Oğurluq
Əfqan Nəsirli tərəfindən "Hekayə" bolməsinə 16:25 15 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Bu hadisə XX əsrin 70-ci illərində Azərbaycanın uc­­qar dağ kəndlərinin birində baş verib. 

Tahir sov­xoz­­­­da fəhlə işləyirdi. Ailəsi o qədər bö­yük olmasa da, gəliri ailəsinin gündəlik tələbatına güc­lə yetirdi. Ka­­­sıb dolandığından oğlu Mürsəlin ki­çik toyunu ge­­niş keçirmək fikrindən də daşınmış­dı.
O hər gün sə­hər işə gedib hava qaralandan sonra qayıtdığına gö­­­rə, özünün şəxsi təsərrüfatı ilə məş­ğul ola bil­mir­di. Məhz bu səbəbdən də həyə­tin­də hey­van sax­la­mır­­­dı. Amma vaxt da ötürdü. Bu fikirlər Tahiri ra­­­hat buraxmır, eyninin açılmasına yol ver­mirdi.

Yoldaşı Şəhla da uşağın kiçik toyunun olmasını göz­ləyirdi. O istəyirdi ki, böyük olmasa da həyətlə­rin­də bir mağar qurulsun, çalğıçılar gəlsin. O da qol qaldırıb do­­yun­­­­ca sındırıb oynasın. Nə qədər olmasa da üç dost, beş düşmən vardı axı. Ancaq bir imkan tapıb Ta­hirlə açıq danışa bilməmişdi.

Bir gün əri işdən qayıdanda Bəsti bu barə­də da­nı­şacağına qəti qərar verdi.

Həmin gün Tahir işdən yorğun qayıtmışdı. Şəhla onu qapıda qarşıladı. Tez su, dəsmal gətirib əllərini yu­maq üçün qulluğunda durdu. Şəhlanın üzündə qeyri-adi bir təbəssüm hiss olunurdu. Tahir əlini yuyub otağa keç­di. Yoldaşının əl-ayağa düşdüyünü hiss etdi. Am­ma bu işin sonunu gözləyib heç nə demədi. Stol tez bir zamanda hazırlandı. Yoldaşı ilə üzbəüz oturub onun yemək yeməsinə tamaşa etməyə başladı. O­nun bu hərəkəti Tahirin səbrini daşırdı:

- Nə olub? Sözlü adama oxşayırsan.

Bir himə bənd olan yoldaşı Şəhla:

- Üç düşmən var, beş dost var, -dedi.

-Nədir ki, yenə toya çağırıblar? Yeni paltar la­zım­dır?-deyə Tahir təəccüblə soruşdu.

-Yox, oğlumuzu deyirəm. Bu gün-sabah məktəbə get­məlidir. Amma hələ də kiçik toyu qalıb.

Yoldaşının bu sözləri Tahirin də ürəyini ağrıtdı. Ye­məyini yarımçıq saxlayıb dilləndi:

-Düz deyirsən... Ancaq nə edə bilərəm? Bunun üçün pul lazımdır.

Bu sözdən sonra Şəhlanın üzündə təbəssüm yaran­dı. Sanki neçə vaxtdır yoldaşından gizli sax­ladığı xoş xəbəri söyləyirmiş kimi:

-Neçə vaxtdır ehtiyat üçün az-az pul yığmı­şam. Onunla bir-iki heyvan alarsan. Toydan qalma qı­zılımı da satıb xırda-para şeyləri düzəldərik-dedi.

Eşitdiklərindən Tahirin könlü açıldı. Sevincindən bil­mədi Şəhlaya nə desin. Az qaldı onu qucaq­layıb bağrına bassın. Amma oğlunun evdə oldu­ğu ya­dına düşdü. Tahir çaşıb qaldığından yalnız:

-Sağ ol, arvad. Düz deyiblər ki, arvad yıxılı evin di­rəyidir. Tezliklə bu işi həll edərik, inşallah,-söylə­yə bildi.

