O qızın barmaqları
Tural Sahab tərəfindən "Hekayə" bolməsinə 22:37 05 aprel 2014 tarixində əlavə olunmuşdur

                                                            

Bəzən eyni ruhların, oxşar insanların sevgi yaşamaq istəkləri böyük faciələrlə sonlanır. Eyni ruhların acıları fərqli olur. Biri çox sevir, sevgisi ilə son nəfəsini verir, digəri tənhalıq ilə. Ancaq bu, belə də olmaya bilər. Sevməyən bir başqasına, onu sevmədiyi insandan çox- çox az sevən  birinə ürəyini verə bilər. Bu həyatdı, romantik bir hind filmi vəya maraqlı roman deyil. Həyat acı olur.

  Bu hekayə gözəl başladı və gözəl bitəcək. Çünki, sevən oğlan sevdiyi qızdan heç vaz keçmədi, təslim olmadı ayrılığa. Gecələr onun xəyalı ilə yatıb, gündüzlər siqaret dumanına qatdığı göz yaşları ilə böyütdü sevgisini. Bu zamanda belə sevgi yaşanmazdı, yaşanmayacaqdı da bundan sonra, ancaq bir mözücə oldu. Dostluğun, sevginin  yox olduğu bu zamanda dillərə dastan olan bir sevgi yaşandı , özü də gözəl sonluqla.

İlk gün oğlan sevdiyinə demişdi “ Əgər qovuşa bilməsək, mən bu sevginin hekayəsini yazacam, hekayədə qovuşduracam bizi” Ancaq onlar qovuşdu, belə bir hekayəni oğlan heç vaxt yazmadı.

Bulaq başındamı başlamışdı, bu sevgi?

Yox, yox nə gəzir bu zamanda bulaq başında başlayan sevgilər. Bu sevgi də digərləri kimi internetə, maraqlı yazışmalarla başladı. Sonra böyüdü- böyüdü bir yanda kül edən bir atəş, digər yanda söndürən su oldu.

Telefonla danışmağa başladılar. Yazmaqdan gözəldi, danışmaq. Bir birilərinin səslərini saatlarla dinləyir, ancaq yorulmurdular.

Sənin səsini eşidəndə, səninlə danışanda da darıxıram sənin üçün. Yazışanda utanıram deməyə ki, gəl danışaq səsini eşitmək istəyirəm. Mən sənin üçün darıxıram, heç belə olmamışdım, mən.

Bir neçə gün danışmasaq yadıma düşməyən insanlar vardı, ancaq səninlə danışmayanda çox darıxıram. Nə olar sabahlara qədər danışaq- deyirdi qız, onu sevən oğlana.

İlk görüş günü qəlblər həyacan ilə döyünürdü. Səhər tezdən yola çıxmışdı bir xeyli uzaqda olan sevdiyini görmək üçün. Maşında Flora Kərimovanın mahnıları, dodaqlarında siqaret. Dumanla boğmağa çalışırdı ürəyindəki atəşi. Nəhayət gəldi sevdiyi və əlini ona uzatdı, görüşdülər. Sevdiyinin əlini uzun zaman əlində saxladı, gözlərinə baxdı, sanki deyirdi “ Bax, qorxurdun ki, səni görəndə sevgim azalar, sevmərəm, bəyənmərəm səni, ancaq indi gözlərinə baxaraq söyləyirəm səni nə qədər çox sevdiyimi, həyatımın tək anlamı sənsən. Anamın gəlini olacaq qız sənsən” O günü heç biri unutmayacaqdı. Ancaq sevgidə qovuşmaq üçün əziyyət çəkmək, məşuqun aşiqi sınama mərhələsi vardı. Sevgisini isbat etməyən aşiqə sevdiyi inanım, qovuşmağı bəxş eləməzdi.

İlk görüşün sonu günəş batana yaxın oldu. Çətin də olsa ayrıldı sevdiyindən. O gün iki paket siqaret çəkmişdi. Sevdiyinə bu qədər yaxınkən sarıla bilməmək, saçlarının qoxusunu ciyərlərinə çəkə bilməmək nədir, bilirsizmi? İnsan o an sevdiyini ürəyində gizlətmək istəyir, kimsələr görməsin, kimsələr toxunmasın deyə ürəyində saxlamaq, qorumaq istəyir insan.

