Edib mənə tənə yenə, canan, nə deyirsən?
Tutmuş üzünü aşiqinə yan, nə deyirsən?
Hər bir kəs üçün candan əziz söylə, nə var ki?
Mənsə verirəm canımı qurban, nə deyirsən?
Hər şəb şamının şövqünə pərvanə yanarmış,
Mənsə yanıram şövqünə hər an, nə deyirsən?
Hüsnün cahanı nura boyamış sənin, afət,
Sənsiz tar olar bil ki, bu cahan, nə deyirsən?
Bu həsrəti hicrin məni məhv eyləyəcəkdir.
Ver qətlimə fərman, demə hicran, nə deyirsən?
Sorsaydı ki, yarım: - Nədir arzun sənin aşiq?
- “İstərdim olam kuyinə mehman nə deyirsən?”
Vəsfini verib bir bu qədər can dedi Elnur
Bircə dəfə də sən deginən, can, nə deyirsən?