Kim olduğu, nə üçün oturacaqda yaşadığı bilinmirdi. Heç kimə ziyanı toxunmazdı, heç kəsə söz atmazdı, sadəcə gəlib keçəni mehriban və ağıllı gözləri ilə izləyərdi. İllərin tənhalığı və yaş öz sözünü desə də, simasından oxunan əsl ziyalılığın heç vaxt və heç nəyə təslim olmadığının bariz nümayəndəsi sayılırdı. Ətrafdakılar heç vaxt onun diləndiyini görmədilər, çünki dilənçi deyildi. “Evsiz” olduğu barədə söz-söhbətlər gedib gəlirdi, diqqətlə müşahidə edənlər isə onun sadəcə bu oturacağı özünə məkan seçdiyini qeyd etməyi unutmurdular. Bəlkə də bir zamanların tanınan, sevilən, seçilən adamlarından idi, bilinmirdi. Üst-başının hər zaman səliqəli olması da diqqət mərkəzində idi.
Hər səhər çəliklə ağır-ağır addımlayıb gəlirdi. Heç kim onu təqib edib yerini-yurdunu, kimliyini-nəçiliyini öyrənmək istəmirdi. Bunu özlərinə günah, cinayət sayırdılar. Onun baxışlarında nə yazıqlıq var idi, nə də yalvarış. O baxışların təsirindən uzun müddət çıxmaq olmurdu.
Havalar soyuq, yağışlı, qarlı olanda ona uzadılan paltolara baxıb gülümsəyirdi və təşəkkürünü bildirirdi. Kofe və isti çaydan qətiyyən imtina etmirdi.
Ətrafda yaşayanlar onun kitabsevər olduğunu xüsusi vurğulayırdılar. Əlində hər zaman köhnə cildli kitab mütaliə etməyi heç kəsin diqqətindən qaçmamışdı. Kitab satıcılığı ilə məşğul olan Kamal dayı onunla söhbət ərəfəsində bu naməlum ziyalıya heyranlığını gizlədə bilməmişdi. Həyata tamamilə küskün olan tələbə İlqar onunla ünsiyyət zamanı öz-özündən utanmışdı.
Şəhərin böyük qismi gecəyə təslim olub yuxuya gedənədək çənəsini çəliyə qoyub düşüncələrə qərq olurdu. Ayağa qalxmamışdan qabaq üzünü aylı-ulduzlu səmaya tutub səmimi qəlbdən gülümsəyirdi. Sonra kitabı əlinə alıb gəldiyi yolla geri qayıdırdı.
Heç kəsdən şikayət etməzdi əslində, amma ürəyində gizli bir narahatlıq keçirdiyi aydın hiss olunurdu. Əvvəllər heç kim onun niyə bura gəldiyini anlamırdı. O, sadəcə həyatı boyu ünsiyyətdə olmadığı insanları tanımaq istəyirdi, onların psixoloji vəziyyəti ilə maraqlanırdı.
Bəzən siqareti damağından barmaqları arasına keçid alanda gözlərini bir nöqtəyə zilləyərək tamamilə başqa dünyaya səyahət edirdi. Bu zaman heç kəs qocanın həndəvərində gəzib dolaşmırdı. Nəfəslərini tutub saxlayaraq ona hörmət və ehtiramlarını bildirirdilər.