Sevdiyi bir mahnı vardı “ o, qızın barmaqları deyə” . Bu mahnını oxuyandan heç duymasa da sevdiyindən eşitmişdi. Hər dəfə telefonda bu mahnını zümzümə edirdi sevdiyi və ilk görüşdə də bu mahnını oxumasını istəmişdi sevdiyindən, o da qırmamışdı onu.

     “Ax, bu qızın barmaqları
Barmaqlarıma dəymədi..”

Bax bu mahnı onun sonu olacaqdı, əgər bu sevgi yarıda qalsaydı. Onun məzarında ruzigarlar oxuyacaqdı bu gözəl nəğməni, ancaq olmadı. Bu sevgi yarıda qalmadı. Sevdiyi qadın bir ömür ona bu nəğməni oxuyacaqdı.

Bu hekayəni Allah yazırdı və onun üçün, bu hekayə yarıda qalmayacaqdı.

                                                  ***

İlk görüşdən sonra birdən birə qızın davranışları dəyişdi. Daha əvvəlki tək mehriban danışmır, acılayırdı oğlanı.

Həqiqətən bu qızın, bu oğlanın adları nə idi, bu hekayədə başqa kimlər vardı.

Adların nə önəmi var ki? Iki insan deyək, gözəl bir qız və çox sevən bir oğlan. Birdə gözəl dostlar.

Qızın dostluğa və sevgiyə inamı yoxdu, gördükləri və yaşadıqları öldürmüşdü qəlbindəki inamı. Haqlı idi, bu zamanda sərt olmasa bir insan, acı çəkməyə məhkum olar. Qayalar kimi sərt olacaqsan ki, küləklər yan keçsin səndən. Bax onun üçün qız sərt davranırdı oğlana.

İnsan həyatda nə istəyər ki, xöşbəxt olmaqdan savayı?! Əgər sən bu xöşbəxtliyi yaşaya bilməmisənsə, yaşayacağına ümidin olmaz.

   Yavaş- yavaş oğlanı özündən uzaqlaşdırmağı düşünürdü. Birdən bütün əlaqəni kəsib qəlbini qırmaq istəmirdi. Çünki, bir insan kimi onu çox istəyirdi. Digərlərindən fərqli idi. Sevgiyə və dostluğa hələ də inanırdı. Onunla danışmaq ruhunu dincəldir, ürəyinə xoş arzular gətirirdi. Ancaq uşaqdı hələ. Dünyanı tamamı ilə dərk etməmiş, bir qadınla necə danışacağını, bir qadını anlamağı hələ bacarmırdı. Onu tez- tez əsəbləşdirir, uşaq kimi davranırdı. Kaş bunlar olmasaydı, o zaman bəlkə onu sevə bilərdi. Onun gələcəkdə gözəl bir insan olacağına, evlənəcəyi insanı xöşbəxt edəcəyinə inanırdı, ancaq o insan, o deyildi. Bundan başqa o, aktiv həyatı sevirdi. Tədbirlər, ədəbi məclislər onun həyatının vazkeçilməzləri içində idi. Oğlanın yaşadığı ucqar dağ kəndində bunları tapa bilməyəcəyini yaxşı bilirdi.

Artıq telefondakı səsdə mehribanlıq, doğamalıq yoxdu. Tamamı ilə yad adamdı danışdığı insan. Sanki saatlarla danışdığı, nə qədər danışsa da yorulmayan o qız deyildi. Beş – on dəqiqədən artıq danışa bilmirdilər. Sağollaşıb telefonu bağlayırdı. Bilirdi, artıq bitdiyini, bir gün “daha mənə zəng etmə” sözlərini eşidəcəyini. Onun üçün incitmək istəmirdi onu, heç olmasa bir dost olaraq səsini eşitmək, onu itirmək istəmirdi. Bilirsizmi hər şeyiniz olan, ancaq əslində heç kimsəniz olan bir insan üçün darıxmaq nə deməkdir?. Darıxırsan....., səsini eşitmək istəyirsən, əlin telefona gedir, nümrəni yığırsan- elə bu zaman beyninə bir sual gəlir. Kimə zəng edirsən, daha doğrusu kiminə zəng edirsən? O an hər şey bitir, ümidlər sönür, sakitcə telefonu söndürüb, bir siqaret yandırırsan. Nikotinin səni zəhərləməsini, bu zəhərin ürəyinə qədər gəlib, onu dayandırmasını istəyirsən, ancaq olmur. Sən yaşamağa məcbursan, yalandan gülümsəyir, xöşbəxtlik adında bir oyun oynayırsan.