O, oğlunun kiçik toyunu etmək üçün yoldaşının ne­­çə vaxt idi ki, yığıb saxladığı pulları götürüb heyvan ba­­zarından beş ədəd toğlu almaq qərarına gəl­di. Məq­­sədi, yaxın dost-tanışlarını çağıraraq oğlunun ki­çik toyunu xudmani qeyd etmək idi. Bu barədə qəti qərara gələn Tahir üçün münasib günü tə­yin etmək qalırdı. Əlbəttə, elə bir gün seçilməli idi ki, özünün də boş vaxtı olsun. İlin payıza dönən vax­tı olduğundan kənddə qızğın iş gedirdi. Necə de­yərlər, baş qa­şı­mağa vaxt olmadığından, bri­qa­dir ona sonrakı həftənin şən­bə, ba­zar günlərinə ica­zə verdi. Rayonda isə heyvan bazarı yalnız həf­tə­nin şən­bə və bazar günləri olurdu. Xeyir iş üçün təyin olunan vaxta hazır ol­maq üçün o, bir həftə əvvəldən heyvanları almalı ol­du.
Tahir hər gün tezdən durar, heyvanlara bir qə­dər yem verib, sonra onları bağa ötürərdi ki, iş­dən dö­­nənə qədər heyvanlar yerə tökülmüş yarpaq­ları ye­­­yib ətini tökməsinlər. Bilirdi ki, kök heyvan ac qalan ki­­mi çəkisini itirir.

Bir gün yenə o, heyvanları bağa ö­­türüb işə yollandı. İşdən qayıdanda gör­dü ki, toğ­lu­­lardan biri yoxdur. Tahir bir neçə dəfə bağı tək­rar-tə­k­rar gəzdi, ancaq heyvanı tapmadı. Evə gəlib hə­yat yoldaşından toğ­lunu soruşdu. O da xəbəri olmadığını bildir­di. Tahir əsəbi halda küçəyə çıxdı. Oğ­lu Mürsəl qon­­­­şu­ uşağı ilə oynayırdı. Ondan da soruşdu. Uşaq çi­yinlərini çək­di. Bu zaman qonşunun oğlu Mür­səlin əvəzinə dilləndi:

- Tahir əmi, mən gördüm, bağınızın yuxarısında ya­şayan Veysəl ba­ba sizin bağın içi ilə keçəndə toğ­lu­­nuzun birinin boğazına çatı sa­lıb apardı.

- Doğru deyirsən?

- Əlbəttə, öz gözlərimlə gördüm, - söyləyən uşaq ba­şı ilə də dediyini təsdiq etdi.

Daha heç bir şübhə yeri qalmırdı. O, Veysəl kişi­nin əvvəllər də ki­min­sə heyvanını apardığını eşitmiş­­­di, lakin bunu heç kim sübut edə bilməmişdi. Ta­­hir qonşunun uşağına çox sağ ol deyib, Veysəl ki­­­şinin evinə tərəf üz tutdu. Yol boyu fikrində özü­nü inandırmağa çalışdı ki, yəqin qoyunlar qoça gəl­di­­yinə görə, Veysəl kişi toğlunu aparıb, bir-iki günə qay­tarar.

Veysəl kişi evdə idi. Əlində yaba hə­yət­də nəsə iş görürdü. O, Böyük Vətən Müharibəsi veteranı idi. Əy­nini daim qalın geyinər, başına isə qədimdən qal­ma buxara papaq qoyardı. Üzü isə həmişə tüklü-saq­qallı olardı. Tahir sürətlə yeri­di­yin­dən Veysəl ki­şiyə yaxınlaşanda bir qədər tənginəfəs:

- Axşamın xeyir, ağsaqqal - dedi.

- Axşamın xeyir, oğul. Nə olub sənə belə?

- Veysəl dayı, uşağın sünnətində kəsmək üçün al­dı­ğım toğluların birini gətirmisiniz. Əgər heyva­n­la­rın içində qalsa ətini tökəcək. Üç günə uşağı kəs­dir­mək istəyirəm. Gəldim heyvanı aparım.

- Oğul, nə heyvan, nə toğlu? Sən nədən danışırsan? Mən nə toğlu görmüşəm, nə də gətirmişəm. Bu­nu sən hardan çıxardın?

- Veysəl dayı, necə yəni görməmisiniz, gətirmə­mi­­siniz? Bəs, qon­şu­nun oğlu görüb siz heyvanı gə­ti­­rəndə - deyə, onsuz da getdikcə əsəbiləşən Tahir, sə­sini bir qədər qaldırdı.

- Oğul, neçə ildir ki, burada qonşuyuq. İndi bir par­­ça uşağın sözü ilə mənə inanmırsansa, keç, töv­lə­­yə bax. Heyvanlar da oradadır. Olsa, orda olar. Giz­lətmədim ki?

