Nizam-intizam anlayışı və məsuliyyət hissi
Gülzarə Hüseynova tərəfindən "Digər yazılar" bolməsinə 10:17 10 mart 2016 tarixində əlavə olunmuşdur

Nizam-intizam anlayışı 

Nizam-intizam deyəndə ilk olaraq ağıla cəza və ya dəyənək gəlir. Amma nizam-intizam bir mənada nizamı təmin edən qaydalardır. Bu sadəcə gənclər və uşaqlara deyil, cəmiyyətin bütün fərdlərinə aiddir. Nizam-intizama bir çox tərif verilmişdir. Bu sahənin mütəxəssisləri onu fərdlərin mənsub olduğu toplumun ümumi düşüncə və davranış qaydalarına riayətini təmin etmək məqsədilə qəbul edilən qayda-qanunlar toplusu kimi dəyərləndirir. 

Hər ailənin əməl etməli olduğu qaydalar mütləq olmalıdır. Bu qaydalar uşaqların valideynlərinin hər dediyini etməsi prinsipində olmamalı, hər mövzuda yeniyetməyə özünü ifadə etmək imkanı verilməlidir. Təəssüf ki, toplumlarda avtoritarizmə, dağıdıcı anlayışa əsaslanan yanaşmalara çox rast gəlinir. Nizam-intizam ailədə nə gəncin mənliyinə təcavüz şəklində əksini tapmalı, nə də onun başıboşluğuna, sərbəstliyinə səbəb olmalıdır. Nizam-intizam qaydaları kiçikli-böyüklü hər kəsin iştirakı ilə formalaşdırılmalıdır. 

Evdə müəyyən qayda qoyulduqdan sonra, ona əvvəlcə böyüklər riayət etməli, sonra kiçiklərdən tələb edilməlidir. Gənc özünün maddi-mənəvi sərbəstliyinə qədər ailənin qaydalarına riayət etməyə məcburdur. Ailədə hərənin istədiyini etməsi sərbəstlik deyil, başqalarının haqqını tapdamaqdır. Qaydalar gənclərin davranışlarına hədd qoymağa deyil, onlarda gözəl davranışlar formalaşdırmağa xidmət etməlidir. Hər davranışın sonunda cəza verməzdən əvvəl gənc səbirlə dinlənilməli, həll yolları aranmalıdır. 

İnsanlar yaşadığı zamanla bərabər keçmişin hüznündən və gələcəyin qayğılarından təsirlənir. Bu bütün insanların fitrətində vardır. Keçmişin əzabları və gələcəyin əndişələri həyatı ağırlaşdırır. Keçmişlərində gözəl iz qoyanlar gələcəyə də ümidlə baxa bilirlər. 

Yeniyetməliyə qədəm qoyanlar özünü qane edəcək və ruhundakı boşluğu doldura biləcək şeylərə ehtiyac hiss edir. Ehtiyaclarını ödəmək üçün də müxtəlif yollara baş vururlar. Bu zaman gənc düzgün yönləndirilərsə, Haqqın qapılarını aça bilər. Əks təqdirdə qaranlıq yollarda itib-batar. Vicdanı duyğulardan yoxsul olan gəncdə, xüsusən də, indiki dövrdə hər şeyin pulla həll edilməsi düşüncəsi formalaşır. Bu da onu asan yolla pul qazanmağa sövq edir; yaşadığı həyatı qaranlıq görür, sonra çirkin işlərə əl atır, bir qazanc əldə edəcəyini düşünür, uyuşdurucu tacirlərinin əlində alətə çevrilə bilir. 

Gənclərin doğru yolda inkişafını təmin etməliyik. Bu səbəbdən etmələrini istəmədiyimiz davranışların səbəbini izah etməli və buna inandırmalıyıq. Allah əmr və yasaqları hikmətləri ilə birgə açıqlayır. Ən böyük Tərbiyəedicinin (Allahın) tərbiyə sistemini ilk növbədə valideynlərin bilməsi zəruri deyilmi? Allah tez-tez "Düşünmüsünüzmü?" sualı ilə ağılı, düşüncəni ön plana çəkir. Sonra da onu öz iradəsi ilə sərbəst buraxır. Hər xətasının cəzasını dərhal verməz: səbirlə qulunun tövbə etməsini, doğrunu tapmasını gözləyər. Xəbərdarlıq edər, tövbə qapısını bağlamaz. Yaxşılığa təşviq edər, pislikdən çəkindirər, ancaq sonda yenə də seçimi insanın ixtiyarına buraxar. 

