Müqəssir oyuncaq
Əli Məhərrəmli tərəfindən "Hekayə" bolməsinə 22:59 26 oktyabr 2015 tarixində əlavə olunmuşdur

-Mən acmışam dur gedək yeməyə bir şey alaq. 

-Sənə neçə dəfə deyim ki, pulum yoxdur. Özü də nə tez acdın sən? Axşam işdən çıxanda pulumuz olacaq, alarıq.
Oğlanlardan yaşca kiçik olanı: "Yox mən orda işləmək istəmirəm, getməyəcəm. Yaxşısı budur gəl gedək restorana. Axşam banket var. Administrator da demişdi ki, gələrsiniz. Həm yeməyə də pulumuz çıxmaz. Evə də aparmağa icazə verir. Eşitmədin mama da dedi ki, restorana getsəniz evə də bir şey gətirərsiniz. Unutdun bəyəm?! Həm də evə yeməksiz getmərik" :deyib bir az da yalvarırcasına böyük qardaşını yola gətirməyə çalışırdı.
- Aqil başa düşmürsən mən daha telepuzik olmaq istəmirəm..?!
Arxa-arxaya oturduqları skamyada iki yeniyetmə oğlan uşağının söhbəti qoca kişinin diqqətini çəkmişdi. Ancaq onlara tərəf çox çevrilmirdi ki, uşaqlar onları dinləyən qocadan çəkinib danışmazlar. Ahıl yaşında bu parkda günün keçirsə də, söhbət etməyə bir kimsəsi yox idi. O, üzdən bəzən arxa skamyada oturanların söhbətlərinə gizlincə qulaq yoldaşlığı edərdi. Adətən cavan oğlanlarla qızların sevgi etiraflarını, qısqanclıqlarını və ona mənasız görünən uşaqcasına söhbətləri dinləyərdi. Bu dəfə isə söhbət fərqli olduğu üçün daha maraqla qulaq asırdı.
Oğlanlardan yaşca böyük olanı əsəbi tərzdə söhbətə davam elədi: "Restorana getməyəcəm. Çox yoruluram. Axırıncı dəfə gecə saat 3-də evə qayıtmışdıq. Ayaqlarımın ağrısından yata bilmədim.
- "Yalan demə. Sən ofisiantlıq etməyə utanırsan. Banketə gələn qəşəng qızlardan utanırsan, onlara yemək çəkməkdən, boşqablarını yığışdırmaqdan utanırsan": deyə oğlanlardan yaşca kiçik olanı gülə-gülə o, birisinə məzəmmət elədi.
- Yox. Utanmıram ey! Sadəcə ora xoşuma gəlmir. Həm də kişilər gecəyə kimi yeyib - içirlər, içəndən sonra da başlayırlar qışqırıb-bağırmağa. Keçən dəfə arağı gec gətirmişdim deyə görmədin az qala məni vururdu. Sonra da gic-gic söyüşlər söydü...
- Yaxşı da! Mən bilirəm ki, utandığın üçün getmirsən restorana. Ona görə, telepuzik işləmək istəyirsən. Səni heç kəs görməsin deyə. Mən də daha "Maşa" olmaq, qız səsi çıxarmaq istəmirəm. Özü də həmin ticarət mərkəzinə mənim sinif yoldaşlarım çox gəlir. Getməyəcəm ora.
- O zaman bu dəfə sən ayı paltarını geyinərsən, mən Maşa olaram. Hə nə deyirsən? Gedək?!
- Yox. İstəmirəm uşaqlar gəlib qulağımdan, quyruğumdan dartıb məzələnirlər mənimlə. Həm də ayının içi çox isti olur, havasızlıqdan boğuluram.
- Ehh sənə də yaramaq olmur. Nə deyirəm bir söz tapırsan. Nə olsun ki, sinif yoldaşların quyruğundan dartırlar?! Onlar ki, paltarın içindəkinin sən olduğunu bilmirlər, səni tanımırlar.
Kiçik qardaş bir qədər susduqdan sonra dedi: "Yox getməyəcəm. Nə olsun ki, onlar məni tanımırlar. Mən ki, onları tanıyıram..."
Qoca geri çevrilib nə isə demək istədi, ancaq deyəcək bir söz tapmadı. Sözlər həqiqətlər qarşısında o, qədər aciz və müqəssir görünürdü ki, susqunluğunda boğulurdu.


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+25=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0299 saniye