Müstəqillik ailədən başlayır
Anonim tərəfindən "Digər yazılar" bolməsinə 14:14 16 iyun 2014 tarixində əlavə olunmuşdur

Ailənizdə hüquqlarınızdan istifadə edə bilirsiniz? Başqa sözlə, müstəqilsiniz qərarlarınızda və hərəkətlərinizdə?

Mən müstəqil olmaq üçün mübarizə aparıram. Amma tam müstəqiləm demək olmaz. Bilirsiniz, yaxınlarımın, tanışlarımın dediyinə görə mən tərbiyəli uşağam. Uşaq deməyimə baxmayın. Dil öyrəşib buna. Barmaqlar da yazır… Nə isə… 

Mən evdə ən çox anamla problemlər yaşayıram. Geyindiyim paltara, yediyim yeməyə, hətta, qırxdırdığım saça da nələrsə deyir. Mən də əsəbiləşirəm… Başa düşürəm, məni valideynlərim böyüdüb, ən çox əziyyəti də anam çəkib. Amma bu onların borcu deyilmi? Bəs kim böyütməli idi? İndi də mən valideynlərimə başqa məsələləri başa salmağa çalışıram: İnsan yetkinlik dövrünə qədəm qoyandan sonra, başqa sözlə 18 yazşı tamam olduqdan sonra bütün qərarları özü qəbul etməlidir. Bu zaman ailə insana fikir bildirərək kömək edə bilər. Hər halda valideynlərin həyat təcrübəsi daha çoxdur və ailənin övladına verəcəyi qərarlarda kömək olacaq. Ancaq qadağalar qoymaq olmaz! Gəlin bir düşünək: Tutaq ki, mən gələcəyimlə bağlı bir qərar vermək istədim. Bu qərar mənim gələcək həyatımda, işimdə mənim uğur qazanmağıma vasitəçi olacaq. Ancaq bu qərarı ailə üzvlərim bəyənmir və mənə mane olurlar. Nə baş verir bu vaxt? Çox məntiqsiz bir hərəkətdir bu… Valideynlərim həyatımın müəyyən bir hissəsində yanımda olacaqlar. Amma axıra qədər yox. Deməli, onlar mənə hansısa qərarımı reallaşdırmaqda mane olsalar, heç də yaxşı hərəkət etmiş olmazlar. Çünki valideynlərim yanımda olmadığı vaxtlarda mən mənim üçün vacib olan bəzi məqamlardan valideynlərimin qadağasına görə istifadə etmədiyim üçün peşmanlıq çəkəcəyəm. Əlbəttə, burda söhbət verilən düzgün qərarlardan gedir. Ona görə, yaşıdlarımı diqqətli olmağa çağırıram. Valideynlər müqəddəs varlıqlardır. Amma gələcəyimiz üçün mühüm olan qərarları qəbul edən zaman onların qadağası ilə üzləşməmək üçün mübarizə aparmaq lazımdır. Demirəm, valideynlərimizə qarşı çıxaq. Yox! Bu əsla düzgün olmaz. Sadəcə, onlara həmin qərarın bizim xeyrimizə olacağını başa salmalıyıq.

Tutaq ki, sizi evdən zorla evləndirirlər. Bu həm oğlanlara, həm qızlara aiddir. Məni də keçən il bir qohumla evləndirmək istədilər. Anam tapmışdı qızı. Mən həmin vaxt evdəkilərə başa saldım ki, mənim evlilik yaşım çatanda həyatımı bölüşəcəyim qadını özüm tapacağam. Mənim adi vaxtlarda anamla tez-tez mübahisələrim olur. Onun mənə tapdığı qız da anamın xasiyyətində olacağını düşündüyüm üçün gələcəyimi onunla təsvir etmək heç də çətin olmadı. Fəlakət olardı… İndi həmin qız başqası ilə evlidir və uşağı da olacaq. Allah xoşbəxt eləsin!

Qızlar da diqqətli olmalıdırlar. Valideyn səni böyüdüb deyə sən onun tələb elədiyi oğlanla evlənməli deyilsən! Sevdiyin, sənə uyğun biri ilə evlənməlisən. Zorla evləndirmələr sonda cəmiyyətin korlanmasına gətirib çıxarır. Əyyaş, iyrənc insanlar meydana gəlir. Ailə uğurlu olmadığı üçün həmin ailədə böyüyən uşağın da psixologiyası cəmiyyətə zərərli olur. Buna görə, evlilik qərarını evlənəcək şəxslər özü verməlidirlər, təbii olaraq!


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
2+37=
Hesaba giriş
Müəllif

Anonim
Haqqında

Əlaqə
E-mail:
anonymous7@rambler.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0274 saniye