- Salam əziz oxucularımız. "BİZİM QONAQ" layihəmizin bugünkü qonağı gənc olmasına baxmayaraq, şeirləri ilə artıq könüllərimizdə iz buraxan gənc şair Nüsrət Həsəndir. Nüsrət xoş gördük.
NÜSRƏT HƏSƏN:
-Xoş gördük. Məni tanıyan və indi tanımağa başlayan hər kəsi salamlayıram.
- Zəhmət olmasa özünüz haqqında biraz bizə və oxucularımıza məlumat verərdiz. Nüsrət Həsən kimdir ?
NÜSRƏT HƏSƏN:
-Mən Həsənov Nüsrət Ülfət oğlu 15 fevral 1992-ci ildə Sabirabad rayonunun Çağırğan kəndində anadan olmuşam. İnşaat kollecinin tələbəsiyəm. Hal-hazırda hərbidə işləyirəm. Vətənə xidmət etməkdən şərəf və qürur hissi duyuram.
- Nüsrət, necə oldu ki, şeir yazmaq həvəsinə düşdünüz?
NÜSRƏT HƏSƏN:
-Uşaqlıqdan incəsənətə xüsusi marağım olub. İkinci sinifdə oxuyandan şeir yazmağa çalışmışam. Həmişə axşamlar evə girəndən sonra öz dəftərlərimi qabağıma töküb neft lampasının işığında şeir yazmağa, şəkil çəkməyə, hekayə yazmağa başlayardım. Həmin dəftərləri indi də saxlayıram. Yetkin insan ağılı ilə oxuyanda mənasız görünsə də o vaxtlar çox zövq alırdım. Evmizin divarına divar qəzeti düzəldib yapışdırırdım. İndi də odun peçinin, neft lapmasının iyini duyanda nostaji hisslər keçirirəm.
- Şeirlərinizin mövzusu əsasən nədir ? və bu şeirlərin konkret bir ünvanı varmı ?
NÜSRƏT HƏSƏN:
-Şeirlərimin əksəriyyəti sevgi mövzusundadır. Başqa mövzularda çox uğurlu ola bilmirəm, yəqin ki, yaşımla əlaqədardır. Mən özümü həvəskar sevgi şairi hesab edirəm. Yazdığım şeirlərin bəzilərini çıxmaqla çoxunun konkret ünvanı olmur.
- Nüsrət, bilmək istərdim şeiriyyatda-ədəbiyyatda haqsızlıqlarla üzləşmisinizmi? Əgər olubsa, bunlarla necə mübarizə aparmısan?
NÜSRƏT HƏSƏN:
-Haqsızlıq deməzdim paxıllıqdan qarşıma maneələr çıxaranlar, arxamca danışanlar, bəzi böyük facebook səhifələrində şeirlərimi qadağan edənlər görmüşəm. Onları yoxdan sayaraq önəmsəməməklə mübarizə aparmışam.
- Nüsrət Həsənin həyatında ən böyük uğuru nə olub?
NÜSRƏT HƏSƏN:
-Həyatda uğurlarım çox olub, ancaq ən böyük uğurum deyəcək qədər böyük uğurum olmayıb. Şeiriyyatda ilk uğurum 2013-cü ilin dekabrında "DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİ"nin təşkil etdiyi toplantıda iştirak etməyim olub. "Onur belgesi" ilə təltif olunmuşdum. İndi isə "AVRASYA ŞAİRLERİ ANTOLOJİSİ"nin nəşr edəcəyi kitabda mənə də 3 səhifə yer ayrılıb. O kitab rekordlar kitabına düşməyə namizəddir. Bu mənim ilk böyük uğurum olacaq inşallah.
- Gənc şairlərdən əsasən kimləri, Tanınmış şairlərimizdən əsasən kimləri oxuyursunuz?
NÜSRƏT HƏSƏN:
-Gənc şairlərdən Xəlil Adıgözəlin, Qafar Şövqinin, Roma Xosrovun, Elkin Kərimlinin, İlkin Abbasn, Xəzər Süleymanlının, Elçin Nurun Ümüd Abbasın və başqalarının şeirlərini oxuyuram. Gənc şair dostum çoxdur hamısını yazmaq mümkün deyil. Tanınmış və unudulmaz şairlərdən Nüsrət Kəsəmənlinin, Mikayıl Müşviqin, Baba Pünhanın əsərlərini sevirəm.
- İlk yazdığınız şeiri xatırlayırsınızmı ?
