Bir tanış adam var. Təxminən 2 il öncə rastlaşmışıq. Məndən 6-7 yaş böyükdür. Mənə qarşı olan əməlləriylə həyatıma daxil olan ən yaxşı insanlardan biridir. Çox istədiyim və hörmət etdiyim biri. VII-VIII siniflərdə kitabla olan tanışlığımın ardından IX-X siniflərdə oxuyarkən kitaba olan uzaqlığıma baxmayaraq sonrakı dövürdə yenidən və çox güclü bir şəkildə kitabı mənə sevdirən biri. Söhbət bədii kitablardan gedir.
O insan. Sadəcə fərqli biri. Və sevməyənlərin vurduğu “dəli” damqası. O dəlidir dedilər. Mənidə bu səbəbdən ondan uzaq tutmağa çalışırlar. Amma bacarmayacaqlar…
O dəlidir dedilər, çünki o əlinə pul keçdikcə bədii kitablar alır, evində 300 kitablıq kiçik şəxsi kitabxanası var. O dəlidir dedilər, çünki o ətrafındakı insanlara kitabı sevdirməyə çalışır, oxumaqları üçün maraq dairələrinə uyğun və faydalı kitablar tapıb verir öz kiçik kitabxanasından. O dəlidir dedilər, çünki o bacardığı qədər öz bildiklərini, biliyini ehtiyacı olanlara çatdırır, mənə və mənim kimi bir neçə nəfərə əlində gələn qədər tədris etdiyi bir fənni öyrədir və burada heç bir maddi maraq güdmür. O dəlidir dedilər, çünki o kiçik bir birliyin üzvüdür və burada onlar imkansızlara ərzaq yardımı edir, uşaqlara dərs qabağı lazımı əşyalar çatdırırlar…
Onun da səhvləri var, onun da yanlışları, əksiklikləri, mənfi xüsüsiyyətləri var. Onun da problemləri, dərdləri var. Amma nə edir etsin, o mənim ideallarımdan biridir. Həyatim boyu unutmayacağım biri. Onun həyatımdakı önəmi bir başqa…
Nədənsə insanlar özlərindən fərqli olanları, başqa cür düşünənləri dəli adlandırırlar. Heləysə əgər, nə bəxtəvərdir dəlilər. Əgər dəlilik belə bir mövhumatdırsa, məndə dəli olmaq istərdim…