Son sözləri Veysəl kişi elə arxayınlıqla söylədi ki, san­ki bu işdən onun heç xəbəri də yoxdu. Tahir nə eşitdiklərinə, nə də olanlara inanmaq istəmirdi. O, özündən ixtiyarsız içəri keçib, tövləni ələk-vələk e­lə­­disə də, heyvanını tapmadı. Sanki onun toğlusu heç bura gətirilməyib. Ancaq uşaq da yalan danışmaz­­­dı. Belə qarışıq vəziyyətdə Tahir nə edəcə­yi­­nin fərqində deyildi. O özünü saxlaya bilməyib qon­­­şusu Veysəl kişinin yanına gələrək:

- Mən bilirəm ki, toğlunu siz gətirmisiniz. Əgər heyvanın yerini deməsəniz, mən milisə şika­yət e­də­cəyəm - deyə özündən asılı olmadan qon­şu­su­nun üzərinə hücuma keçərək onu qorxutmaq istədi.

- Get, kimə istəyirsən de. Mən sənin toğlunu görmə­­mişəm. Bir də axı, özümüzünkülərə nə gəlib. Gör nə qədərdi? Sənin toğluna qal­mı­şam?..

Tahirin başqa çarəsi qalmamışdı. Axşam olma­say­­­dı, elə indi rayon milis rəisinin yanına gedər, hər şe­­yi olduğu kimi danışardı. Lakin gün axşama dö­nən­­də rayona gediş-gəliş azalır, tək-tük təsadüf yol ma­şınları nə­­­zərə alınmasa, demək olar ki, rayonla əlaqə tamam kəsilirdi. Bü­tün bunları yaxşı bilən Ta­hir briqadirin evinə gedib səhər işə gec gə­lə­­cə­yi­ni bil­dirmək qərarına gəldi. Heç Veysəl kişi ilə xü­­da­fizlə­ş­mədən üz tutdu briqadirin evinə.

Tahir səhər o başdan qalxıb yenə heyvanları yem­ləyib bağa ötürdü və yoldaşı Şəhlaya bərk-bərk tap­şırıb rayon mərkəzinə yollandı. Lap erkən ol­­du­­­ğun­dan xeyli gözləməli oldu. İlk gə­lən rəisin kö­mək­çisi oldu. Tahir başına gələnləri kö­mək­­­­çiyə da­nış­dı. Kö­məkçi onun haqqında geniş mə­­lumat al­dıq­dan sonra ərizə yazdırdı və rəisi göz­lə­məyi məslə­hət bildi. Tahirin gözləməkdən başqa ça­rəsi qal­ma­mışdı. Bir azdan rəis gəldi. Kömək­çi­nin mə­lumatından sonra rayon milis şöbəsi­nin rəisi onu dərhal qəbul etdi. Tahir ba­şına gə­­­­­lən­­­­lə­ri yerli-yataqlı rəisə də söylədi. İnsafən rəis o­nu sona qədər dinlədi və səmimilik göstərərək de­di:
- Siz heç narahat olmayın. Toğlunuzu mütləq ta­pa­­rıq. İndi bu saat gedib Veysəl kişini bura gəti­rə­rik. Dünya buraxmaçılıqdır bəyəm?

Tahir heç unamırdı ki, bu səmimiyyət, bu münasi­bət atasına görədir. Çünki onun da atası mühari­bə­də iştirak etmişdi və üstəlik bir neçə medal da qa­­zanmışdı. Bütün bunları rəisə köməkçi əvvəlcə­dən bildirmişdi. Ona görə də qorxurdu ki, Tahirin a­ta­­sı mərkəzə - Moskvaya yazar. Bunun olmaması üçün son də­rəcə ehtiyatlı və səmimi olmaq lazım gəlirdi. O, kö­məkçini çağırıb amiranə səslə göstəriş verdi:
- Uşaqlardan birini göndər, bu saat gedib Moruq­lu kəndindən Veysəl kişini bura gətirsin.
Sonra üzünü Tahirə tutub:

- Sən də get, aşağıda, bufetdə bir az çay iç. Ona qədər də serjant gələr, - deyib onu tam arxayın etdi. Tahir kabinetdən çıxıb bufetə yollandı. O, çay içə-içə fikrində milisə şikayət etdiyinə görə gah özünü ya­manlayır, gah da özünə haqq qazandırırdı. Axı bu Veysəl kişi nə böyük adam olub ki, hamı ondan çəkinir, onunla qarşı-qarşıya gəlməkdən qorxurdu? İndi o, həm də sübut etmək istəyirdi ki, hər işin bir son nöqtəsi olmalıdır. Rəisin səmimi qəbulu və dediyi sözlər də onu belə düşünməyə vadar edirdi.
... Heç yarım saat çəkmədi ki, rəisin onu çağırdığını Tahirə bildirdilər.

