Göstər mənə elə bir nəfs, mənzili ləhəd olmadı
Yaradanın rizasında nə müşkül, nə hədd olmadı
Riyazətdən riyaziyyat doğurmuş ki ali ibrət,
Necə yoxdan var oldu, gör sıfırdan ədəd olmadı?!
Sən əvvəlcə təvəkkül qıl və imanla təfəkkür et
Nədən bunca zikr-i niyaz dərdinə mədəd olmadı?!
Zaman getmiş isə fövtə, ruhusa dönmüşsə məvtə,
Arif olmayan aşüftə bu sirrə bələd olmadı
Yanıb sönmək hikmət deyil ya narından, ya nurundan
Vay halına ol aşiqin, ürəyi məbəd olmadı
Bəs bu halə giriftarkən bükülmüş boynu müznibin
Gərçi onun nəzərində bundan səxt sənəd olmadı
Belə artır qeyl-ü qalım, təki yetsin sona məmnun
Səbrimdən qeyri bir çarə ruhumda sədəd olmadı
Muştuluq ver dəxi Lazım, xoş həvadis vardır yenə;
Nə əvvəlsən, nə də axir, nə də qəm əbəd olmadı