Nənəm öldü. Dünən onunla birlikdə idim. Deyib gülürdük. Amma bugünü bəd xəbərlə açdım. Nənəm dünyasını dəyişib. Onun səsi hələ də qulaqlarımdadır. Yerimdəcə quruyub qalmışdım. Axı bu, necə olar bilər? İnanmağım gəlmirdim. Özümə təskinlik verirdim ki, yalandır, nənəm sağdır-filan. Hətta dayanmadan göz yaşı tökən anama da təkrar edirdim. Anam isə çarəsiz baxışlarla mənə baxırdı. Saçlarıma sığal çəkərək məni qucaqlayırdı, amma mənsə davam edirdim. Gözlərimi bir nöqtədən ayırmadan sözlərimi təkrar edib dururdum. Sonra hər şey anidən baş verdi. Sanki məni ilan vurdu. Kəskin hərəkətlə ayağa qalxaraq işıq sürəti ilə otağıma yüyürdüm. Qapını çırpıb üzüqoylu çarpayıma atıldım və böyük hıçqırtı ilə ağlamağa başladım. Heç kim gəlmədi, heç kim. Nə mənimlə “düşmən” mövqeyində olan qardaşım Səlim, nə də atamla anam. Əslində, düz hərəkət etdilər. Çünki bilirdilər ki, mənə təklik lazımdır.
Nənə, nənəcan. Yəni doğrudanmı yoxsan artıq? Sənin “uşaqlıq”ların, söhbətlərin bir də olmayacaq? Sənin sayəndə qoca adamların əslində uşaqlaşdığını öyrənmişdim, sənin sayəndə göyərçinləri sevmişdim, sənin sayəndə salat hazırlamağı öyrənmişdim, nənəcan.
Məni çağırırdılar, amma getmədim, gedə bilmədim. Özümdə güc tapa bilmədim çünki. Sənin qara torpağa təhvil verildiyini görməkdən qaçdım, çünki qorxdum, nənəcan.
Bilirəm, çox arzuların vardı...
Böyük dayımın üç oğlu ayrı-ayrılıqda xarici ölkələrdə oxuyurlar. Tez-tez onların bir araya gəlməsini arzu edirdin. Böyük süfrə açacaqdın, bayram keçirdəcəkdin, hərəsi ilə ayrı-ayrılıqda maraqlanacaqdın. Bayram günlərində sənə zəng vuraraq təbriklərini çatdıranda gözlərinə işıq gəlirdi, yadımdadır.
Kiçik dayım 20 ildən çoxdur ki, Ukraynada yaşayır, sənsə onun tezliklə Vətəninə qayıtmasını istəyirdin. Ukraynada cərəyan edən hadisələrdən dolayı qorxmuşdun. Baxmayaraq ki, paytaxt Kiyevdə yaşayırdı və orada heç bir qarışıqlıq-çaxnaşma yox idi, amma yenə də ana ürəyi. Şikayətlənirdin ki, niyə bu qədər uzaqdasan? Amma dayım səninlə danışarkən ürəyin rahatlıq tapırdı azacıq da olsa, hə?
Bir də qardaşından xəbər tutmaq istəyirdin. İkinci Dünya Müharibəsinin əvvəllərində əsir düşən qardaşından. Danışırdın ki, özün o vaxtlar uşaq idin, 6-7 yaşın vardı, qardaşın isə 18-19 yaşlı gənc idi. Müharibə bitdi, faşizm qalib gələ bilmədi, dünya sevinclə qələbəni qeyd etdi, müharibə cinayətkarları Nürnberqdə cəzalarını aldılar, Berlin divarla ikiyə bölündü, amma sənin qardaşından xəbər çıxmadı. Görücülər onun sağ olduğunu anana demişdilər, amma buna baxmayaraq “vətən xaini” kimi damğalanan qardaşından səs çıxmırdı. Sənsə gözləyirdin, ömrünün sonuna qədər ümidini itirmədin.
Gözlərin zəif görürdü, amma bir dəfə müalicədən sonra ikinciyə razılaşmamışdın. Rüşvətə görə təbii, bir də həkimdən incimişdin deyəsən. Mübariz həkim deyəndə ki, iki gözü bir yerdə müalicə etmək mümkün deyil, sən bunu bir az başqa cür başa düşdün. Anam başa salmağa çalışdı, amma yenə də inad.
Mənimlə bağlı arzun da vardı. Gözəl yeməklər bişirməyimi istəyirdin. Amma, bilirsən ki, bir tək salatı bacarıram, qazı yandırmaqdan qorxuram. Həm mənim gələcək sahəmə elm aid idi , nənəcan, məişət ikinci planıma daxil idi. Tələbəliyimin son aylarını yaşayırdım, bunu dəfələrlə başa salırdım axı sənə.
Tez-tez gəzməyi arzulayırdın. İlahi, sənin evdə çəliklə asta-asta yeridiyini nəzərə almaq gərək idi. Düzdür, əvvəllər dayımgil səni maşınla şəhərə aparıb bir az gəzdirərdilər, amma son aylar içində onun mədə-bağırsaq sistemində əmələ gələn problemlərə görə səninlə maraqlana bilmirdi. Anamla mən 2-3 dəfə səni evdən çıxardıb gəzdirmişdik, mağazada alış-veriş etmişdik, hətta bala pişiyi də izimizə salmışdıq.
Nənəm mənim...