“ Neçə il sonra…?! ”
Görəsən neçə il sonra unudacam
anamın məzar başındakı göz yaşlarını ?!
Neçə il sonra ruhum çıxacaq bədəndən?
Neçə ildən sonra Yaradan görünəcək
hər birimizin gözünə, aydın,
çəpərsiz və maneəsiz...?
Neçə il sonra bəyazlaşmağa başlayacaq
səninin o gül qoxulu,
min sirri gizli qalan saçların?!
Və nə zaman unudacam
sevdiyim qadının anamı xatırladan
o ilıq, içərisində tez ölməyim üçün
artıq zəhər saxladığı əllərini...?
Neçə il sonra yox olacaq
dirilərin, ya da yox...
ölülərin hər səhər bezmədən
doğan sarı günəşi...?
Neçə il sonra rədd edəcəksən
şəkillərimi boz otağındakı qara çərçivələrdən...?!
Neçə il sonra bir daha
yaxşılıq xətrinə,
və yaxud vicdanımızı sınağa çəkmək üçün
dilə gətirəcəyik o,
“çox mənalı”
“ əlvidaları” ?!
Unuda biləcəyəmmi əllərini?
Neçə il sonra içdən bir daha ağlayacam
ümidlərimi və sevinclərimi bir dərdinlə
yox etdiyin küçələrində Bakı?
Cavab ver, qurumuş dodaqlarınla mənə...
“Səsini eşidəcəyəmmi şəhərin səsimizi boğan
yalvarışlarının əlindən?
Yoruldun? Nə tez bezdin məndən?
Yaxşı, unut bu şeirdəki sətirləri...
Və cəhənnəm ol, unutduğun
sevgilinin qəbirinə...
Gedən də məni də çağır...
Narahat olma, mən də dərdinə şərik olacam ...