Kabinetə girəndə gözlə­­rinə inanmadı. Veysəl kişi yazıq görkəmdə, aya­qüstə rəisin hüzurunda dayanmışdı. Elə bil, heç dünən axşam onunla yekə-yekə danışan bu deyildi. Rəis Tahiri görən kimi sifətin­də təbəssüm yaradaraq dilləndi:

- Keçin, keçin, çəkinməyin, buyurun əyləşin.

Tahir ötəri nəzərlə qonşusunu süzüb yaxınlıqdakı stulda əyləşdi. Rəis üzünü Veysəl kişiyə tutaraq:
- Deyin görüm, bu vətəndaşı tanıyırsınız? - amiranə səslə soruşdu.

- Əlbəttə, rəis, qonşumdu. Onu o qədər bu qollarıma almışam ki, - deyə Veysəl kişi daha da yazıq görkəm aldı.

- Siz mənə deyin görüm, bu vətəndaşın heyva­nı­nı apardığınızı boynunuza alırsınızmı? - rəis so­ruş­­du.
- Yoldaş rəis, onun toğlusu mənim nəyimə la­zım­dır - deyə Veysəl kişi hər şeyi üzərindən atmaq və özünü təmizə çıxarmaq istədi.

- Bəs qonşunun uşağı sizi toğlunu aparanda görüb? - deyərək səsini bir qədər yüksəldən rəis, hər şeyin inandırıcı olmasına çalışdı. Veysəl kişi daha da əzildi:

- Yoldaş rəis, mən ağsaqqal adam durub sizə ya­lan danışmayacağam ki? Siz mən boyda ağsaqqala, müharibə veteranına inanmırsınız, bir parça uşağın yalançı sözlərinə inanırsınız...

Rəis bu söhbətin yaxşı qurtarmayacağını hiss etdiyindən üzünü Tahirə tutub de­di:

- Deyəsən, biz bununla çox danışmalı olacağıq, sa­larıq içəri, sabaha qədər burada qalar, onda düzü­nü danışar. Sən isə get, sabah gəl toğlunu apar.

Sonra üzünü Veysəl kişinin yanında duran serjanta tutub sözünə davam etdi:

- Bu ağsaqqalı apar, sal içəri, nə vaxt boynuna alıb danışsa, onda gətirərsən.

Tahir sevincək ayağa durub rəisə minnətdarlıq edə­rək qələbəsini kəndə çatdırmaq üçün tələsik otaq­dan çıxdı. O, bu xəbəri vaxt itirmədən camaata bil­dirmək üçün kəndə hətta taksi ilə gəldi. Bu xəbər Mo­­ruqluda ildırım sürətilə yayıldı. Adamların çoxunun bu işə inanmağı gəlmirdi. İnana bilmirdilər ki, dağ boyda Veysəl kişini Tahir kimi kasıb fəhlə bir adam tutdurar, hələ üstəlik toğlusunu da geri ala bilər.
Tahirin getməsindən bir saat sonra rəis, kömək­çiyə Veysəl kişini onun yanına gətirməyi tapşırdı. Çox keçmədi tapşırıq yerinə yetiril­di. Veysəl kişi qapıdan içəri girəndə onu tanımaq olmurdı, heç elə bil bayaqkı adam deyildi. O gülə-gülə rəisə tərəf gəldi və köhnə ta­nış­lar kimi görüşdülər.

- Ayə, a pir olmuş, niyə qoymursan rahat nəfəs alaq. Sənə tapşırmışam, elə adama sataş ki, sonra başımız ağrımasın, - deyə rəis çıxılmaz vəziyyətə düşdüyünü Veysəl kişiyə daha yaxşı anlatmaq üçün sözünə davam etdi:

- Sən bilmirsən onun atası veterandı? Sabah yuxarılara yazsa nə cavab verə bilərik?

- Ay sağ olmuş, birinci dəfə deyil ki. Yoxsa sən də onun kimi məni qanmaz, əfəl hesab edirsən, - Veysəl kişi rəisin üzünə irişib əlavə etdi:

- Bir də, rəis, vallah, atamın qəbrinə and olsun ki, mən beşindən cəmi birini aparmışam, sənin payın hələ durur. Əgər istəsəniz gedib gətirərəm.

- Ağsaqqal, yoxsa bir planın var, - deyən rəis, onun nəsə bir məqsədi olduğunu başa düşüb gülümsündü.
- Rəis, bilirsiniz ki, buradan Moruqluya cəmi yeddi kilometr ola, ya olmaya. Gecə üçdə məni kəndin girəcəyində düşürün, sonra bircə saat vaxt verin ki, gedib sizin payınızı da gətirim.

