NƏ mənası var?
Xəyal Mahmudlu tərəfindən "" bolməsinə 18:56 24 aprel 2014 tarixində əlavə olunmuşdur

Yaxşıyıq bəzən, bəzənsə pisik.Gülürük və hərdən, hərdən bir kənara çəkilib ağlayırıq.Hətta, bəzimiz heç kimin xəbəri olmasın deyə içimizdə yaşayırıq bu hisləri, qəlbimiz ağlayır.Bəzən günümüz pis keçir, hər şeyə nifrət edirik o gün, yaşamı davam etdirmək istəmirik.

-Mən soruşuram, o zaman yalandan həyata gülümsəməyin nə mənası var?

Pis günləri yaxşı günlər əvəz edir və elə anlar çatır ki, biz həqiqətən gülümsəyirik.Ürəkdən.Qəhqəhələrlə dostlar, sevimli işlərlə sevimli əşyalar, yaxınlarımız, hamsı bizə həyata dəyər vermək üçün vasitə kimi görünür.Təbiətə çıxıb gəzmək, söhbət etmək, öyrənmək və nələr-nələr, hamsı içdən gəlir.Müsbət enerjiylə dolur qəlbimiz.

-Mənə maraqlıdır, bəs o zaman həyatdan küsməyin nə mənası var?

Əsəbləşirikdə.Hərdən çox əsəbləşirik, qəzəbimiz hakim kəsilir bizə.Kiməsə, yaxud kimlərəsə etdiyimiz köməyin qarşılığı pislik olur.Necə əsəbləşməyəsən axı?! Sən, böyük hörmətlə, can yandırıb etdiyin bir yaxşılıq, kömək, o, həmin an öz dəyərini itirir.Ruhdan düşürsən, geriyə baxıb tüpürürsən hər şeyə, hər kəsə.Küsürsən insanlardan, yaxud sevdiklərindən, ya da dost dediyin şəxsdən.Yüksələrik, pillə-pillə qalxarıq, bununla qalmaz kimlərinsə yüksəlməsinə də yardım edərik.Ancaq nə olar, o insanlar kürəyimizdən bıçaqlayar bizi.Əsəb, stress, halsızlıq, iştahsızlıq, bunlar səni çevrəyə alar.

-Mən bilmək istəyirəm, o zaman yaxşılıq etməyin nə mənası var?

Bir az öncə küsmüşdük, yadındadır? İndi gülümsəyirik.Yaxşı insanları görüncə, yaxşılıq görüncə gülümsəyirik biz.Təşəkkür edirik, kinsiz filansız.Həyatda könül rahatlığından gözəl nə ola bilər ki? Bax, həmin an o könül rahatlığına qovuşuruq.Rahatıq.Hətta həmin vaxt çəkinmədən bu sətirləri söyləyərik içimizdə:

             “Çəkdiyin ağrılar tezliklə keçər,

               Qəmi at, insanoğlu, hara tələsirsən?

               Müdrik insan daima paklığı seçər,

               Yavaşca, səbrlə, hara tələsirsən?”        

Yaxşı əməllər, yaxşı insanlar, bunları görüncə biz də yaxşılıq etmək, kiminsə, kimlərinsə sevincinin səbəbi, səbəkarı olmaq istərik.Bir dostumuza dərslərində kömək edərik, yaxud yolda qarşımıza çıxan bir qoca nənəyə əlindəki zəmbili aparmaqda yardımçı olarıq, ya da birisinə dar günündə gücümüz çatan qədər pul verərərik.Nəsə edərik sırf insanlar sevinsinlər, tək olmadıqlarını, insanlığın ölmədiyini bilsinlər deyə.     

-Soruşuram sizə, onda pislik etməyin nə mənası var?

Dostumuz, tanışımız, yaxud da iş, tələbə yoldaşımız pis bir iş görər.Gülərüz şəkildə, heç bir təhqirə, tənqidə yol vermədən ona doğru yola dönməsi üçün məsləhətlər verərik.Şikayət etmərik kiməsə, əksinə xoş münasibətlə, dostca davranaraq dəstək olarıq.Amma nə olar? O insan yenə öz bildiyini edər, kifir dolmuş qəlbinin qapılarını sənin o saf, qəlbdən gələn sözlərinə qapayar.Etdiyin bütün şeylər əbəs yerə.