________

Bir zamanlar hər şeydən şikayətlənən, hər gün "bədbəxtəm" deyə yanıb-yaxılan bir qız varmış. Həyat ona görə çox pis imiş. Həmişə dava-dalaşdan bezib yorular, bir problemi çözər-çözməz qarşısına başqası çıxarmış. 

Qızın atası aşpaz imiş. Qızının bu hallarına dözməyin bir gün onu mətbəxə aparır. Üç ayrı tavanı su ilə doldurub, ocağın üstünə qoyur. Tavalardakı sular qaynamağa başlayanda tavanın birinə kartof, birinə yumurta, birinə də qəhvə çiyidləri qoyur. Sonra qızına heç nə demədən gözləməyə başlayır. Qız da anlamadığı bu hadisənin sonunu gözləyir. Ancaq təbiətən səbirsiz olduğuna görə ah-uf edir, nə qədər gözləyəcəklərini soruşur, ancaq atası onun bu israrına cavab vermir. İyirmi dəqiqə sonra, qazanların altını söndürür, kartofu çıxarıb bir qaba, yumurtanı başqa qaba qoyur, qəhvəni isə bir stəkana süzür. Sonra qızından soruşur: 

-Nə görürsən? 

-Kartof, yumurta və qəhvə, - deyə qız kinayə ilə cavab verir. 

Atası təmkinlə: 

-Bir də yaxından bax", - deyib ondan kartofa toxunmağını, yumurtanı soymağını, qəhvədən bir udum içməyini istəyir. 

Qız deyilənləri edir: kartofun yumşaldığını, yumurtanın bərkidiyini görmüş, içdiyi qəhvənin xoş ətrindən üzünə bir təbəssüm qonmuşdu. Amma yenə bir şey başa düşmədiyi üçün: "Bunlar nə deməkdir, ata?" - deyə soruşur. 

Atası isə hər üç cismin qazanda eyni sıxıntı çəkdiyini, yəni eyni qaynar suda qaldığını, ancaq reaksiyalarının müxtəlif olduğunu söyləyir. 

-Kartof bərk və güclü göründüyü halda, qaynar suya düşən kimi yumşalır. Yumurta daha "dəymədüşərdi", qabığı içindəki mayeni qoruyurdu, qaynar suya düşəndə, bişdi, bərkidi. Qəhvə çiyidləri isə tamam başqa cür oldu. Özü dəyişdiyi kimi, içindəki suyu da dəyişdirdi", - deyərək qızından soruşur: 

-Sən bunların hansındansan? Qapını bir sıxıntı, problem döyəndə reaksiyan nə olacaq? Kartof kimi yumşalıb əziləcəksənmi, yoxsa yumurta kimi ürəyin qatılaşıb sərtləşəcək və ya qəhvə çiyidləri kimi hər hadisə xarakterini gücləndirəcək, həyatına yeni rəng, yeni dad verəcək? 

________

Artıq mən də atam qədər bilirəm 

Hər uşaq yeniyetməliyə qədər özünü zəif, başqasına möhtac görür. Yeniyetməlik dövrünün ən bariz xüsusiyyəti (adətən) gəncin özünü qabiliyyətli görməsi, hər şeyi bildiyini zənn etməsidir. Gənc üçün artıq valideynlər "heç nə bilmirlər". Gəncə görə, onların dünyagörüşü köhnələr, hətta haqsız, günahkar belə olar. Belə vaxtlarda valideyn cavanlarla mübahisəyə girmək əvəzinə, onları "mənim də sən yaşda olanda valideynlərimdən fəqli düşüncələrim vardı. Səni başa düşürəm. Zaman keçdikcə fikirlərinin dəyişəcəyinə inanıram" kimi sözlərlə qəlbinə dəymədən yumşaltmalı və anlamağa çalışmalıdır. 

Qız uşaqları ən çox bəyənilmək və diqqət çəkmək istəyirlər. BU istək onları bəzənməyə, gözəl geyinməyə, diqqətçəkən hərəkətlər etməyə sövq edir. Buraya qəhqəhə ilə gülmək, daim hərəkətdə olmaq, ağlamaq, küsmək və əsəbiləşmək kimi xüsusiyyətlər də əlavə oluna bilər. 

