...Bir şənbə günü idi. Adam, qıza səhərlər "günaydın" yazmağı alışqanlıq halına gətirmişdi. Bu qıza onu özəl hiss etdirirdi. Bu gün adam yenə bir günaydın mesajı atdı. Bundan sonra davamlı bir saat mesajlaşdılar. İkisi də bir-birindən bu gün nə edəcəyini soruşdu. Heç birinin bir planı yox imiş. Bu zaman qız, görüşək, biraz söhbət edək, deyər. Adam bu görüşməyi daha maraqlı etmək üçün yaxın məsafədə yerləşən bir yerə getməyi təklif edər. Qız da tamam, o zaman mənim bir oyunum var, gəl bu gün o oyunu səninlə birlikdə oynayaq deyər. Oyunun adı "gün oğurlamaq"dır. Mən arada tək oynayıram bu oyunumu, özüm özümdən bir günümü oğurlayıb ancaq özümə ayırıram. İndi səninlə oynayaq və bu günü oğurlayaq. Adam razılaşır.
Saat bəlirləyib görüşürlər. Qız hazırlaşarkən adamdan mesaj gələr, "saçını dünənki kimi etmək sənə yaraşır, bu gün də elə edərsən" deyə, mesajı oxuyan qız gülümsəyər. Yaxın rayonların mənzərəli bir guşəsinə gedirlər. Yolda gedərkən yol ətrafında təmizlənmiş ləpə satan uşaqları görürlər, uşaqlar yoldan ötən maşınlara əl eləyib onlardan ləpə almaqları üçün dayanmaqlarını istəyirlər. Adam kiçik yaşlı bir uşağın yanında dayanar. Ləpənin qiymətini soruşub iki paket verməsini deyər. Yola davam edərlər.
Adamın maşınında sadəcə bir müğənninin mahnıları səslənər. Mahsun Kırmızıgülün 90-cı illərdə çıxan mahnılarını bəlli ki, adam çox sevər. Onda nəsə bir xatırlatma, anıları olduğunu sezən qız adamdan bunun səbəbini soruşar. Adam da bu mahnıların onda xüsusi yeri olduğunu, dinləyəndə xatırladığı şeylər olduğunu deyər. Yol boyu söhbət eləyərək gəlib çatarlar. Meşəlik bir məkanda kiçik evlərin olduğu bir yerə gələrlər. Burda ailələrin səsi, uşaqların oynamağı, ortada olan suyun şırıltısı, kabab çəkənlərin gülüşləri, samovar çayı ətrafında toplaşan gənc ailələr insana xoş aura verər. Meşənin sakit yerində dayanıb düşərlər, qızın çox xoşuna gələr bura.
İnsanların istirahəti üçün ayrılmış kiçik evlərdən birinin eyvanında olan stolda əyləşərlər. Çanta və üst geyimlərini otağa qoyub, eyvanda çay və yemək sifariş edərlər. Meşənin dərinliyi eyvandan daha aydın görünər. Quşların və böcəklərin səsi ətrafa yayılmışdı, balaca uşaqlar axar suyun ətrafında qaçışır, ailələrinin nəzarəti ilə gəzib oynayırdılar. Sanki, cənnət kimi idi bu məkan. İnsanın ruhunu sakitləşdirib, beynini təmizləyirdi.
Adam qıza baxır, söhbət edirdi. Bir az sonra sifariş verilən yemək və çay gəldi. Adam qızın çəkindiyini görüb ona yemək çəkdi. Söhbət edərək yeməyə başladılar. İkisi də acmışdı. Bütov olan tərəvəzləri adam öz qabında doğradı, yemək istərkən qız özünün boş olan qabı ilə onu dəyişdi. Gülüşdülər, qıza "özünə əziyyət vermirsən" deyib yenidən özü üçün pomidor doğrayan adam halından məmnun görünürdü. Əslində, ikisi də həmin an mutlu idilər, birlikdə olmaqdan məmnunluq duyurdular, xoş idi onlara.
Artıq axşam düşürdü, hava qaralmağa başlayırdı. Adam qıza sabah bazar günüdür, iş günü deyil, evdən icazə alsan, sabah qayıdardıq deyər. Qız düşünər, ürəyinin dərinliyində o da bunu istədiyinin fərqinə varar. Evə zəng edib, qalacağını izah edər. Adam çox sevinər.
Çaydan sonra meşəyə düşərlər, gəzişib, təmiz havadan həzz alarlar. Meşədə ağaclardan qızın ayağına tikan batar. Adam qızın ayağına baxıb, tikanın qanatdığını görər. Qanı silib, istəsən, səni tikanlar azalana qədər qucağımda keçirim deyər. Qız gülər, məni boyda qızı qucağına alsan yorularsan deyər, bir az da utandığından yanağı qızarar. Adam, saçını necə etməyini dedim, amma meşə üçün uyğun ayaqqabı geyin deməyi ağlıma gətirmədim deyib, təbəssümlə qıza baxar. Gəzintiyə davam edərlər. Meşənin hündür bir yerinə gəlib dayanarlar, burdan baxanda gəldikləri yol görünər. Qaranlıqda maşınların işiqlarını görüb, hansı xətlə yolu gəldiklərini adam əli ilə göstərərək qıza anladar. Yerdə oturarlar, adam bura daha əvvəl də gəldiyini, istirahətə ehtiyacı olduğunda gəlib burda sakit halda günlərlə, sadəcə, yatdığını söyləyər.
Yan-yana yerdə oturduqlarından bir-birilərinin üzünü görməzlər, ama ikisi də sanki əksik bir şeyin tamamlanmasını gözləyən kimi davranarlar. Sanki, onları artıq, nəsə bir hiss bağlayırdı. Bir-birilərini dərindən tanımasalar da, nəsə bir qığılcım vardı. Sakitlik çökər, ikisidə həmin o görünən yola baxarlar. Birdən adam əlini qızın çiyninə qoyub onu özünə doğru sıxıb saçlarını öpər və sakit səslə "qoca vaxtımda məni işə saldın" deyə pıçıldayar. Qızın sanki bayaqdan gözlədiyi, əksik hiss etdiyi şey bu idi. Adamın ona sarılmasını həsrətlə gözləyər kimi heç nə demədən başını onun çiyninə yaslayıb sakit qalar. Adam qızın saçlarını oxşayıb, "sən hardan çıxdın belə?" deyib qızı sanki bağrına basmaq istəyər kimi sıxar özünə. Artıq hər şey başqa olacaq...
Ardı var...
Hekayəni qələmə aldı: Aysel Abdullazadə (müəllif hüquqları qorunur)