-Mən bilmək istəyirəm, o zaman xoş rəftarın nə mənası var?

Birisi – tanışımız, yaxud rəhbəri olduğumuz müəssisənin işçisi, yaxud övladımız, ya da valideynimiz, qardaşımız, bacımız, ya da bir dostumuz xoşagəlməz bir hərəkət edər.Ola bilsin ki, bilərəkdən, yaxud da bilməyərəkdən edər bunu.Qəzəblənərik və həmin şəxsə dişimizin dibindən çıxan ən pis sözləri söyləyərik.Qarşımızda olan insan, o, inciyər bizdən, küsər.Hansısa bacarığının inkişafının üstündən bir dəfəlik xətt çəkməsinə, yaxud da işdən qovulmasına, ya da qorxunun, özünə inamsızlığın yaranmasına səbəb olarıq.Ən pisi isə onun intihar etməsinə.

-O zaman soruşuram, kimisə tənqid etməyin, aşağılamağın nə mənası var?              

Hansısa məclisdə, yaxud da tədbirdə, ya da məhlədə insanlarla söhbət edərkən adi bir cümlə qurmağı, firimizi çatdırmağı bacarmarıq.Hansısa kitab barəsində danışılarkən ətrafımızdakı hər kəs mövzu haqqında nəsə fikir söyləyər, ən azından anlayışı olar, bizsə eləcə mal kimi baxarıq.Hətta, bəzən pulumuz çox olar, ancaq düşünmək qabiliyyətimizsə sıfır.Kitab oxuyanları belə ələ salarıq.

-Soruşuram o zaman, kitab oxumamağın nə mənası var?   

Çox oxuyarıq, çox.Kitablar, qəzetlər, elmi məqalələr.Biliyimiz çox yüksək.Gedərik iş axtarmağa, hara getsək alınmaz, işə qəbul etməzlər bizi.Çünki, xarici dil bilmərik.Onlarasa yalnızca xarici dil biliyi olan insan lazımdır.Düşün, oxuduğun kitablar sən demə hədərmiş.Dəyməzmiş onlara oxumağa, o qədər vaxtı tükətməyə.

-Mən axı bilmək istəyirəm, onda kitab oxumağın nə mənası var?           

Birisini sevərik.Həqiqətən sevərik.Onun nə pulu, nə xarici görkəmi, nə də həyatı haqqında maraqlanmarıq, sevərik sadəcə.İçdən gələn bir hiss hakim kəsilər qəlbimizə.Etiraf edərik.”Yox” –cavabı eşitdiyimiz an, həmin an bir ruh düşkünlüyü, iç yanğısı sarar ətrafımızı.Ya da, “hə” –cavabı eşidərik.O zamansa sevincimizin həddi-hüdudu olmaz.Görüşərik, sevdiyimizlə, söhbət edərik.Saatlarca gözlərinə baxsaq belə doymarıq, axı sevərik.Beləcə xoşbəxt günlər gələr...keçər.Münasibətdə soyuqlaşmanı sezərik.Ayrılmaq istədiyini duyduğumuzdaysa qolumuz sınıb yanımıza düşər sanki.Bəyənməyib bizi, artıq sevmirmiş.Ayrılarıq, amma yenə də sevərik.

-Soruşuram sizdən, o zaman sevməyin nə mənası var?

Sevgi, söhbət əsl sevgidən gedir, o, bir gün qapımızı döyər.Qəlbimizin qapısını.Açarıq qapını onun üzünə və yaxşı ki açarıq.Çünki, o özüylə səadət, xoşbəxtlik, sayğı gətirər.Həyatımızı öz rəngləriylə boyayar, rəngarəng edər.Təbii gülümsəmələr, onun yerini heçnə vermir.Sevdiyimiz insan yanımızda olduqca, daha bizə nə lazım? Heçnə.Bizə çalışmaq və qarnımızı doyuduracaq pulu qazanıb gətirmək qalar.Həyatı firavanlıqla keçirmək gözləyir bizi qarşıda.

-Mən bilmək istəyirəm, onda sevməməyin nə mənası var?  


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+8=
Hesaba giriş
Müəllif

Xəyal Mahmudlu
Haqqında
Tələbə, blogger, həvəskar yazar.
Əlaqə
E-mail:
xeyal.mahmudlu@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0298 saniye