Dumanlı şəhər görüntüsü. Qışın soyuq nəfəsi. İnsanlar isti evlərindən ayrılaraq öz öhdələrinə düşən işin icrasına başlayırlar.
Çiynindəki iri çantasını rahatladıb əllərini palto ciblərindən gizlətdi. Uzun şabalıdı saçları dağıdıcı küləyə qarşı dura bilmirdi. Maviyə çalar yaşıl gözləri axtarışda idi. Dodaqlarında səmimi gülümsəmə peyda oldu.
Uzaqdan seçilən siluet getdikcə daha da yaxınlaşmaqda idi. Ağıllı gözlərin parıltısı xüsusilə seçilirdi.
-Aaa, Hacı müəllim?-gənc qız təəccübünü gizlədə bilmədi.
-Bəli, qızım, nə oldu birdən?
-Siz bu qədər yolu pencəklə gəlmisiniz?-gözlərindəki təəccübü yığışdırıb ciddi ifadə ilə soruşdu.
Hacı müəllim cavablamaq əvəzinə gözlərini bir nöqtəyə kilidləyib dərin fikrə getdi. Əllərini qoşalaşdırıb dodaqlarına yaxınlaşdırdı və isti nəfəsi ilə qızdırmağa başladı. Yaxınlıqdakı skamyada əyləşdi.
-Sən də əyləş, Sevinc,-səsində azacıq gərginlik sezilirdi.
Sevinc əmrə tabe olaraq Hacı müəllimin yanında əyləşdi.
-Buyurun, Hacı müəllim.
Hacı müəllim bir az öskürdü. Qollarını sinəsində çarpazlaşdırdı.
-Qızım, bilirsən, tanıdığım bir ailə var. Dilqəm və Arzu üç ilə yaxın olar ki, evlilik həyatı sürürlər. Uşaqları yoxdur hələ ki. Amma beş yaşlı qızı övladlığa götürüblər yarım il əvvəl. Buna görə qohum-əqrəba onlardan üz döndərdi. Qızın adı Nazlıdır. Anadangəlmə yerimə əngəlidir. Öz doğma ailəsi buna görə qızdan imtina edərək onu uşaq evinə atıblar. Nazlının bu ailədən heç bir narazıçılığı-filan yoxdur. Dilqəm zərgər məmulatları mağazasını idarə edir. Arzu jurnalist olsa da, Nazlıya görə karyerasına əlvida deyərək onunla məşğul olur bütün günü. Demək olar ki, bu ailə həyata küskün əlil qıza ikinci həyat bəxş edib. Amma qorxuram ki, qızın ümidləri suya düşsün.
-Axı niyə?-yavaşca soruşdu və nəfəsini tutub saxladı
-Arzuda xərçəng aşkarlanıb...
Sevinc gerisini dinləmədi. Müxtəlif düşüncələrin və duyğuların əsirinə çevrilmişdi artıq. Naməlum istiqamətə kilidlənərək yaşadığı dünyadan, zaman və məkandan təcrid olunmuşdu sanki.
İlahi! Bu nə deməkdir?! Sırf “əlil” doğulub deyə uşaqdan imtina etmək? Heçmi vicdanları sızlamır? Heçmi yuxularına kabuslar qonaq gəlmir? Heçmi onu düşünmürlər? Heçmi? Heçmi? Heçmi?...
Suallar, suallar, suallar. Cavab isə yoxdur...
Lənət! Lənət! Yenə də lənət!
Onsuz da insanların əlilliyi olan şəxslərə xəstə, dilənçi kimi görmələri azdırmı bəyəm? Harada əlil gənclər görünürsə gözlərdə peyda olan o “yazıq” baxışlar azdırmı? Onların təbəssümlərinə qarşılıq verməmək azdırmı? Sanki bunlar insan deyil, yadplanetlilərin qohumlarıdır. İnsanların yaşadıqları planetə göndərilən öldürücü virusun daşıyıcılarıdır. İnsanlığa ən son nöqtə!!!
Sevinc ona tanış olmayan bir dünyadan zorla ayrılıb dizlərinə dirsəkləndi. Gözlərindəki təəccüb qəzəblə əvəzləndi. Nəfəs alma-vermə prosesi sürət həddini aşırdı.
-Hacı müəllim, məni niyə çağırmısınız?
-Səni tanıyıram, qızım. 7 il əvvəl rəssamlıq kursuna yazıldıqdan qısa müddət sonra sənin ruhunu kəşf etmişəm.
-Mən o valideynləri bağışlaya bilmirəm,-səsi titrəyirdi.
-Günahlandırma, Sevinc, lazım deyil.
-Axı necə?! Bu vicdansızlığı necə edə biliblər?!
-Təkcə əlilliyi olan uşaqlardan imtina etmirlər, qızım.
-Amma...
-Sakitləş, qızım. İndi isə diqqətlə dinlə məni. Eşitdiyimə görə iş axtarırsan, hə?
-Bəli, Hacı müəllim.
-Niyə? Tələbəlik həyatından narazısan? Xoş deyil?
-Xoş? Razıyam, tələbəlik insan həyatında önəmli yer tutur, amma bunu ölkəmizin təhsil sisteminə aid etmək olmaz. Oxumayan rüşvət verərək canını qurtarırsa, oxuyanı sıxma-boğmaya salırlar....Amma bir dəqiqə, Hacı müəllim. Siz haradan bilirsiniz axı?
-Bilirəm, bilirəm, qızım,-deyib dərindən nəfəs aldı.- İndi isə əsas səbəbini söylə mənə.
