Açıq eyvanda əlində viski dolu qədəhlə dayanaraq iliklərinə işləyən soyuq küləyin üzünə əsməsinə icazə verib gözlərini bərk-bərk qapatmışdı. Bir əlində qədəh tutduğu halda, digər əlini ağ şalvarının cibində gizlətmişdi. Əynindəki qara köynəyinin qolları dirsəklərinə qədər qatlanmış durumda idi.
Bir xeyli belə vəziyyətdə dayandıqdan sonra gözlərini geniş açaraq bədirlənməmiş aya zilləndi. Xəfifcə gülümsünüb qədəhi dodaqlarına yaxınlaşdırdı. 15-ci mərtəbədən məhəlləyə nəzər saldı. Qaranlığa bürünmüş məhəllə bomboş görünürdü.
Birdən-birə üşüdü. Ağır addımlarla eyvandan zala keçid edərək ailə üzvlərinin durumunu izləməyə başladı. Həyat yoldaşı Jalə sevimli serialını böyük maraqla seyr etməkdə idi. Divanda əyləşən 15 yaşlı oğlu kompyuteri dizlərinin üstünə qoyaraq gözlərini ekrandan ayırmaq bilmirdi. 10 yaşlı qızı Nərgiz masa arxasında bədii kitab oxuyurdu.
Seymur kabinetinə daxil olub işığı yandırdı. Qədəhi masasına buraxıb əyləşdi. Külqabına bir xeyli baxdıqdan sonra yanındakı siqaret qutusunu əlinə aldı. Bir siqaret çıxardıb barmaqları arasında diyirlətdi. Alışqanla yandırıb tüstüsünü buraxdı. Söykənib dərin düşüncələrə qərq oldu.
Ayağa qalxaraq bardan viski şüşəsini çıxartdı. Qədəhi doldurdu. Təkrar əyləşərək siyirtmədən bir vərəq çıxartdı. Siqaretini külqabına basıb əlinə qələm aldı. Kimə yazırdı, niyə yazırdı-bilmirdi özü. Yazdıqlarını heç kəsə göstərmirdi də. Beynini məşğul edən, qəlbini incidən sözlər, düşüncələr ağ vərəqlərə köçürülürdü dayanmadan. İçindəki səsi dinləməkdən zövq alırdı.
Bitirdikdən sonra vərəqi əlinə alıb oxumağa başladı. Sanki gərginlikdən azad oldu. Əlini uzadaraq qədəhi götürdü. Xəfifcə təbəssümlə qurtumladı. Siyirtmədən qovluq çıxartdı. İçində bu kimi vərəqlərin sayı çox idi...