Veysəl kişinin bu sözündən sonra rəis əlini-əlinə vurub bərkdən şaqqanaq çəkdi. Sonra öz-özünə söylənirmiş kimi:

- Vallah sənə halaldı, Veysəl kişi. Necə olub ki, bu, mənim ağlıma gəlməyib, - dedi.

Gecə əməliyyat yerinə yetirildi. Hər bir iş Veysəl kişinin cızdığı plan üzrə həyata keçirildi.
Səhər Tahir yuxudan erkən oyandı. Sevinirdi ki, gedib toğlusunu gə­tirəcək və bununla da kənddə ad çıxaracaqdı. Tələsidiyindən bir stəkan çay da içmə­di. Adəti üzrə tövləyə gedərək heyvanları yemləyib bağa ötürmək istədi. İçəri girməklə özünü itirməsi bir oldu. Gözlərinə inanmadı. Toğlunun biri də yox idi. Bunu kim apara bilərdi? Bu nə iş idi onun başına gəlirdi? Ağlına gələn ilk oğru yenə də Veysəl kişi ol­du. İndi o, rayona əvvəlkindən daha çox tələsdi. İs­tə­yirdi hər şeyi rəisə tez xəbər versin. Yol boyu nə qə­dər fikirləşdisə də, özündən asılı olmayaraq bey­nin­­də, ancaq Veysəl kişidən şübhələndi. Çünki kənd­də ikinci elə bir adam tanımırdı ki, cürət edib oğur­luq etsin. Yad adam onun evində nə olduğunu haradan bilərdi.
Yolda qarşısına çıxanlara da salam vermədən tələsik rayona yollanan Tahir, rəisin qəbulunda çox gözləmədi. Rəis Tahirin hövlnak olduğunu görüb:

- Sizə nə olub, niyə belə tənginəfəs olmusunuz? Yoxsa bir hadisə baş verib? Nə olubsa, tələsməyin, ha­mısını danışın, - deyə rəis Tahirin özünü ələ alma­sı üçün ona qarşı daha mülayim davrandı. Çünki ki­çik bir səhv hərəkət bütün planları korlaya bilərdi. Tahir bir qədər sakitləşib başına gələnləri rəisə da­nış­dı. Rəis soruşdu:

- Bəs kimdən şübhələnirsən? Sənin fikrincə, bu işi kim törədə bilər?

- Rəis, başına dönüm, vallah, atamın canına and olsun, Veysəl kişidən başqa heç kimə gümanım gəl­mir. Mən yalnız ondan şübhələnirəm. Bizim kənddə bunu Veysəl kişidən başqa heç kim törədə bilməz.

Bu sözü deyər-deməz rəis əsəbi görkəm aldı. Vey­səl kişinin planı baş tutmuşdu. Lakin işin belə cə­rə­yan etdiyi bir anda yol veriləcək tələskənlik onların si­masını aça bilər, bütün işi korlayardı. Ona görə rəis köhnə aktyorluq qabiliyyətini də işə salmalı ol­du. Milis rəisini hərdən gülmək tutanda o, üzünü ya­na çevirir, ya da pəncərə önünə gəlib bayıra ba­xır­dı. Özü­nü elə aparırdı ki, guya kimi isə gözləyir. Bütün bun­lardan xəbərsiz olan Tahir isə rəisə dil-ağız etmək­dən yorulmurdu:

- Rəis, başına dönüm, mənim sizdən başqa ki­mim var ki? Dünən kənddə deyəndə ki, siz Veysəl kişini saxlamısız, heç kim inanmadı. Mən də kasıb ada­mam, istədim ki, uşağı müsəlman eləyim. Al­lah mərdimazarın evini yıxsın. Görürsüz də başıma nə oyun açdı. Sizə də əziyyət verib yanınızda lap xəcalətli oldum. Gərək bağışla­ya­sı­nız. Vallah, o kənd­də də, mən imanımı yandırıb, ikinci bir adam­dan şübhələnə bilmirəm. Əgər varsa da, Allah baisin evini yıxsın. Lakin ha fikirləşirəm bir yana çıxara bilmirəm. Mən, ancaq Veysəl kişidən şübhələnirəm. Bu yalnız onun işidir. Bu sözdən sonra milis rəisi daha əsəbi bir görkəm alıb:

- Dayan bir dəqiqə, deməli belə çıxır ki, sən bizdən də şübhələnirsən? - dedi.

