O anı oğurladım və...
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 11:11 27 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Gecədən açıq qoyduğum nəfəslikdən içəriyə qonaq gələn payızın soyuq havasından üşüdüm və gözlərimi açdım. Vəssəlam! Daha təzədən yuxuya getmək bir əfsanədən başqa heç nə deyil. Yorğanımı kənara ataraq qalxıb əyləşdim. Dizlərimə dirsəklənib qıvrım saçlarımı qarışdırdım. Tumbanın üstünə buraxdığım qol saatımı əlimə aldım. 6-ya 15 dəqiqə qalırdı.

Əl-üzümü yuyub aynaya kilidləndim. Saçlarımın ucundan başlayaraq damcılanan soyuq suyun izləri üzümün istənilən nöqtəsində qalırdı. Dəsmalla quruladıqda pis qoxunu sezdim və onu döşəməyə atdım. Lazımsız bir əşya kimi.

Mətbəxə keçdim. Qazı yandırıb çayniki doldurdum. Soyuducunu açdım. Bir parça yağ və bir o qədər pendirdən savayı soyuducunun boş görüntüsünü bivec seyr edib qapatdım.

Əlimdə fincan otaqda gəzərək çayımı qurtumlayırdım. Əynimdə boyalardan ləkələr düşmüş şalvar və köynək sanki Nuh dövründən qalma geyimlər idi.

Bomboş portretə tamaşa edərək dırnaqlarımı yeyirdim. Əsəbilikdən partlamaq dərəcəsinə yüksəlmişdim artıq. Boyalara, fırçalara, daha nələrə baxarkən sanki cin atına minirdim. Axırda əyləşdiyim stuldan qalxaraq onları yerlə bir etdim. Öz əllərimlə məhv etdiyim səhnəyə göz ataraq şəhadət barmağımı bərk dişlədim. Lənət! Min dəfə lənət! Yenə ağlamaq istəyirəm. Bütün bədənim titrəməyə başladı. Divara söykənib əllərimlə üzümü örtdüm. Sürüşərək ümidsiz baxışlarımı pəncərəyə zillədim.

Bəli, mən rəssam Rəsulun özüyəm. Ailəm mənim rəssamlığıma hər zaman qarşı çıxıb. Amma mən içimdəki bu lənətəgəlmiş sevdanı məhv etmək əvəzinə onu daha da böyütdüm. Anamın xəstəliyi, atamın iflası, qardaşımın keçirdiyi avtomobil qəzası belə məni öz yolumdan döndərə bilmədi. Hər gün, hər gecə yalvarışlar, göz yaşları, andlar, nifrətlər...Qulaqlarım, gözlərim nələrə şahidlik etmədi ki?! 16 yaşın tamamında evdən qaçaraq məni dəstəkləyən rəssam əminin evində yaşamağa başladım. Onun 3 ildən sonra vərəmdən vəfatı ilə bu ev mənə qaldı.

Paltonu əynimə keçirdərək işıq sürətilə evdən çıxdım. Bir xeyli addımladıqdan sonra sanki içimə rahatlıq təşrif buyurdu. Skamyaların birində əyləşib insanları analiz etməyə başladım. Kimisi qəmgin, kimisi sevincli, kimisi əsəbi, kimisi...Uşaq, qadın, qoca...

Yağış yağmağa başladı. Hər kəs tələsik öz istiqamətlərinə yönəldiyində mən əyləşdiyim skamyadan tərpənmirdim. Üzümü qaldırdım. Sürətli damcılar üzümdə gəzib beynimdə işıq yandırmağa cəhd edirdilər. Ah! Minnətdaram!

Rahatlıqla söykənib bir qızın çətiri tuta-tuta gedişinə tamaşa etməyə başladım. Saçlarını küləyə buraxması, yanaqlarını soyuqda çəhrayıya bürünməsi, dodağını dişləməsi...


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+24=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0271 saniye