Nietzsche-nin travması
ŞvartsMan tərəfindən "Esse" bolməsinə 23:10 16 iyun 2015 tarixində əlavə olunmuşdur

Bu  yazı  Niçenin  nə  tərifi,  nə  də  tənqidi  deyil. Bu  yazı  qısaca  Niçenin  üstinsan (übermenş) fəlsəfi  terminin  onun  dahiyanə  kəşfi, yoxsa  öz  travmalarına  fəlsəfi  maska  geydirərək gizlətmək cəhdi  idi  sualının  bir  növ  cavabıdır.

Dindar  atanın  allahsız  oğlu

Niçenin atası  protestant keşişi  idi. 5 yaşı  olanda  atası  ölür. Sonra  qardaşı  da  ölür. Və  Niçe  "qadınlar  bazarı"na  düşür. Nənəsi, dul  anası,  bacısı  və  subay  xalaları  ilə  yaşamalı  olur. Sonrakı  illərdə  bu  qadınlarla  keçirdiyi  həyat  düşüncələrinə  təsir edəcəkdir.

Atasız  böyüyən Niçe  "ata  axtarışında" olur. Bir  çox  filosof  və  yazıçılardan  təsirlənir. Xüsusilə  Stoiklərdən  və  Heraklitdən, Şopenhauer  və  Darvindən. Adətən  atasız  böyüyən  uşaqlarda  atalıq  sevgisini  kompensasiya  edəcək  biri  lazım  olur. Kiməsə  sığınmaq  və  ideallaşdırmaq  istəyirsən. Çünki  psixoloji  cəhətdən  yanaşsaq, atamız  Tanrının yer  üzərindəki  prototipidir. Yaxud  kölgəsi. Tanrı  da  deyir, mənəm  haqlı,  mənim  sözüm qanundur, atamız da  elə  deyir. Atası  ölüb və  Niçe  yeni  "ATA"  yaratmalıdır. Prototip  ölübsə, birbaşa  Tanrıya  yönəlməliydi  filosof. Amma  bunu  etmir. 

Tanrının  qatili

Artıq  gənc  Niçe  18-20 yaşlarında  tanrıya qarşı  inancını  itirir. Buna  dindar  atasının vaxtsız  ölümü, oxuduğu  kitablar  və  mifologiyalar  səbəb  olur. 1865-ci  ildə  20  yaşı  olarkən bacısı  Elizabetə  yazdığı  məktubunda  "rahat  yaşamaq  üçün inanmalı, həqiqəti  tapmaq  üçün sorğulamalısan"  deyirdi. İlk  dəfə  isə  "Şən  Elm" adlı  kitabında Tanrının  ölümünü bir dəlinin  dilindən elan edir: Gott  ist  tot (Tanrı  öldü -alm.)

Niçenin  yerində  başqası  olsaydı  belə  etməzdi. Nəinki  Tanrıya  qarşı  inamı  itdi, hətta  onu  öldürdü  də. Bu  artıq  o  demək  idi  ki, Niçenin inanmağa  və  təsəlli  tapmağa  sığınacağı  yoxdur. O inanmağı  yox,  düşünməyi seçdi. Amma  insan nəyəsə  inanmalı  və  sevməlidir. Niçe  itirilmiş  inam  və  sevgi hissinin yerinə  nəyisə  qoymalı idi. Həyatında  kişi  obrazlarını  itirmişdi. Atası  balaca  ikən ölmüş,  Tanrını  isə  özü  öldürmüşdü. Niçe  bu  çətin  vəziyyətdən çıxmalı  idi.

Qadınlarla  bəxti  gətirmir 

Niçenin  bacısı  və  anası  dindar  qadınlar  idilər. Anası  ilə  münasibətləri  yaxşı  deyildi. Bir  tərəfdən  Niçenin qadınlarla  münasibəti  Şopenhaueri  xatırladı  və  təsadüfi  deyil  ki, Niçe  gəncliyində  onun  fəlsəfəsindən  çox  təsirlənmişdir. Ailədaxili  qadınlarla  münasibətindəki  uğursuzluqlar  onu  fahişəxanaya aparıb çıxartdı. Sonradan həyatında  ağıllı  və  gözəl  qadının  əksikliyini  hiss edən Niçe  Salome-yə  aşiq olur. Gözəl  dost münasibətləri  olsa  da, sonradan onun evlilik təklifi  şairə  qadın tərəfindən  rədd edilir. Qadın  Niçenin  dostunu sevirmiş.Əlbəttə ki,  Niçenin  qadın siyahısında  Riçard  Vaqnerin xanımı  Cosima-ya qarşı  məhəbbəti  də uğursuz  olur  və  qurulan  dostluqları  sonradan  elə  bir həddə  çatır ki, Cosima  Niçe  haqqında "masturbasiya  eləməkdən beyni  çürümüş  xəstə  adam"  sözlərini deyir. Və  həyatı boyu  qadınların  ona  yaşatdığı  bu travmalar  onun  fəlsəfəsinə  təsir  etmişdir. Atası uşaqkən ölmüş, Tanrının  qatili  olmuş, qadınlarla  həyatı  boyu  bəxti  gətirməyən,  kitabları  demək  olar  ki  heç  oxunmayan  tərk  edilmiş  tənha  filosofun  bir çıxış  yolu  vardı: ÜBERMENŞ!