-Keçən ilin hadisəsidir. İkinci kursda oxuyurdum. Evdən çıxıb metroya yol alarkən kiçik qız uşağı ilə rastlaşdım. Haradasa beş-altı yaşlarında olardı. Üz cizgilərindən anladım. Həm nitqi, həm də əqli inkişafdanqalma. Getmək istəmirdi. Anası bezmişdi. Onun qolundan tutub az qala sürüyürdü. Ayaqlarım mıxlanmışdı, hərəkət edə bilmirdim. Az sonra uşağın atası gəlib qızı qucağına alıb apardı.
Sevinc yanaqlarına cığır salan isti göz yaşlarını qurulamaq üçün çantasından quru salfet çıxartdı.
-Sonra?
-Universitetə necə getdim, dərslər necə keçdi, kurs yoldaşlarım nə soruşdular, müəllimlərin mühazirələri-filan, heç birini xatırlamırdım. O səhnə gözlərimin önündən silinmirdi. Baxmayaraq ki, mən anama görə filoloq olub elmi idarədə işləyəcəm, amma...Bilmirəm necə deyim...Hər dəfə uşaqları görərkən içim qaynayır, sanki özümü təzədən kəşf edirəm...
Hacı müəllim Sevincin təzə dünyasını dağıtmadan onu izləməkdə idi.
-Axşam anama danışmaq istədim, amma...
-Danışmadın. Çünki eqoist xasiyyətinə bələdsən.
-Aha. Atamı isə işdən qayıdandan sonra yükləmək istəmədim. Qardaşım mənim halımı görüb söz almağa çalışırdısa, alınmırdı cəhdləri. Bir neçə gün keçdi, söylədim və kiçik işlə təmin olunmaq istədiyimi də bildirdim. Anam həmişəki kimi tufan qopartdı. Atam sənədsiz normal iş qəbulunun imkansız olduğunu dedi.
Hacı müəllimin simasını bürüyən əminlik getdikcə daha da güclənirdi.
-Bəs Nazlıya bir müddətlik baxmağa nə deyirsən?
-Bu... ola bilərmi?
-Eh, qızım. Niyə olmasın axı? Səni duzlayıb yeməyəcəklər ki...
Sevinc evdə qərarını deyərkən anası ilə münaqişəyə girməkdən qaça bilmədi.
-Yox! Yox! Yenə də yox!!!-qadın rəsmən bağırırdı.
-Xeyir ola, anacan?-kinayə ilə soruşdu.
-Olmaz dedim.
-Səbəb söylə mənə.
-Qız uşağısan. Nə deyərlər, heçmi vecinə deyil, hə? Fəlakət! Kübar ailənin qızı xəstə uşağa dayəlik edir. Biabırçılıq! Onsuz da sənin nazınla çox oynamışıq. Yetər!
-Samirə xanım, sizə və sizin beyninizə acıyıram sadəcə.
-Ağzından çıxanlara diqqət elə, tərbiyəsiz!
-Amma nədənsə mənə elə gəlir ki, diqqət eləməli olan şəxs mən deyiləm, sənsən, əziz anacan! Heç kim əlillikdən sığortalanmayıb, heç kim! Və sənin kimilərin beyni onları xəstə və dilənçi kimi qəbul edirsə, mənim kimilər təmizləyici rolunu ifa edirlər...
Axşam düşdü.
-Hacı müəllim məsləhət bilirsə, mənim etirazım yoxdur.
-Amma, Fuad...
-Samirə, bəsdir görüm! Onsuz da məni boğaza yığırsan hər dəfə!
-Deməli belə?! Mənim hüququm yoxdur bu evdə, eləmi?!
-İlahi! Ana, çox böyüdürsən e. Mən bacımın tərəfindəyəm, bu qədər.
İki həftə sonra.
Sevinc qapını taqqıldatdı. Qapını açan Dilqəm sevinclə onu içəri dəvət edərək özü tələsik Nazlını öpüb evdən çıxdı.
Arzu dövlət xətti ilə Almaniyada müalicə alırdı. Tez-tez əlaqə yaradırdı yaxınları ilə.
Sevinc mətbəxdə isti-isti qurabiyələri düzərkən Nazlı əlini uzadıb birini götürmək istədi.
-Hə, Nazlı,indi cəzalanacaqsan,- Sevinc gözlərini hiyləgərcəsinə qıyaraq söylədi.
-Niyə?- qızcığaz gözlərini təəccüblə bərəltdi.
-Buna bax hələ. Sənsən üstümə qəhvəni dağıdan, bax ona görə. Yəni bu boyda ləkəni görmürsən?
-Axı bilərəkdən olmadı, Sevinc bacı.
-Mənə nə?! Qurabiyələrin dadına baxmaq yoxdur sənə. Al cəzan,-deyib dil çıxartdı.
-Nə edim bəs?
-Qoy bir fikirləşim. Hmm, belə-belə işlər, Nazlı xanım-xatın. Aha, tapdım. Gəl arxamca.
Sevinc mətbəxdən çıxarkən Nazlı tələsik 1-2 qurabiyəni qaparaq gizlətdi. Əlil arabasını sürdürüb salona daxil oldu.Sevinc divanda rahatca oturub onun yolunu gözləyirdi.
-Hey, kiçik xanım, bax ora,-deyib barmağını masaya tuşladı.-Məni qəşəngcə çəkirsən. Bax ha, eybəcər çıxmayım...