Bu cəhətlər oğlanlarda da özünü büruzə verir. Onlar da güzgü qabağında çox olur, saçlarını formadan formaya salır, müxtəlif şamoun və jelelərdən istifadə edirlər. Özlərini bir kino ulduzuna, bir müğənniyə, bir futbolçuya, bəzən də bir müəlliminə bənzətmək istəyir, onları təqlid edir, onlar kimi görünməyə çalışırlar. Görünəni bəyənməmək, xəyala dalmalar bu dövrdə özünü davamlı büruzə verir. 

Gələcək hədəflərini (planlarını) xəyali də olsa, bu dönəmdə qururlar. Çox vaxt da bu xəyali arzuları elə xəyal olaraq qalır, reallaşmır. 

"Böyüyəndə kim olacağam?" sualının cavabı bu vaxtlar tapılır və dəqiqləşir. Əgər bu sualın cavabı on səkkiz yaşdan sonra seçilirsə, deməli, artıq gecikib. Bu hal daha çox geridə qalmış ölkələrdə özünü göstərir. İnkişaf etmiş ölkələrdə gənclərin erkən yaşlarda peşə seçiminə təşviq edilməsi, peşə təhsilinin orta məktəblərdən ixtisaslara ayrılması planlı şəkildə həyata keçirilir. Bu məsələdə də valideynlər gənclərin iradəsi ilə hesablaşmalı, onları qabiliyyətlərinə görə istiqamətləndirməlidir. 

"Kiçik işləri görmək böyük işləri daha yaxşı görməyə gedən yoldur." 

İtaətsiz gənc 

Uşaq fiziki cəhətdən sürətlə inkişaf edir. Bununla paralel özünü göstərməyə başlayan cinsi oyanış uşağı-yeniyetməni hazırlıqsız yaxalayır ki, bu da bəzən onun büdrəməsinə səbəb olur. Çünki fiziki yetişmə prosesi getdikcə, ruhi-mənəvi təşəkkül ondan geri qalır. Münasibətlərindəki eniş-yoxuşlar, davranışlarındakı səbatsızlıq, duyğularındakı dəyişiklik bu uyğunlaşma cəhdi ilə bağlıdır. Gənc içdən gələn ehtiras və cinsi təlatümlərin təzyiqi altında sarsılır. Onlar vaxt keçdikcə bu duyğularını ələ almağa, bir qaydaya salmağa çalışırlar.  Bu vaxt onlar çox halda itaətsiz olurlar. Davranışlarındakı əsəbilik, kobudluq artır. 

Gənclərin böyüdüyünü böyükləri qəbul etməlidir. Cavanlara görə, bir baxımdan bu dövr sərbəstlik, azadlıq dövrüdür. Bu dövrdə onlar valideyn təsirindən çıxmağa can atırlar. Onlara görə artıq valıideyn də səhv edə bilər. Sanki artıq onlardan öyrəniləsi bir şey qalmamışdır. Öyüdlər, yol göstərmələr onları özündən çıxarır. Bu hal onları bəzən rəhmsiz edir. vaxtında aşılanmamış davranışlar üçün mütləq üçüncü bir adam dövrəyə girməlidir. Bu şəxs dost, müəllim, ya da ailəyə yaxın bir adam ola bilər. 

Orta məktəb illərindən abırlı, həyalı gördüyümüz gənc universitet illərində tamam dəyişə bilər. Bunun səbəbi ailədəki sevgi, diqqət və bağlılığın yetərincə olmamasıdır. 

valideynm nəzarətindən kənarda qalan ali məktəb tələbəsi bu fürsətdən istifadə edir və yayından çıxan ox kimi bir anda naməlum hədəfə doğru istiqamətlənir. Belə bir gəncliyin yetişməsində mühit, məktəb və daha çox valideynlər məsuliyyət daşıyır. Burada daha çox məsuliyyət daşıyan valideyn unutmasın ki, iqtisadi problemlər, siyasət meydanının açıq olması, siyasi cərəyanlara meyil sərbəst tələbəni rahatlıqla ziyanlı və yalnış düşüncənin qurbanı edə bilər. 

