Allah da bu kainati rəqsin üzərində yaradıb.Yer günəşin ətrafında fırlanır, rəqs eləyir.Sən də bu rəqsdən həzz alırsan.Bu rəqs olmasa fəsillər dəyişməz,qaranquşlar da gəlib sənin tənha qalan evinin küncündə öz yuvalarını qurmazlar.Bir rəqs necə də həyatı dəyişir.Bəstəkar barmaqlarını pioninonun dilləri üstündə rəqs etdirir və bu rəqsdən doğan musiqi sənin ruhuna yol tapır,onu hərəkətə gətirir, qan verir, enerji verir və sən də başlayırsan sevməyə,tənhalığını unutmaga.Rəqs musiqinin övladıdır.Təbiətin də öz musiqisi var.Külək əsir, bir musiqi ifa edir, ağacın yarpaqları da rəqs eləməyə başlayır.Quşların civiltisi,yağışın şırıltısı,göyün guruldaması, ildırımın çaxması, bir musiqidir.Tanri bu kainatın bəstəkarıdır.Onu elə incə notlarla bəstələyib ki, bu notlarda bir həzinlik və dinamika var.Həzin olanda sakit bir hava, dinamik olanda da bir tufan qopur ,zəlzələlər dağıdır hər yanı, vulkanlar püskürür.Bu “musiqi”lər də insanı məhv edir,doğurdan məhv edir.Elə musiqi dinləyə bilərsən ki, sadəcə içindən bir “ehtiraslı tango” oynamaq keçər, ya o musiqi səni uzaqlara aparar, ya da ki, elə bir “rəqs” edərsən ki, həyatında olanları dağıdıb, özünü məhv edə bilərsən.Musiqi həm yaşadır , həm də məhv edir.Yetər ki, onu hiss edəsən.
Bu dünya elə rəqs və musiqi üstündə qurulub.Bir rəssamın əl hərəkətləri-“rəqsi”, bir əsəri-“musiqi”ni yaradır.Bu rənglərin musiqisidir, rənglərin rəqsidir.Danışan şəkillər, portretlərdir.Hər birimiz bir portretik, kimi danışan portret, kimi lal portret, kimi hərəkətdə olan-rəqs edən portret.
Bəzilərimizin qəlbi major, bəzilərimizinki isə minor notlarla döyünür.Xoşbəxtliyimiz də çırpınan qəlbimizin hansı notlara köklənməyindən asılıdır.Bu qəlbin bəstəkarı da sən özünsən.Onun musiqisini sən bəstələyirsən və sən eşidirsən,eşidəndə ya rəqs edirsən , ya ozünü özündən uzaqlaşdırırsan, ya da bir “intihar simfoniyasi” ilə bu həyat tamaşanın pərdələrini bağlayırsan və bu “pərdələr” bağlanandan sonra bilmirsən sənə alqışlar ya lənətlər gəlir.Hər halda bu sənin bəstələdiyin musiqidən asılıdır.Musiqi sənin həyatın və sənin rəqsindir.Rəqs də hərəkətdir.Yaxşı “rəqqas” olmusansa, səni hər an xatırlayacaqlar,ya da ki……......
-kainat musiqi, insanlar onun notları, Tanrı da bəstəkarıdı...