Mənim kimi fəqir varmı,
Hey tuturlar dilə məni.
Bir imzalıq işim üçün
Dözdürürlər ilə məni.
Arxamca bir iz düşəndə,
Ünvanıma düz düşəndə,
Alovumdan söz düşəndə
Bənzədirlər külə məni.
Yoxdu gülləri qoxuyan,
Düz kəlamı,düz oxuyan,
Əlinə əlcək toxuyan
Dolaşdırır milə məni.
Boğuldum vəd tüstüsündə,
Günahım nə, nə üstündə,
Niyə məzarlar üstündə
Döndərirlər gülə məni.
Həm şəkər, həm də duzmuşam,
Bəlkə min yuxu yozmuşam,
Neçə şeirimi pozmuşam
Gətirirlər dilə məni.
Haqq baxışı istəyirəm,
Bəxt naxışı istəyirəm
Yaz yağışı istəyirəm
Hey atırlar selə məni.
Mübariz dözmə bu hala,
İsrafil surun kaş çala,
Ölməlilər qala-qala
Öldürülər elə məni...