Bəzi valideynlər dilemma qarşısında qalanda: "Ya mənim dediyim olacaq, ya da çıx get", - deyərək üçüncü seçim variantı qəbul etmir, beləcə gənclə əlaqələr kəsilmiş olur. 

Cavanlar düşünürlər ki, onları sevmirlər, dəyər vermirlər, onlara səhlənkar yanaşırlar. Bu faktorlar da itaətsizliyin əsas səbəbidir. Onlara bizə itaətdən öncə bütün qüsurlardan pak, həmişə sevgi və hörmətə layiq olan, heç zaman bizi rədd etməyən, bizi bilən, görən və eşidən, qəlbimizdən keçənləri belə duyan, dərdlərimizə dərman olan Yaradanı tanıtmalı, sonra Ona itaətin vacibliyini öyrətməliyik. Onda bütün problemləri asanlıqla həll edə bilərik. 

Həyatımızı bizi yaradan Allahın istədiyi kimi qurmalıyıq. Elədiklərimizə görə hesaba çəkiləcəyimizi unutmadan övladlarımıza məsuliyyət, haqq-hesab duyğusunu, yaradılış qayəsini aşılamalıyıq. Bu duyğulardan uzaq böyüdülən gənc bir insan olaraq həm ailəsi, həm də toplum üçün problemə çevrilir. Belələri nə haqq tanıyır, nə hüquq, nə böyük tanıyır, nə kiçik, nə ata, nə ana. 

Ata-anaya qarşı çıxan, onların haqlı sözlərinə etiraz edən gəncə qarşı valideynlər, böyüklər səbir etməli, ona anladığı dildə və üsulla həll yolu təqdim etməli, problemə onun səviyyəsindən yanaşmalıdır. 

Gənclər yaxşıya, gözəlliyə sövq edilməli, nəyəsə məcbur edilməməlidir. Əmrlər, göstərişlər onları ikiüzlü və yalançı edər. 

Yeniyetmə və məsuliyyət hissi 

Məsuliyyət hissi - məsuliyyət başqalarının haqqında ehtiram göstərmək və öz əməllərinin nəticəsini düşünməkdir. 

a) məsuliyyət hissinin formalaşmasında ailənin rolu 

Bu sahədə aparılan son araşdırmalar göstərir ki, hələ ana bətnində olan embrion onun duyğularını hiss edir və "yaşayır". Buna görə də, ana bətninə düşən bir embrion qeyri-iradi olaraq ananın bu hamiləliyi istəyib-istəmədiyini hiss edə bilir. 

Məsuliyyət hisinni 3-4 yaşlarından etibarən uşağa yaşına, cinsinə və inkişafına uyğun tapşırıqlar verməklə formalaşdırmaq mümkündür. 3-4 yaşlı uşağın özü sizə bir işdə kömək etmək istəyər, 13-14 yaşlı uşaqlar isə bunu eləməz, istəsəniz belə ürəksiz edərlər. Onlara bir iş taoşırıb özünüz kömək etməlisiniz. Həmçinin uşağa əyləncəli variantlarda kömək etməyi öyrədə bilərsiniz. 

Bu məsələ ilə bağlı ailənin üzərinə böyük məsuliyyət düşdüyünü Peyğəmbər Əfəndimiz (s.ə.s.) də ifadə edir: "Hər doğulan müsəlman fitrəti ilə doğulur. Sonra valideyni onu xristianlaşdırır, yəhudiləşdirir və ya məcusiləşdirir." Yazılmamış ağ kağız kimi, hər şeyin yazılmasına hazır olan uşaqlara ilk cizgiləri də valideynləri çəkir. "Övladlarımızı öz duyğu-düşüncəmizə, məna köklərimizə görə şəkilləndirməsək, onların ayrı qəlibin insanı kimi yetişməsi qaçılmazdır. Yerinə görə gözəl davranışları onlara mənimsətməli, ruhumuzu hopdurmalıyıq. Əlbəttə, bu ruh sağlam olmalıdır. Yoxsa mənəvi aclığını başqa mənbələrdən dəf etmək istəyər, başqalarının fitnə-fəsadlarına düçar olarlar." 

b) məsuliyyət daşıyan gənclər: 