     Onu görməyə gedirdi. Son bir dəfə daha onunla danışmaq, gözlərinə baxaraq səni sevirəm, getmə demək istəyirdi. Bu dəfə maşının sükanında özü idi. Səhər tezdən, qaranlıqlı yola çıxmışdı. Maşını sürməyi hələ yaxşı bilmirdi, onunçün yollar seyrəkkən getməkdi planı.

Dodaqlarında o yanıqlı nəğməni zümzümə edə- edə yasamalın peravallarını enib, Şəmkirdən Qazax yoluna keçdi. Bu yolda artıq həyacanı daha da artmışdı. Getdikcə ona yaxınlaşırdı, onu görəcəkdi, onun gözlərinə baxaraq bəlkə həyatının son gözəl anlarını yaşayacaq, daha sonra isə əbədi zülmətə qərq olacaqdı, ancaq bəzi anlar ömrə bədəldi bu həyatda. İnsan bəzən keçmişlə, keçmişdəki xatirələrlə yaşayır. Bax o da bu əbədi anını yaşamaq üçün tələsirdi.

 Ax, bu qızın barmaqları
Barmaqlarıma dəymədi.
Ürəyim ağrıyan gecə…
Gəlib qapımı döymədi.

Nəhayət gəlib çatdı, onun yaşadığı torpaqlara. Bir parkda görüşəcəkdilər.  Günəş doğurdu ölkənin üzərinə, Günəş doğurdu və gün şuaları ilə birlikdə sevdiyi gəlirdi yolun kənarından. İlahi bu qızın saçlarınamı enmişdi Günəş, yoxsa ürəyimiydi gözlərini qamaşdıran, heç nə düşünə bilmir, sadəcə baxırdı. Gəlib ona yaxınlaşdı. Əlini uzatdı ruhunu duymaq üçün, ancaq o ruhunu hiss elətdirə bilməmişdi. Havada qalan əlini yanına salmaq üçün bir xeyli güc tapa bilmədi özündə. Nəhayət əlləri yorulub, yanına düşdü. Dodaqları tərpənmək istədi nəsə demək üçün, ancaq güc tapa bilmədi. Başının hərləndiyini, dünyanın qaraldığını hiss edirdi. Sakitlikdi, ətrafda kimsə yoxdu sanki.

Bəs bayaqki yuxuydumu, görəsən? Axı, sevdiyi gəlirdi, onunla danışmaq üçün gəlmişdi bura. Nə oldu, nə dedi ona heç nə xatırlamırdı.

 -  Mən səni sevə bilmədim, bağışla. Özünü mənə sevdirə bilmədin, axı bu mənim günahım deyil. İstəmədiyim bir həyatı mən necə yaşayaya bilərəm. Axı mənim də arzularım var. Anla məni. Mən sənə heç vaxt ümid vermədim ki, heç vaxt səni sevirəm demədimki? Axı, niyə məni bu qədər sevdin sən.

-  Mən səni çox sevirəm, bunu heç vaxt unutma. Çıx get, arxaya belə baxma, ancaq səni sevdiyimi unutma.

- Unutmasam yaşaya bilmərəm, unutmağa məcburam. Bağışla!

 - Unut, xöşbəxt ol. Bilirsənmi mən sevilməyə layiq deyiləm, düz elədin. Heç mən də, sənin yerində olsam məni sevməzdim.

 - Bəsdi sən Allah, yenə başlama. Bax səni bu hərəktlərinə, bu uşaqlıqlarına görə sevmədim. Sən adamı çürüdərsən. Bir həftədə , yox – heç bir gün də səninlə yaşamaq olmaz.

-  Bağışla məni

- Nə qədər bağışlamaq olar?

Hər şey gözəl olacaqdı bu hekayədə. Bu hekayə xöşbəxt sonluqla bitəcəkdi. Bəli elə də olacaq. Hər şey gözəl bitəcək, sevgi heç olmasa bir dəfə qalib gələcək. İndi geri dönürdü. Axşama qədər oralarda səfil kimi dolaşdıqdan sonra geri dönürdü. Günəş batmışdı artıq. Yasamalı yuxarı qalxarkən tək- tük maşınlarla rastlaşırdı. Havada bir az da çisgin vardı. Geri dönməyi həqiqətən istəyirdimi, bu sualı qısa bir an düşündükdən sonra maşına bir az daha qaz verdi, gözlərini yumub arxaya yaslandı. Maşın havada  qanadı qırıq quş kimi çırpınıb, aşağıya doğru yuvarlandı.

