NEFTÇİ BAKI - 80
Nazim Totti tərəfindən "İnşa" bolməsinə 22:22 19 mart 2017 tarixində əlavə olunmuşdur

Sizə bir az Nazimdən danışım. Sakit, çox dostu olmayan, öz dünyasında bir uşaq... Məni tanıyan insanlar bir az heyrətlə oxudular bu sətirləri. Sadaladığım ifadələr uyğun gəlmir mənə elədir? Haqqında danışdığım köhnə Nazim idi. Bu günki Nazimin memarlarını görürsünüz. Dekabrın 7-si 2014. il,Qarabağ – Neftçi qarşılaşması. Dostlarımın birinin təkidilə hazırlıqdan çıxıb Neftçinin oyununu canlı olaraq stadiondan izləməyə getdim. Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında azarkeşlər toplaşmağa çoxdan başlamışdı. İlk oyunumun 50-ci dəqiqəsində fakellər yandırıldı və polislər bizi stadiondan qovdular. Uşaqlıqda dayım bir neçə dəfə Neftçinin oyunlarına aparmışdı, amma bu atmosfer tamam başqa idi. Beləcə başladım Neftçinin oyunlarına getməyə. Növbəti oyunum Azalla səfər oyunumuz idi. Hazırlıqdan gec çıxdığıma görə Şüvəlandaki oyunun ancaq 2. hissəsinə çata bildim. 20 Yanvar 2015, Forza Neftçi olaraq Elmlər Akademiyası M/S çıxışında toplaşıb, Şəhidlər Xiyabanına yürüyüş edəcəkdik. Metronun çıxışında Sübhan başqan voleybol oyununa gəlməyimi xahiş elədi, gələ bilməyəcəyimi, dərslərimin olduğunu dedim. Bundan sonraki oyunlarda onlarla olacağıma söz verdim. Sonra 15 fevral 2015, ilk dəfə rayona səfərə getdiyim gün. Çox dəli gün idi. Bir avtobus dəli Neftçili, içki, siqaret və yetəri qədər fakel. Atmosferin möhtəşəm olacağına şübhə belə ola bilməzdi. Üstünə Qəbələnin buz kimi havasını da qoyduqsa, iş tamamdır. O səfərə daha kimlər getmişdi ehh... Evdən hazırlıq adıyla çıxan Elmirlə başlayaram, yolda hazırlıqlarını düşünən Nazimlə davam edərəm və say-say bitirmərəm. O gün, 1-0 uduzurduq, yenə 50-ci dəqiqədə fakelları yandırdıq, Qəbələnin dumanına duman qatdıq. Oyunu 13 dəqiqə gecikdirdik və ondan sonra Neftçinin vurduğu 3 qolun asistini eləmiş olduq. Fevralın 19-u qardaşımız Orxan tutuldu, hər oyun tribunalarda onun azadlığı üçün bağırdıq, hər cürə dəstək olduq. Hələ də yadımdadır. 3 iyun 2015. Qarabağ – Neftçi qarşılaşması, Kubok finalı. Oyun Qəbələdə keçiriləcəkdi. Oyuna hazırlıqlarımız 1 ay əvvəlcədən başlamışdı. 4 avtobus Forza Neftçili və daha 3 avtobus Neftçi azarkeşi Qəbələyə yola düşdük. Həmin gün çox bərbad keçdi. Neftçi utandırdı. O əfsanə Neftçidən əsər əlamət qalmamışdı. Əsəbindən ağlayan yoldaşlarım, baş ağrısından 3 dənə siqareti eyni anda çəkən mən, dizlərində taqəti qalmamış Neftçililər. Teymur başqan mənə avtobusda o dərmanı verməsəydi, bəlkə də baş ağrısından köçmüşdüm. Gəldi çıxdı 2016, mənim abituriyentliyim, təbii ki, “Hər şeyin başı təhsildir” düşüncəsilə yalnız vacib əhəmiyyət daşıyan oyunlara gedirdim. Keçən sezon çox şey oldu. Azersun Arenanın açılış oyununda ilk qolu Eric Ramos vurdu, illər sonra Xəzər Lənkəranı Lənkəranda çökdürdük. Kubokun finalında Qarabağa meydanda məğlub olduq, lakin tribuna... Tofiq Bəhramov adına Respublika stadionunun 38 sektorunun 37-sinin gözü o gün 21. sektora zillənmişdi. “We are against you all together” başlığı altındaki kareografiyamız və sektoru tam dolduran 1000 nəfər möhtəşəm Forza Neftçili. 120 dəqiqə susmadan dəstək verdik. Qolu da elə 120-ci dəqiqədə buraxdıq. Komandanı yenilədilər. Köhnə oyunçuların hamısı getdi. Ümidlənmişdik ki, nəhayət Neftçi düzəlir deyə. Lakin yenə də ümidlərimiz puç oldu. Avropa Liqasında kənd komandasına məğlub olduq, 5 oyun protesto elədik komandanı. 5 oyundan sonra, hər oyun rəhbərliyin istefasını tələb edirdik. Masazırda Qəbələdən 8 top buraxdığımız oyuna dostlarımın birinin məclisi olduğuna görə gedə bilmədim, ilk taym bitdikdən sonra hesaba baxıb “0-5” gördükdə iki diz üstə çökdüm. Oyunun 0-8 bitdiyini görəndə hönkür hönkür ağladım. Səhəri gün 39.4 qızdırma ilə yatırdım, gözlərim heç nə görmürdü, ağlayırdım. Mərdəkanda Azala uduzanda bir adın qalmışdı, bir də ki Forza Neftçin. Səni yağışda, qarda, günəşdə, küləkdə, həm yaxşı, həm də pis günündə tək qoymayan insanların var idi orda. İndi isə komanda düzəlir, komandanı pis gündə atıb gedənlər yenə illərin Neftçilisiymiş kimi peyda olur. Bu gün biz, 1 A sektoruna bilet saxlamıyan azarkeşlərik, Forza Neftçiyik. Bu gün biz, ölkənin ən böyüyük, tək böyüyük. Hər kəsin barmaqla göstərib, “Bunlar olmasa, Neftçi də olmaz” dediyi insanlarıq. 80 illik komandanın, 8 illik azarkeş qrupuyuq. Xanımlar və cənablar, 18 yaşım var, 18 yaşında gənc bir oğlan olaraq bunu anladım ki, ən pis gündə belə bitməyəcək olan yeganə sevgi Neftçi sevgisidir. 80 yaşın mübarək olsun, Qoca Çinar. Söylə Bakıya özünü çox gözəl bilməsin, Bakı gözəlsə səbəbi sənsən!


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+21=
Hesaba giriş
Müəllif

Nazim Totti
Haqqında
2005-ci ildən NEFTÇİ azarkeşi. Forza Neftçi Azad Azarkeş Qrupunun üzvü.
Əlaqə
Tel.:
050 331 1937
E-mail:
sherlock.holmes.nazim@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0237 saniye