Neft qoxusu
Nigar Şahsuvarova tərəfindən "Esse" bolməsinə 22:40 10 dekabr 2015 tarixində əlavə olunmuşdur

Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim" əsərində təzad əks olunub: Artan neft sənayesi və azalmayan insan ölümü. Necə də aktualdır, elə deyilmi? “Günəşli”nin vəziyyəti də eynən buna bənzəyirdi. Hər dəfə vertolyotdan enərkən briqada üzvləri qorxu və adrenalin hissi ilə dayanmaq bilməyən işin qulpundan yapışırdılar. Qəzalı vəziyyətlərindən, acınacaqlı şəraitlərindən kimə dil açsınlar axı?!

15 günlük “həyat”ları mənə rəhmətlik (ana) babamı xatırlatmaya bilməzdi. Bir zamanlar neft gəmisində kapitan köməkçisi işləmişdi. Bəzən ay yarım, bəzən 4-5 ay Volqa çıxışı ilə sosialist ölkələrə neft daşımışdı. Nənəm danışır ki, kişi sudan savayı heç nə görmürdü. Sonralar ailə vəziyyəti ilə əlaqədar həmin işdən çıxaraq gəmi zavodunda işləməyə başlamışdı. 

“Günəşli” qurban oldu. Təbiətin qisasına tuş gəldi. Diqqət edin: Təbiətin heyvanlarla işi yoxdur, çünki heyvanlar təbiətə zərər yetirmirlər. Amma eyni sözləri insanlar haqqında söyləmək mümkündür? Neft-qara qızıldır, amma “qara bədəl” mütləq və mütləq olmalıdır. Amma acınacaqlısı odur ki, bədəli günahsızlar ödəmək məcburiyyətindədirlər. Ailədən yarımçıq məhrum olmağın nə demək olduğunu haradan bilə bilərsiniz axı?

Sovet dövründə şübhəsiz ki, neftçi ailələri bir-birlərinə qonaq gedərkən neft terminləri uşaqların yaddaşlarına həkk olunurdu. Bu da istər-istəməz uşağı neftçi olmağa təhrik edirmiş kimi görüntü bəxş edir. İndiki zamanın interneti sayəsində uşaqların beyinləri neft terminləri ilə “yuyulmayıb”, amma atalarından yenə də doymurlar.

Neftçilər işləri haqqında kənar adamlardan tərif eşitdiklərində qürrələnmirdilər. Sadəcə düşünürdülər ki, adi işləri var. KİV nə danışırsa, danışsın, neftçi olmaq heç də möhtəşəm duyğu deyil. Hər an dənizdə fırtına baş verə bilərdi və sağ-salamat qurtulmaq şansın ola da bilər, olmaya da bilər.

“Yuxarı”dan əmr gəlir: Nə barədə danışmaq olar, nə barədə olmaz. Təbii ki, belə də olmalıdır. İnsan həyatı hər zaman qara qəpik dəyərində olmuşdu. Bu əmr istər səlahiyyətli şəxslərə, istər media qurumlarına, istərsə də xilasedicilərə ünvanlanmaqdadır.

Mütləq ortaya “təzə mövzu” atılacaqdı. 30 aprel-ADNA, 19 may-yanan bina kimi unudulacaqdı. Bu, fotosu öncəki illərə aid olan Salyan kralı da, gözlənilmədən azadlığa buraxılan Leyla Yunus da, 2-ci ərindən boşanan Mətanət də ola bilər.

Neftli sularda cansız həyat üçün insanlar qərənfillərlə üzr istəyirlər. Vur-tut bircə günlük matəmlə əsl itkinin neft və qaz olması bir daha öz təsdiqini tapmış kimidir deyəsən. Barmaqlar klaviaturalarda gəzərkən canlar yanır, gözlərdən yaş axır, əsəblər partlayır. Ancaq və lakin (!) real həyatda bu duyğular neftçi ailəsindən başqa kimlərəsə məxsus deyil. Hərə öz kefində, öz canının hayında. Bu qədər sadə.

Yerli mətbuatın faciəni gec işıqlandırması utancverici olaydır. Əslində, qınanılmamalıdır. Sovetdən qalma “qapalılıq” prinsipinə sadiq olaraq ilk dövlətdən açıqlama gözlənilir. Çingiz Mustafayev və Elmar Hüseynov bir daha dünyaya gəlməyəcək. Necə ki, ADNA-nın gəncləri, yanan binanın uşaqları, Günəşlinin neftçiləri bir daha geri qayıtmayacaqlar.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+3=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0225 saniye