İndi maşın param- parça olmuşdu. Hələ ağlı başında idi, hələ hər şeyin gözəl olması üçün vaxt vardı. Qurdların səsi ona ilham verirdi, bu dumanın ümidləri boğduğu gecədə.

          Hər şey dəyişdi birdən- birə. Sevdiyi ilə danışırdı yenə. Səsində yenə əvvəlki mehribanlıq vardı, sevdiyini deyirdi ona, o gözəl qız. Səni çox sevirəm, anlayırsanmı? Daha sənsiz yaşamaq, sənsiz nəfəs almaq istəmirəm. Birlikdə yaşlanaq, birlikdə yaşayaq sevgillim- deyirdi ona. Qulaqlarına inana bilmirdi, bu bir möcüzə idi. Tez qaçıb anasına bu xəbəri dedi. Gəlin arzusu ilə yaşayan ağ saçlı ananın gözləri sevincədən yaşardı. Hazırlıqlar başladı, elçiliyə gedilirdi indi...

Hər şey çox gözəl və sürətlə baş verirdi, ancaq bu qurd səsləri nəydi belə qulağına gələn, bax onu anlaya bilmirdi.

Elçilik uğurla başa çatdı, nişan olmadı. Qız əvvəldən demişdi” nişan bizim nəslə düşmür deyə”

Bir başa toy danışıqları başladı. Öncə qız toyu, çox az bir zaman sonra isə oğlan toyu olacaqdı. Yol uzun olduğu üçün qız toyunun axşamı gəlin oğlan evinə gətiriləcəkdi. Hər şey gözlənildiyi kimi oldu. Çox gözəl keçdi qız toyu. Çox saylı dostların iştirak etdiyi bu toya ən böyük sevini isə hər ikisnin çox sevdiyi bir şairin gəlməsi idi.

Və o axşam gəldi. Qovuşdular. Sadəcə qovuşdular. Sevgi ilə yaşayanların qovuşmasında ehtiras adlı şeytan olmur. Və bir neçə gündən sonra oğlan toyu oldu. Hər şey gözəl olacaqdı və oldu. İndi onlar sevgi ilə qurduqları bu ailədə şad- xürrəm yaşayırdılar. Lap nağıllarda olduğu kimi.

Günlər, aylar yel qanadlı at kimi keçirdi. Sevgilərinin meyvələri yavaş- yavaş dünyaya gəlməyə hazırlaşırdı. Bir də bu lənət olası qurd səsləri olmasa, hər şey daha gözəl olacaqdı.

Bax, budur dünyaya bir körpə gəlir. Doğumdan qorxduğu üçün əməliyyatla alınır uşaq. Gözəl bir oğlan uşağıdır bu. İkisinin də arzusunda olduğu oğlan uşağı. Adını Alper qoyurlar bu uşağın.

  Qurd səsləri isə yaxınlaşırdı. Hər şey gözəl olmuşdu. Arzuların gözəlliyi qədər gözəldi yaşadıqları. İndi isə yerə axan qanı dəvət edirdi dişlərində ölümü gətirən qurdları.

Bax budur qara bir canavar ona yaxınlaşır, bəlkə də qara deyil rəngi, ancaq onun baxışları indi ancaq qaranı seçirdi. İndi bütün rənglər qara idi onun üçün.

Dumanın hökm etdiyi bu gecədə uzaqlardan bir səs gəlirdi

                                  Ax, bu qızın barmaqları
                                 Bir məktub yazarmı görən?
                                 Bir gün eşitsə ölmüşəm,
                                 Qəbrimi qazarmı görən?

Bəlkə də heç gəlməmişdi bu dünyaya, bəlkə də heç bu dünyanın özü də mövcud deyildi. Bəs onu ölümsüzlüyə yola salan bu sevgi? Kim bilir bəlkə də bu sevginin özü də həqiqət deyil, sadəcə Ramiz Rövşənin yazdığı bir şeirdi.

                                     Ax, bu qızın barmaqları
                                     Barmaqlarıma dəymədi.
                                         Ürəyim ağrıyan gecə…
                                           Gəlib qapımı döymədi.

 

TURAL SAHAB.

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+13=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0275 saniye