- A..A..Allah eləməsin, rəis, heç sizdən şübhələnmək olarmı? Mən sizə arxalanıb gəlmişəm.

Rəis bu sözdən daha da əsəbi görkəm aldı. Artıq əlində kifayət qədər dəlil olduğunu düşünən rəis, əsl məqamın gəlib çatdığı üçün bir qədər də ciddi­ləşib əlavə etdi:

- Dünən sənin yanında Veysəl kişini içəri sal­ma­dım? Bəs nə təhər olur ki, Veysəl kişi daşı, divarı de­şib sənin toğlunu aparır? Hələ mən də sənə inanıb kişini da incitmişəm ki, sənin dediklərini boynuna qoyum. Özü də veterandır. İndi mən ona nə cavab verəcəyəm? Sən nə danışdığını başa düşürsənmi?
Rəis sonda elə qışqırdı ki, Tahir lap çaş-baş qaldı. Elə bil dünən onu səmimi qarşılayan adamı daha əzazil, daha qorxunc rəis əvəz etmişdi. Rəis dayanmır, sualı sual dalınca Tahirin üzərinə yağdırır, hər dəfə də səsini bir az da yüksəldirdi:

- De görüm, əgər o kişi olanları yuxarı yazsa mən neyləyəcəyəm? Nə cavab verəcəyəm? Axı sən əlində heç bir əsas olmadan o boyda veteranı necə şübhə altında qoyursan? Heç bilirsən, buna görə məni də, səni də nə gözləyir? Türmə, başa düşür­sən, türmə - o, barmaqlarını üst-üstə qoyub tür­mə işarəsini gös­tərdi.

- Rəis, başına dönüm, vallah, mən demədim ha toğlunu Veysəl kişi aparıb, mən yalnız ondan şübhələnirdim, -deyə Tahir özünü günahsız hesab etmək istədi. Lakin rəis onun sözünü yarımçıq kəsdi:

- Necə yəni şübhələnirdim? Dünəndən sənin sö­zün­lə kişini KPZ-yə salıb itin abrını verdik ki, hər şe­­­­­yi boynuna alsın, sən də deyirsən ki, şübhələnir­dim. İndi ona nə cavab verəcəyəm? Nə deyə­cə­yəm?
Bu sözdən sonra araya sükut çökdü. Tahir nə edə­cə­yini bilmir, rəis isə özünü elə göstərirdi ki, sanki bir çıxış yolu axtarır. Birdən rəis mülayim sifət ala­raq dilləndi:

- Yaxşı, daha neynəmək olar, indi kişini gə­tirə­cəklər. Sən səhv etdiyini söyləyərsən, mən də yenə xahiş edərəm. Əsas onu razılığa gə­tir­məkdir. De­dik­lə­rimlə razısanmı? Başa düşürsən?

Bu sualla rəis Tahirin fikrini dərindən öyrənmək istədi. Özünü itirən Tahir isə həm türməyə düşə­cə­yindən, həm də kənddə biabır olacağından çaş-baş qalaraq toğlusunun itməsinin heç fərqinə də varmadan kəkələdi:

- Ə..ə..ə..əlbəttə, əlbəttə razıyam. Siz necə desəniz elə də olsun, yo..yo..yoldaş rəis.

Bu söhbətdən sonra rəis stolun kənarındakı kiçik, qırmızı düy­mə­ni basdı. Az keçmədi serjant qolu qandallı Veysəl kişini gətirdi. Ta­hir gözlərinə inanmadı. Bir gecədə Veysəl kişi sanki xeyli qocalmış, üzünün tükü daha da codlaşmışdı. Hətta onun köhnəlmiş kürkü bir neçə yerdən cırılmışdı. Sanki bu gecədə Veysəl kişini yaxşıca döymüş və ac sax­lamışdılar. Onun içəri daxil olması ilə rəis tez ayağa durdu, qapıya qədər gəlib serjanta təpindi:

- Bu nədi ə? Tez ol aç kişinin qolunu. Heç vetera­na da belə münasibət olar?

