Kafeyə giriş edərkən uzunboğaz və nazikdaban çəkmələrinin ahəngdar səsindən diqqətlər ona cəmləşdi. Gənc qadının soyuqqanlılığı simasından oxunulurdu. Maviyə çalar yaşılı gözləri nadir zümrüd tapıntısı sayılırdı.Əyləşdi və paltosunun düymələrini açmağa başlasa da, əynindən çıxartmadı. Acı çay sifarişi edərək qol saatına nəzər saldı.
Az sonra tanış ayaq səslərini eşitdi. Arxadan kölgə yaxınlaşıb dayandı. Kölgənin görüntüsünə göz ucu baxaraq stula söykəndi.
Qarşısında əyləşən şəxs qollarını masaya qoyaraq əllərini bir-birinə keçirtdi. Gözlərini qaldırıb gənc qadına baxa bilmirdi. Utanc hiss, yoxsa peşmançılıq? Amma artıq bunların heç bir əhəmiyyəti yox idi qadın üçün. Bəs gənc yaşda saçlarında peyda olan ağ tüklər necə? Yenə də heç nə.Gənc qadın artıq bütün hüceyrələri ilə bu adamın yad olduğunu hiss edirdi. Bir zamanlar sevdiyi adam artıq ona heç bir hiss oyandırmırdı. Nə sevgi, nə nifrət, nə istehza, nə acı, nə...Qısacası, heç nə. Bu adam robotdan fərqlənmirdi artıq qadına görə.
Barmaqlarını masaya astaca döyəcləyib bir-birinə sıxlaşmış dodaqlarını araladı.
-Niyə çağırdın məni?
-Bilmirəm...-zəif səslə deyib gözlərini nəhayət qaldırdı.-Bilmirəm, Sara..Düşündüm ki, bəlkə..Sadəcə...Nə bilim...Danışmaq...
Acı-acı gülümsündü. Kürəyini stuldan aralayıb qollarını masada birləşdirdi. Baxışlarına kəskin forma verdi.
-Danışmaq? Nəyi danışmaq? Necə danışmaq? Hansı ağılla danışmaq, Əziz?
Əziz gözlərini qapatdı, dərindən nəfəs alıb verdi, masaya dirsəklənib başını əlləri arasına aldı, saçlarına barmaqlanıb pıçıltılı səslə ona ünvanlanan sualı cavablamaqdan yayındı.
-Bax, Sara, mən peşmanam, çox peşmanam, it kimi peşmanam. Lütfən, anlamağa çalış məni.
-Anlamaq? Səni? Məndən ayrılalı maraqlı insan olubsan, Əziz.
-Sara, axı niyə beləsən? Niyə məni başa düşmək istəmirsən? Axı mən o vaxt...-tamamlaya bilmədi
-Nə? Nə, Əziz? O vaxt nə? Davamını gətir.
Əziz saçlarını barmaqlarından azad edərək kürəyini stula dayadı.Saraya baxdı. O baxışlar, o təbəssümlər yox idi artıq. Onun tanıdığı, sevdiyi Sara getmiş, yerisinə bir başqası gəlmişdi. Yad idi bu Sara ona. Onun “Sara”sı belə soyuq, buvec, quru deyildi.
-Amma yox, lazım deyil, davamını özüm gətirərəm. Sənə “zorlanmış” nişanlı qız nəyinə lazım idi axı, eləmi? Bilirsən nə var, Əziz?! Məndən uzaq dur! Bir daha məni narahat etmə!-deyib ayağa durdu.
-Sara, Sara, lütfən!-Əziz də ayağa qalxaraq ona yalvardı.-Dinləməlisən məni. Heç kim məni başa düşmək istəmir ailəmdə, heç kim. Hə, mən alçağam, əclafam, nə bilim-murdaram, zibiləm, hər nə istəyirsən de, amma məni dinlə. İçimi boşaltmağıma icazə ver.
Saranın əyləşməsi ilə Əziz də əyləşdi.
-Sara, haqlısan, mən səni “sevmədim” o vaxtlar. Əgər sevsəydim, səni istənilən halınla qəbul edərdim.
-Hə, əlbəttə. Lap zorlanmış olmayım, keçmişimdə fahişə olsaydım belə. Əlbəttə ki! Nə şübhə? Amma əminsən buna, Əzizcan? Sənə tərtəmiz qız heç lazım deyildi? Yoxsa sən namusu iki ayaq arasında görənlərdən deyilsən? “Zorlanıbsa, günah özündədir” deyənlərdən yanasan?
-Sara, yetər...
-Yox, Əziz, yetməz. Mən universitetdən evə qayıdarkən ağlı başında olmayan narkoman tərəfindən təcavüzə uğradıldım. Sən heç olmazsa bunun nə demək olduğunu anlayırsan? “Təcavüz” nə deməkdir, bilirsən? Yox, heç bilmək də istəmirsən. Mən var-gücümlə çığırıb kömək çağırırdım, amma heç kim gəlmədi. Halbuki o cür səsi eşitməmək üçün kar olmaq belə azdır. Eşidənlər sadəcə özlərinə sığışdırmadılar, utananlar da oldu. O murdar məxluq mənim bədənimə deyil, ruhuma təcavüz edirdi, göz yaşlarıma təcavüz edirdi. Hər gün, hər gecə görürdüm, izləyirdilər məni, rahat buraxmırdılar. İyrənc öpüşlər, kobud davranışlar. İnsanların barmaqla işarələyib nişan vermələri, məni günahlandırmaları, haqqımda min bir iyrənc sözlər yaymaları incirdirdi məni. Yəni heç düşünmək belə istəmirdilər. Evdən çıxa bilmirdim, bütün günü uzanıb göz yaşı axıdırdım.Yeyə bilmirdim, hər dəfə anamın israrı ilə ağzıma nəsə alarkən qaytarırdım. 15 ilin yataq xəstəsi olan atam, anadangəlmə yerimə əngəli olan qardaşım mənə yardım əlini uzada bilmirdilər. Sən mənə elə bir vaxtda zərbə vurub arxadan baxmadan getdin ki, mən artıq yaşamaq istəmirdim, biləklərimi doğradım, anam məni qurtardı. Amma sən haradan biləsən axı? Gedib başqası ilə ailə həyatı qurdun...
-Amma xoşbəxt deyiləm, Sara.
-Bundan mənə nə? Hər halda mənim kimi dillərdə olan biri ilə evlənib də bədbəxt olmayacaqdın? Nə fərqi var ki? Ya da ali təhsilini tamamlaya bilməyən, bətnində zoraki əməlin bəhrəsini daşıyan biri ilə? Ya da, nə bilim, nə deyirlər mənim haqqımda...
-Sara, o əclafı həbsxanada mənim sifarişimlə cəzalandırıblar.
-Əla! Mənə nə? Artıq bunlar məni heç maraqlandırmır. Məni yalnız ailəm maraqlandırır, oğlum maraqlandırır, işim maraqlandırır. İki yaşlı Ümidin müalicəsi üçün çalışıram-dərziyəm, satıcıyam, saç ustasıyam. Hər halda küçələrdə naməlum qadının skripka ifasını eşitməmiş olmazsan, bax, o-mənəm...