Neftçi olma, oğlum...
Aysel Abdullazadə tərəfindən "Esse" bolməsinə 01:13 09 dekabr 2015 tarixində əlavə olunmuşdur

Bir vaxtlar dənizi çox sevərdim, rahatlıq verərdi mənə… Təbiəti də çox sevərdim… İndi isə… Dənizə baxanda ürəyim ağrıyır, göz yaşlarımı saxlaya bilmirəm, necə çıxım dənizkənarı parka gəzintiyə, hansı üzlə?!

Təbiət bizə zərbə vurdu sanki… Neft və qaz kimi təbii sərvətlərimiz bizə itkilər verdi… İnsan itkisi, ətraf mühitə dəymiş zərər, büdcəmiz…

Təbiətin küləyi, dənizi məhv etdi vətəndaşlarımızı… Çətin və təhlükəli şəraitdə işləyən və evinə çörək aparan, kredit ödəyən insanlarımızı… Kimisi çox cavan idi evlənməmişdi, kimisi övladına toy edəcəkdi, kimisi evdə yolunu gözləyən övladını evinə dönməyi ilə sevindirəcəkdi… Dəniz uddu onları… Torpağa basdırmalıydıq sizi, tapa bilsək, ruhunuz rahatlıq tapsın, cənnətlik olasınız deyə, vicdanımız az da olsa, bizdən əl çəksin…

Nə dərdimiz, faciələrimiz var, neft-qaz səltənətimizdəki varlıqlarımız, oradan gələn pullarımız ilə bağlıdır… Neft Akademiyasındakı terror aktı, neft platformalarındakı qəzalar…

Təbiətdən incimişəm… Olanlara görə qınayıram təbiəti…

Od ünsürümüz atəşpərəst ruhumuzu, keçmişimizi xatırlatdı bizə, yandırdı canlarınızı, canınız yandıqca, bizim canımız içdən yandı… Ah-naləniz, göz yaşlarınız çatana çatdı, əsl insan olan hər kəsə çatdı…

Oddan yandıq, suda batdıq, küləklə uçdu ruhumuz, bircə torpaq susur, dənizlə yola getmir, itkin düşənləri bizə vermək istəmir…

Təbiət bizdən üz döndərib, qisas alır repressiya edir o dünyaya…

Başımız sağ olsun, yasımız tutulsun, unudulmasın bu faciəmiz… Neçə qadınımız ərsiz qaldı, neçə övladımız atasız, babasız nəvə, qardaşsız bacı, neçə valideyn övladsızdır indi… Ümid və səbr edir, gözləyir dənizə baxaraq, əziz olan birisi birdən evə qayıdar deyə…

Allah rəhmət eləsin!

Səbr etdikcə, insanlıqdan çıxırıq…

P.S...
Ana, atam nə işləyir? Məktəbdə mövzu veriblər, peşələr haqda, mən də atamdan yazmaq istəyirəm…
Oğlum, atam neftçidir?
Neftçi nə edir, ana?
Neftçi ölkəmizin büdcəsinin gəlirlərinin böyük hissəsini gətirən milli təbii sərvətimiz olan neftimizi çıxardır ki, dövlət də onu satıb, pul qazansın bizim kimi vətəndaşlarına…
Ana, mən də neftçi olmaq istəyirəm… Dövlətimə xeyrim dəysin… Neftçi olmaq üçün nə etməliyəm?
Təhsil almalısan, öncə orta məktəbdə, sonra ali məktəbdə… Neft Akademiyasını bitirib işə düzəlməlisən…
Ura! Mən də böyüyəndə neftçi olacağam, gedim yazım, qoy hamı fəxr etsin atamla…
Bu zaman ananın telefona zəng gəlir:

Televizoru aç, xəbərlərə bax, ərin orada işləmir ki, bu gün işə getməyib yəqin ki, ərin…
Ana televizoru qurur, baxır, kövrəlib, ağlayır… Anlayır ki, ərinin üzünü daha görməyəcək, onunla fəxr edən oğlu atasız qalacaq…

Oğlum, neftçi olma, lazım deyil, başqa sənəti seç, təhlükəsiz, evdəkilərin gözü yolda qalmasın...

Günel Fərhadqızı...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+20=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0208 saniye