Serjant tez Veysəl kişinin qolundan qandalları aç­dı. Rəis daha da yaxın gələrək onun qandal açılmış əlin­dən tutdu və sonra qoluna girib onu oturmağa dəvət etdi:

- Buyurun, buyurun, ağsaqqal, keçin əyləşin. Ayə, get bir stəkan çay gətir, -deyə rəis serjanta göstəriş verərək Veysəl kişini stula oturtdu. Sonra bir əlini stolun üstünə, bir əlini isə Veysəl kişinin çiyninə qoyub sözünə davam etdi:

- Bilirsənmi, ağsaqqal, sənə qarşı bir balaca yanlışlıq olub. Mən də, sənin bu qonşun da - o, əlini stolun üstündən qaldırıb Tahiri gös­tər­di - balaca bir uşağın sözü ilə az qala səni oğru etmişdik. İndi gə­rək günahımızdan keçəsən. Sən böyüksən axı, həm də qonşu­sunuz. Yaxşı ki, bu iş dərinə getmədi. Kim bilir sonu necə qurta­rar­dı?

Elə bu vaxt qapı döyüldü və serjant əlində çay içəri girdi. Onun daxil olması ilə otağa bir lal sükut çökdü. Hər üçü serjantın getməsini gözlədi. Rəis yenə sözünə davam etdi və danışıb nəzərlərini hər dəfə Tahirin üzərinə gə­tirəndə o utanır, başını aşağı salır, bu­nun­la sanki üzünü qonşusundan gizlədirdi. Heç bilmirdi nədən baş­la­yıb qonşusunu dilləndirsin, araya mehribanlıq salıb səhvini etiraf etsin. Rəis həm Tahirin, həm də Veysəl kişinin dillənmədiyini görüb özü aranı daha da şirinləşdirmək istədi:

- Ağsaqqal, gəl mənim sözümü eşit, bu məsələni xoşluqla qurtaraq. Elə fikirləş ki, aranızda heç bir söz-söhbət olmayıb. Mən də qonşunun bu əri­zə­sini cı­rıb atım, sən də böyüklük elə, mənim xətrimə keç onun günahından. Özü də səhərdən xahiş edir ki, onun adından səndən üzr istəyim. Onsuz da o səh­vi­nin əziyyətini çəkəcək. Dünəndən bura bizə də, sənə də yalandan əziyyət verib, in­di ailəli adam­dı, cavandı, o da istəməzdi belə olsun. İndi bir işdi olub, sən günahından keçsən, bir on-on beş gün içəridə yatar, ağlı ba­şı­na gələr ki, ağsaq­qala, veterana şər yaxmaq nə deməkdir, -deyə rəis vəziyyəti öyrənmək üçün sözünə ara verdi. Bu sözlərdən sonra Tahirin rəngi daha da avazıdı. “İçəridə yatar“ - sözünü eşitcək sanki başına bir qazan qaynar su tökdülər. İstədi ağzını açıb nə isə desin, səsi çıxmadı. Qorxudan dili-ağzı qurudu, nitqi tutuldu. Bayaqdan sakit duran Veysəl kişi, rəisin könlünü xoş etməyin məqamı çatdığını görüb tez dilləndi:

- Rəis, hamı bilir ki, siz bizim bu rayonda həm böyüyümüzsünüz, həm də arxamız. Çətinə düşəndə hamı sizin üstünüzə qaçır. Siz də çox sağ olun ki, hamını qəbul edir, hər kəsin işini yoluna qoyursunuz - o, çayından bir qurtum içib sözünə davam etdi:

- Qaldı ki, bu qonşumun işinə, siz məsləhət gö­rən­dən sonra mən nə deyə bilərəm. Onsuz da müharibə­də o qədər çətin günlər görmü­şəm ki, dü­nən­ki gün onun yanında toya getməlidir. Mən həmi­şə is­tə­mişəm ki, mehribançılıq olsun. Ona gö­rə də sizdən bir xahişim ola­caq, bilmirəm nə deyə­cəksiniz?

Veysəl kişi bu sualı verməklə həm rəisi duyuq sal­maq istəyir, həm də bununla söhbətin əvvəlcədən ha­zırlanmadığını sübut etmək istə­yir­di. Rəis isə Vey­səl kişinin fikrini başa düşdüyündən tez:

- Buyurun, buyurun, ağsaqqal, bu nə sözdür. Si­zin kimi insanların qul­luğunda durmaq bizlərə şərəf gə­tirər, -deyə rəis, işin belə asanlıqla həll olundu­ğu­na sevindiyini açıqca büruzə verdi.

- Bu Tahir mənim qucağımda böyüyüb. Atası ilə də lap yaxın olmu­­şuq. İndi bir səhvdi, edib. Ney­nəmək olar, keçin günahından buraxın evinə getsin. Mən razı olmaram ki, onun da, atasının da adı­na söz gəlsin. Bilirəm, dünəndən siz də, burdakı uşaq­lar da çox əziy­yət çəkmisiniz. İndi bu qonşum da ev­də qalan toğluları gətirib verər, siz də əziyyətin dadını çıxararsınız. Hə qonşu, nə deyirsən? -o ver­di­­yi sua­lın cavabını gözləmədən sözünə davam etdi:

- Bu söhbət də bununla burada tamamlanar, bir daş altda, bir daş üstdə. Siz nə deyirsiz, rəis?