Übermenşi  yaradır

Bura  qədər  oxuduğunuz  üçün  təşəkkür  edirəm. Elə  əsas  hissə burasıdır. Belə  ki, "Übermensch"  almancadan tərcümədə  "insanüzəri, üst(ün)insan, fövqəlinsan, insanüstü" kimi  mənaları  vardır. İlk  dəfə  bu sözü qədim roma  yazıçısı  Lucian "hyperanthropos" (hyper-üst, üstün, anthropos -insan)  kimi  işlətmişdir. Übermenş  və  hiperantropos  sözləri gördüyünüz kimi eyni  mənalı  sözlərdir.Dəqiq  deyə  bilmərəm, Niçe  bu sözü  Lucian-dan  götürüb ya  yox, amma qədim  yunan-roma  ədəbiyyat  və fəəsəfəsi  bilicisi  olan Niçe çox  güman bu  sözə  rast  gəlmişdi. Niçenin  Zərdüştü  hipernatropos -üstün insan idi. Onda  sual  yaranır  ki, bəs  Lucian  haradan götürüb və  necə  yaratmışdır?

Burda  artıq  mifologiyaya (əslində  mitologia)  gedib çıxırıq. Romaz  mifologiyasına yox, çünki  Roma  mifologiyası  yunan mifologiyasının şəkil  dəyişmiş  kopyasıdır. Ümumən yanaşanda, mifologiyada  3  cür  insan etapına  rast  gəlinir: insanlar, yarıinsan-yarıtanrılar  və  tanrılar. İnsanlar  adi xalqın nümayəndələri idilər, sənin-mənim kimi. Yarıinsan-yarıtanrılar  isə  hamımızın mifologiyadan yaxşı  tanıdığımız Herakl, Axilles, Perseus  kimi  qəhrəmanlardılar. Çünki insan  və  tanrıların  cinsi əlaqəsindən  yaranmışdılar. Ölümlü  insan idilər, amma  tanrısal  qeyri-adi  gücə  sahib idilər. Nə  tam insan idilər, nə  də  tam tanrı idilər. Tanrılar  məsələsi də  aydındır  yəqin. Hər  şey  onalrın əlində idi, hər  şey  onların istədiyi  kimi olmalıydı. Niçe  bunları  çox gözəl  bilirdi. Elə  Niçe  fəlsəfəsində  də bu cür  3-lük  var: sürü, insan və  üstinsan. Diqqət: insan, yarı-tanrı, tanrı. Niçe  bu  mərhələlərdə  ciddi  dəyişiklik elədi. Tanrını öldürmüşdü  onsuz  da. Tanrının  yerinə  yarı-tanrını (übermenşi)  gətirdi. Niyə? Çünki  Niçe  bilirdi  ki, əgər  tanrı  varsa,  insan üstün olmayacaq, yüksələ  bilməyəcək, dustaq, kölə  qalacaq. Tanrı  insan  önündə  barrikadadır. Tanrılar həmişə  qısqanc  və  qəddar  olublar  və    bilirdi  ki, Tanrını  aradan götürmək  lazımdır,  yoxsa  übermenşi-yarı-tanrının  yaşamağa  imkanı olmayacaq. Tanrını  öldürməklə  üstün insanı  yaratdı. Artıq  insan özü  Tanrı  idi. Mifologiya  ilə  Niçe fəlsəfəsini  müqayisə  etsək, mifologiyadakı adi  insanlar, yəni  xalq  Niçedə  sürü (qoyun  sürüsü) oldu. Tanrı  öldüyünə  görə yarı-tanrının yerini insan  tutdu  və  yarı-tanrı da Tanrının  yerini  ələ  keçirdi. Beləliklə, Niçe  Tanrını taxtdan  saldı. Yəni  Niçe  üçün tanrı fəlsəfə  və  insanlıq  tarixinin  palçıqlı  ayaqqabıları  altında  qalıb toza  döndü. İndi  ÜBERMENŞ  vardı. İndi  Niçe  inana  və  söykənə  biləcəyi "atasını"  tapmışdı. İki  atası da  ölmüşdü, 3-cü  atasını  özü  yaratmışdı. Adı  da  Übermenş  idi. 

Əslində  bunu  yazmaqda  məqsədim  odur ki,kimsə  etalon deyil. Niçe  fəlsəfə  tanrısı  ola  bilər, amma tanrı  deyil, insandır. Onun da  fəlsəfəsini  formalaşdıran  təkcə  oxuduğu  kitablar  deyil, yaşadığı  hadisələr, "travma"larıdır. Necə  ki, Platon müəllimi  Sokratın ölümündən təsirlənib "Dövlət"i  yaratdı; necə  ki, Şopenhauerin  anası ilə  nifrət  dolu  münasibəti  sonradan onu  qadınların  "monstr"ına  çevirdi; və  necə  ki, Niçenin  atasının  vaxtsız  ölümü onu "Übermenş"in  yaradıcısına çevirdi. Artıq   Niçenin  kişixasiyyətli  Übermenşi  onun tanrısı idi. Niçedən soruşsan ki,  xoşbəxtlik  nədir? Deyəcək  ki, üstün insan olmaq. 

Çox uzatmadan  bunu da  qeyd  edim  ki, filosofların adi  insanlardan  fərqi  odur  ki, onlar

travmalarını  yaxşı  gizlədə bilirlər, hətta ona  fəlsəfə  yükləyərək  haqq  qazandırmağı  da bacarırlar. Bu da  onların  çıxış yoludur. Həyat  elə  bir  labirintdir  ki, hər kəs  burdan çıxış yolu  axtarır, Kimisi  başqalarının  yolunu  izləyərək,  kimisi  də  Niçe  kimi  öz  yolunu  yaradaraq. 

16 iyun 2015


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+3=
Hesaba giriş
Müəllif

ŞvartsMan
Əlaqə
Tel.:
055 519 35 77
E-mail:
gschwarzmann@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0235 saniye