...Artıq gecə olmuşdu, meşənin içi ilə balaca evə doğru qayıdırdılar. Adam qızın balaca əllərindən tutmuş öndə gedir, əlindən çəkərək kol-kosun təhlükələrindən qızı ehtiyyatla aparırdı. Gəlib evə çatdılar. Adam çay sifariş etdi, televizoru açıb mahnılar olan kanalda saxladı. Az səslə mahnı səslənir, adamla qız isə divanda yanaşı oturmuşdu. Ofisiant çayı gətirdi. Bir az söhbət edərək çaydan içməyə başladılar.
Adam yanında əyləşən qızı bayaqkı kimi qucaqladı. Qızın saçlarını əli ilə üzündən çəkib, alnından öpdü. Qızı özünə elə sıxmışdı ki, sanki ondan uzaqlaşmağından qorxurdu. Heç buraxmayacaqmış kimi bağrına basmışdı. Arada qızın saçlarını öpürdü, sakitliyi televizorda səslənən musiqi pozurdu. Sanki ürəkləri danışırdı. Özləri də vaxtın fərqində olmadan, bəlkə də, bir saat idi bu şəkildə sarılıb oturmuşdular. Gecə yarısı olmuşdu. Amma yatmaq istəmirdilər, sanki vaxtın bitməyindən qorxurdular.
Qız yerdə oturmağı çox sevərdi, adama "gəl, yerdə oturaq, mahnılara qulaq asaq” dedi. Adam razılaşdı. Divandan qalxıb yerdə oturdular, adam qıza baxır, qız isə telefonunda olan həzin mahnıların siyahısını söyləyərək hansını dinləmək istədiyini soruşurdu. Bir neçə mahnı dinlədilər, sonra qız adama "özündən bəhs et” deyə sual dolu və bir az da maraqlı gözlərlə baxıb gülümsədi. Adam uşaqlığından, kəndlərindən və məktəb illərindən danışmağa başladı. Harda oxumağı, hansı ixtisasa sahib olmağı barədə söhbətlər edirdi. Qızın yaşı az idi, amma hər şeyə maraq salan, dərin şeylər düşünən və bilməyini istədiyi şeyin arxasınca gedib o dərinliyə varan biri idi. Adama çox diqqətlə qulaq asırdı.
Adam gəncliyindən danışırdı, qızın xəyallarını süsləyən, əsl kişi kimi kişi deyə biləcəyi adamın bu olduğunu düşünürdü. Adam doğruluğu ilə bərabər səhvlərindən, günahlarından da danışırdı. Qız, içində yaratdığı ideal kişi obrazına bu adamı yerləşdirmişdi, artıq. Söhbətdən doymurdular, saata baxanda səhərə yaxın idi.
Saat səhərin 4-ü idi. Yerdən qalxıb çarpayının üstündə oturdular. Qızın yuxusu gəlirdi. Bir az yatıb sabah meşəni gəzməyi planlaşdırdılar. Adam yerinə uzandı, qız bir az çəkingən, bir az da utanaraq kənarda oturmuşdu. Adam: "yaxın gəl, uzan yat rahat, sabah oyanıb gəzərik” dedi. Qız utanaraq yerində uzandı. Adama yaxınlaşmışdı. Bir az da söhbət edək, saat 5 olsun yataq, dedi adam. Uzanıqlı formada bir-birilərinə baxaraq danışırdılar. Qızın gözləri yumulurdu, adamı o qədər sevmişdi və inanmışdı ki, onu qucaqlayıb yatmaq istəyirdi. Amma bunu adama deyə bilməzdi. Adam da qızın bu istəyindən xəbərsiz öz ürəyində bunları fikirləşərək qıza baxırdı. Bir qədər sonra qız yuxuya dalmışdı.
Adam qızın məsum sifətinə baxıb, saçlarını oxşamaq istəsə də, qız oyanıb yanlış anlayar deyə əlini uzatmağa cəsarət etmirdi. Qızı seyr edərək bu baxışlarla adam da yuxuya getdi. Sabah doğan günəşlə bərabər, yeni ümidlər də doğacaq...
Ardı var...
Hekayəni qələmə aldı: Aysel Abdullazadə (müəllif hüquqları qorunur)