- Sözün düzü mən də istərəm ki, belə olsun, -rəis Tahirin dillənmədiyini görüb əlavə etdi: - İndi sən get ağsaqqal, mən də uşaqlarla da­nışım görüm, mə­sə­lə­ni necə həll edə bilərik. Bir daha üzrlü he­sab edin. Yanlış da bir naxışdı, - deyə rəis bir daha üzrxahlıq etdi. Veysəl kişi ayağa durdu, rəislə əl verib xudafizləşdi. Həmin anda üz-üzə yaxın olduqlarından rəisə bir göz də vurub:

- Çox sağ olun rəis, vaxt olanda bir biz tərəflərə də zəhmət çəkin, qulluğunuzda duraq. Bizim sizdən savayı kimimiz var ki? - dedi və rəisə bir daha dil-ağız edib otaqdan çıxdı. Veysəl kişi otaqdan çıxandan sonra araya dərin bir sükut çökdü. Tahir nə edəcəyini, nə deyə­cə­yini bilmirdi. Rəis isə söhbətə hansı tərəfdən başlamağı fi­kirləşirdi. Nəhayət, bir müddətdən sonra rəis astadan söhbətə baş­ladı:

- Vallah, elə bir iş görmüsən ki, heç cür baş açmaq olmur. Axı sən niyə uşağın sözünə inanıb, bu faktı bir yoxlamadın?

Tahir elə bilirdi ki, suallara düz cavab versə işi yüngülləşəcək. Ona görə də tez dilləndi:

- Rəis, başına dönüm, vallah evinə getdim, dedim toğlunu ver, o da dedi ki, xəbərim yoxdur, mən görməmişəm.

- Ayə, sən hələ də o kişidən şübhələnirsən? Yox­sa, bütün olanları görmədin? Mən istəyirəm sənin işini düzəldim, sən isə məsələni daha da mürək­kəbləşdirirsən. Əgər o səndən şikayət etsəydi, sən azı iki il o söz. Bilirsən də, - deyə rəis barmaqları ilə yenidən türmə işarəsi göstərdi. Sonra bir az ara verib sözünə davam etdi:

- İndi bu işi bütün bölmə bilir. Bilirsən də, onun bi­ri yuxarı yazsa, gəlib yenidən səni aparacaqlar. On­da mən sənə heç bir kömək edə bilməyəcəyəm. Mən də fikirləşirəm ki, onları necə yola verim.

Tahir gördü ki, başqa çıxış yolu qalmayıb. Əgər rəi­sə hörmət etməsə azı on-on beş günlük həbs oluna­caq. Son­ra o, kənddə camaatın üzünə necə çı­xa bi­lər? Rəi­sin sonuncu sözləri ona canını qurtarmaq üçün im­kan yaratmışdı. Ona görə də Tahir fikirləş­mədən dilləndi:

- Rəis, evdə toğluların bir-ikisi qalıb. Onu da gö­tü­rüb uşaqlarla yu­xarı bulaq üstə çıxarsınız. Eybi yox, mən uşağın işini sonra da edərəm. Təki sağlıq ol­sun. Görünür qismət deyilmiş. Allah sizə də ömür versin.
Bu sözdən sonra kefi durulan rəis qımı­şa­raq:

- Mən elə əvvəldən hiss etmişdim ki, sən hər şeyi tez başa düşənsən. İndi serjant səni aparar evinizə. Bir də sən özün əziyyət çəkmə, - dedi və yenə qırmızı düyməni basıb köməkçini çağırdı. Az keç­iş kö­mək­çi içəri daxil oldu. Rəis dilləndi:

- Bu yoldaşı uşaqların biri ilə göndər, aparıb evlərinə qədər ötürsün.

Tahir kefsiz ayağa durdu, rəislə sağollaşıb köməkçi ilə bir­lik­də otaqdan çıxdı. Rəis əllərini - əllərinə vuraraq arxayınlıqla:

- Hə, bu işi də belə həll etdik, -deyib ayağa durdu.

Son


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
10+26=
Hesaba giriş
Müəllif

Əfqan Nəsirli
Əlaqə
Tel.:
+994519966173
E-mail:
afgan73@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0343 saniye