NÜSRƏT HƏSƏN:
-Bəli xatırlayıram 8 yaşım olanda yazmışam. Şeir demək çətindi
- Nüsrət, mənim özümə maraqlı bir məqama toxunacam. "SƏN DƏ VƏFASIZLAR SIRASINDASAN". Şəxsən mənim bir gənc qələm adamı kimi Nüsrət Həsən deyiləndə bu şeirin yadıma düşür. Zəhmət olmasa bu şeirin qısa tarixcəsi haqqında danışardın.
NÜSRƏT HƏSƏN:
-O şeir mənə sosial şəbəkələrdə ən çox uğur gətirən, tanıdan şeirdi. Şeiri 4 iyul 2013-cü ildə yazmışam. O vaxt şeir yazmağa ciddi yanaşmırdım, sadəcə bir nəfərə qəlbimdən gecən sözləri şeir vasitəsi ilə çatdırmağa çalışmışdım.
- Səncə Şeir dünyası varmı? varsa hamının olduğu dünyadan necə fərqlənir ?
NÜSRƏT HƏSƏN:
-Bəli şeir dünyası var, ümumiyyətlə hər şairin öz dünyası var. Çox fərqləndiyimi düşünmürəm. Sadəcə sevənlərin ürəyindən keçənləri Azərbaycan türkcəsində şeirə daşıyıb hamının anlayacağı şəkildə yazıram. Ərəb-fars sözlərinin dövranı gedib.
- Ümumi bir sual. Azərbaycan ədəbiyyatının bugünkü vəziyyəti sizi qane edirmi?
NÜSRƏT HƏSƏN:
-Ədəbiyyata söz deyə bilmərəm ancaq ədəbiyyatdan qopub biabırçı vəziyyətə gəlmiş meyxana məni qane etmir. Avtoxuliqanlığı, narkomaniyanı, pozğunluğu təbliq edən meyxanaçıların yazdıqları mahnılar gəncliyimizin psixologiyasını pozur. Yəqinki hansı mahnılardan söhbət getdiyini anladız.
- Ədəbiyyatdan başqa, hansı sahəyə xidmət edirsiniz?
NÜSRƏT HƏSƏN:
-Dövlət Sərhəd Xidmətinə
- Nüsrət, bax, bir gənc şair kimi sənin fikrincə əsl şair necə olmalıdır ?
NÜSRƏT HƏSƏN:
-Şair sadə olmalıdı, xoş rəftarlı, təvazökar və səmimi olmalıdı. Lovğalıq, başqalarına yuxarıdan aşağı baxmaq şairə yaraşmaz. Təəssüf ki, var belələri. Baxırsan yazdıqları çox gözəldi ancaq şəxsiyyəti hörmətə layiq deyil.
- Kitabınız varmı?
NÜSRƏT HƏSƏN:
-Xeyir yoxdu. Gələcək planlarımda var. Kitab və audio disk çıxarmaq fikirindəyəm
- Sonda öz oxucularına nəyi söyləmək istərdin ?
NÜSRƏT HƏSƏN:
-Demək istəyirəm ki yaxşı ki, varsız. Siz olmasaz yəqin mən Nüsrət Həsən yox, Həsənov Nüsrət olardım.
- Özünün ən çox sevdiyin şeirini biz oxucularınızla paylaşardınız...
-NÜSRƏT HƏSƏN
Əlvida
Gözlərinlə vidalaşdım bu axşam,
Mən gedirəm uzaqlara, əlvida.
Dəniz gözün hiss etmədi bəlkə də.
Bu dənizə, bu dağlara əlvida.˚
***
Sən bilmədin sevdim səni gizlicə,
Heç bilmirəm unudacam bəs necə.
Mehman oldum gözlərində bir gecə
Vaxtsız gələn qonaqlara əlvida.
***
Söyləyirəm qarasına xudafis,
Ürəyimin yarısına xudafis.
Saçlarının sarısına xudafis,
Baldan şirin dodaqlara əlvida.
***
Gözəlliyin işıq kimi saçıldı,
Ürəyimin "divarları" uçuldu.
Yeni eşqə yeni dəftər açıldı
Yazdım bütün varaqlara əlvida.
***
Yasaq sevgi yaşamasa yaxşıdı,
Qəlbim onu daşımasa yaxşıdı.
Qəm yaramı qaşımasa yaxşıdı
Susmalıyam yasaqlara. Əlvida.
***
Təravətin örnək olmuş güllərə,
Gözəlliyin dastan olmuş dillərə.
İncə-mincə pambıq kimi əllərə
Qardan bəyaz yanaqlara əlvida
***
Mən sirrimi söyləmədim heç kimə,
Bu şeirdən başa düşsən incimə.
Kölgəsində dincələndə, eşqimə
Şahid olmuş budaqlara əlvida.
Mən gedirəm uzaqlara, əlvida.
Söhbətləşdi : İLKİN ABBAS