımlarla uzaqlaşmağa başladım. Göz yaşlarım yanaqlarım boyunca süzülürdülər. Onu özümə ideal bilirdim...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+24=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0922 saniye