Oğurluqla milyonçu olan qadın
Şəfiqə Şəfa tərəfindən "Məşhurlar" bolməsinə 17:33 20 aprel 2017 tarixində əlavə olunmuşdur

Sofiya Amoruso – bu ad çoxlarına ilham verir, bəzi gəncləri isə düz yoldan çıxarır. Birincilər qəpik-quruşla biznes qurmaq istəyənlərdir, ikincilər isə macəraaxtaran yeniyetmələr. Maraqlıdır ki, Sofiya hər iki kateqoriyadan olan cəhətləri özündə birləşdirir.

O, hələ məktəbi bitirmədən ata evindən qaçıb. Oxumaq, normal insanlar kimi hər gün işləmək istəmədiyi üçün yollara düşüb. Kiçik qəsəbədən ABŞ-ın böyük şəhərlərinə doğru cibində qara qəpik olmadan yol gəlib. Yoldan keçən maşınlara minə-minə, başına min oyun gələ-gələ nəhayət, böyük şəhərin kiçik sakinlərindən birinə çevrilib. Əvvəlcə yarıtikilələrdə, təsadüfi tanış olduğu oğlanların yanında, barlarda gecələyib, marketlərdən oğurluq edib. Sonralar düşünüb ki, bu oğurluq işindən yaxşı pul qazanmaq olar. Amma doğru istiqamət almaqla. İnternetə girərək ən çox hansı kitabların, cd-lərin, geyimlərin, texniki əşyaların dəbdə olduğunu öyrənir və məhz həmin əşyaları oğurlayaraq nisbətən ucuz qiymətə satırmış. Beləcə ağlına maraqlı bir fikir gəlir: öz internet səhifəsini açıb ki, insanların əldə edə bilmədiyini onlara ucuz satsın. İlk başlarda işi yaxşı getsə də sonra satıcılardan birinə “ilişir”. Oğurluq üstündə yaxalanarkən özünü xəstə kimi göstərsə də alınmır. Onu polisə vermək istəyəndə yalvarıb cərimə olunmasını xahiş edir. Mağaza əməkdaşları onu cərimə edərək buraxırlar. Bundan sonra oğurluq etməyə cəsarəti çatmır. Çünki ömrünün gözəl illərini həbsxanada keçirmək istəmir.

İdeya ilə zəngin olan beyni daha bir parlaq fikirlə aydınlanır. Həm də təsadüfən güzgü önündə öz geyimlərinə baxarkən... Sofiya vintaj geyimlərə (keçmiş dönəmlərə aid geyim və aksessuarlar) üstünlük verirmiş. Düşünür ki, onun kimi nə qədər vintajçılar var, amma belə geyimləri çətinliklə əldə edirlər. İnternet səhifəsinin adını “Nasty girl” (tərbiyəsiz qız) qoyaraq vintaj geyimlər satması ilə bağlı elan verir. Sonra isə düşür şəhərin canına. Bağlanmaqda olan teatra gedib geyim otağından qəpik-quruşa aldığı pal-paltarı saytında baha qiymətə satmağa başlayır. Fərdçiliyə üstünlük verən, təkrarı sevməyənlər isə belə geyimləri maraqla qarşılayırlar. Tezliklə yaşlı adamlarla dostlaşır. Onların qarderobundakı gənclik paltar və ayaqqabılarını ucuz alaraq yavaş-yavaş ciblərini qalınlaşdırır.

Tapdığı geyimlərin şəklini özü çəkir və əynində nümayiş etdirən videoçarxlar yerləşdirirdi. Bu, alıcıların diqqətini daha çox çəkirdi. Sonra isə gözəl görünüşlü rəfiqələrinin, dostlarının xidmətindən yararlandı. Geyimlərlə bərabər qəşəng qızlar və oğlanlar da satışa yaxşı təsir edirdi. Həftəyə 25-30 mal sata bilirdi. Beləcə 2012-ci ilə qədər Nasty Girl 100 milyon vintaj geyim və aksessuar satmışdı. Alıcılar o qədər çox olurdu ki, geyim çatdıra bilmirdi. Və tezliklə bu “tərbiyəsiz qız” özünə işçilər tutaraq internet mağazasının ofisini açdı. Köhnə paltarlar bitdikdə isə yeni vintaj məhsullar üçün şirkətlərə müraciət edəndə mağazasının adına görə ona rədd cavabı verirdilər. Çünki böyük şirkətlər “Tərbiyəsiz qız” adının hansısa seks-şop olduğunu düşünürdülər. Nəhayət İndex Ventures ona 49 milyonluq geyimlə təchiz edir.

Sonralar Sofiya dünyanın bir neçə iri geyim brendləri ilə əməkdaşlığa başladı. Müsahibələrinin birində belə deyirdi: “Təzəlikcə Nordstrom mağazalar şəbəkəsinin rəhbəri ilə danışıqlar aparıb razılıq əldə etmişəm. Evə gələndə isə öz-özümə güldüm. Vaxt var idi mən bu şirkətin aksessuarlarını mağazalardan oğurlayardım. İndi isə onlar mənim üçün məhsul istehsal edəcəklər”.

Amma xoşbəxt sonluq həmişə olmur. 2015-ci ildə iş qurduğu böyük şirkətlər “tərbiyəsiz” qıza elə tərbiyəsizlik göstərdilər ki, nə baş verdiyini anlaya bilmədi. Onun artıq formalaşmış şirkətini dələduzluqda ittiham edirlər. Sofiyanın bir neçə əməkdaşı həbs olunur. Külli miqdarda cərimə ödəyir. Başqa sözlə, oğurluq edərkən çəkmədiyi cəzanı indi düzgün yoldaykən çəkir. Nəhayət, 2016-cı ildə müflis olduğunu elan edir. Yenidən başa qayıdan Sofiya həyatı haqqında kitab yazmaqla bu il bir daha diqqət mərkəzinə düşüb. Kitab bestseller olmasa da nəşriyyatların diqqətini çəkib. Onun bir neçə ölkədə görüşləri təşkil edilib. Yəni indi “Tərbiyəsiz qız” gənc nəslə tərbiyə verməklə məşğuldur.


... dəfə oxunub
Qiymət: 5/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+11=
Hesaba giriş
Müəllif

Şəfiqə Şəfa
Haqqında
Şairə, yazar, publisist, tərcüməçi.
Əlaqə
E-mail:
kshafiga@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0334 saniye