Olmur
Daha gözlərimin yaşı da axmır,
Ağlaya bilmirəm,ağlamaq olmur.
Daha ürəyim də sözümə baxmır,
Ağrıyır,yarasın bağlamaq olmur.
***
İldırım çaxarsa,yağış yağacaq.
Çaylar kükrəyəcək,aşıb-daşacaq.
Ürək ağrıyırsa,hey sıxılacaq,
Gedən gedəcəkdir,saxlamaq olmur.
***
Ağlama,ürəyim,boynunu burma,
Sinəmdə daş kimi asılıb durma.
Bəzən də tələsib özünü yorma,
Həmişə kükrəyib çağlamaq olmur.
27.09.1982.Zərdabi.(Mövlud Ağamməd)