öz qərarlarını özləri verə bilən;  qərar verərkən əlindəki imkanlardan istifadə edə bilən;  dəyər ölçülərinə riayət edən;  müstəqil davrana bilən;  özünə güvənən;  başqalarının haqlarını tapdalamadan öz ehtiyaclarını təmin edənlərdir. 

c) məsuliyyət duyğusunun aşılanması müddəti 

Məsuliyyət duyğusunu aşılamağın müəyyən bir yaş dövrü olmasa da, gəncin bir işi təkbaşına görmək istədiyi və buna hazır olduğu bir dövr vardır ki, bu zamanlarda ona lazımi imkanlar hazırlanmalıdır. Uşağın yaşdan asılı olmayaraq cavabdehliyi öyrənməsi onun məqbul davranışlar sərgiləməsi mənasına gəlir. Davranışlar bunlardır: 

Qaydalara riayət;  Sağlam fikirli olmaq;  Başqalarına və onlara aid olanlara qarşı diqqətli olmaq, bunlara hörmətlə yanaşmaq. 

Bu dönəmlərdə onlara (cavabdeh olduqları) bir iş tapşırılmalı, üzərlərinə məsuliyyət qoyulmalı və yerinə yetirmələrinə nəzarət edilməlidir. Bunlar ev işləri, telefon danışıq pulunu ödəmək, bir əşyanı almaq və s. ola bilər ki, bu da onsda özünə lazım olanı bəyənmək, seçmək, müstəqil və düzgün qərar vermək kimi xüsusiyyətləri formalaşdırar, özünə inamı artırar. 

Uşağa ayırdığımız otağa aramsız müdaxilə etmək olmaz. O, otağına bir qala kimi baxır. Otağını bizim deyil, öz zövqünə görə bəzəməsinə imkan verməliyik. Bu da onun planlama qabiliyyətini inkişaf etdirəcəkdir. 

Otağının təmizliyi, səliqə-səhmanını qoruması sahiblik duyğusunu inkişaf etdirər. Bir otağının olması, ailə üzvlərinin bu otağa və otaqdakı şeyə hörmət etməsi onun da valideynlərinə, bacı-qardaşlarına aid xüsusi əşyalara ehtiram hissini artırar. Məsuliyyət duyğusu yaxşı formalaşmış gənc həyatını başqaları ilə bölüşməkdən zövq alar. 

________

"Yaşlı bir adam şəhərin mərkəzi küçələrindən biri ilə ağır addımlarla irəliləyirdi; arada dayanıb dincini alır, sonra yoluna davam edirdi. Həmişə düz zənn etdiyi bu yolun indi bir az yoxuş olduğunu son illərdə hiss etmiş, buna görə də qocalığı qəbul etmişdi... 

Az sonra qoca qəfil dayanır. Diqqətini bir əlil arabasını yoxuşa doğru itələyən bir balaca qız cəlb etmişdi. Əvvəl əlil arabasının boş olduğunu düşünür, yaxınlaşanda orada yaşlı və iflic bir adamın hərəkətsiz oturduğunu görür. Qızla söhbətə başlayır. Məlum olur ki, əlil arabasındakı adam qızın atasıdır. Anası ilə birgə gəzməyə çıxıbmışlar. Qəfildən anası xəstələnir, həkimə gedir. Qız atası ilə tək qalır və indi atasını yoxuşa çıxarmaq onu7n boynuna düşür. Qoca canıyananlıqla: 

-Mələk qızım, sənin gücün buna çatmaz! - deyir. 

-Bunu mən də bilirəm, amma atam üçün nəsə eləməliyəm.  

-Madam ki, bilirsən, onda daha əziyyət çəkmə! 

-Atam üçün nəsə eləməliyəm, - deyə təkrarlayır və: -onun əlil arabasını itələyə bilməsəm də, geriyə sürüşməsini əngəlləyirəm, - deyir. 

"Ayaqsız bir adam görənə qədər, ayaqqabım olmadığına görə çox üzülürdüm." ərəb məsəli 

"Yeniyetməlik dövrünün yol xəritəsi" kitabından (ikinci fəsil) 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+27=
Hesaba giriş
Müəllif

Gülzarə Hüseynova
Haqqında
16 aprel 1995-ci ilde anadan olub. Baki Dovlet Rabite ve Neqliyyat Kollecinin məzunudur.
Əlaqə
E-mail:
gulzareh@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0296 saniye