Ölü sevgilərim
Xəyal Mahmudlu tərəfindən "Hekayə" bolməsinə 01:31 12 iyun 2014 tarixində əlavə olunmuşdur

     Zaman ötüb keçir biz gözümüzü qırpıb açana kimi.Kimlərsə ölür, kimlərsə qalır həmin anlarda kim bilir.Yaşamı boyunca çoxumuz ölmədən öncə özümüzə nə qədər söz, nə qədər “bunu heç vaxt etməyəcəyəm”, “bunu etsəm özümü bağışlamaram” falan filan kimi saysız-hesabsız vədlər verdik, hə nə olsun?! Əməl etdikmi bəs? Etmədik, ya da yarımçıq buraxdıq sözlərimizi.Sonra da uzun yuxumuzdan ayılıb insanlığa çönüb baxdıq, həyata elə nifrət etdik ki, kinimiz yeri-göyü yaradanı da unutdurdu bizə.Zamanla çox səhv etdi bizim Afil Abbas da.

     Qəmgin könüllü, gülərüz bir insandır Afil.Uzun müddət yaşadığı depressiyadan sağ-salamat çıxmağı bacarıb ən azından.Həmişə təkrar etdiyi bir cümləsi də var: “Gülümsə və davam et...”.Şəksiz gözəl sözlərdir, ancaq Afilin narahat, hərdəmxəyal dünyası, insanlara tez bağlanması, saflığı onu məhv etdi, yedi, bitirdi.Səmimiyyətinə söz ola bilməz, nə olsun ki, pis insanları tanıdıqdan sonra.Öz sevimli cümləsini özü tez-tez unutdu eləbil.Hərdən, yox-yox, nə zaman görsən ağlayır; bir küncdə, bir məclisdə hər kəsdən uzaq köşədə, metroda, avtobusda insanlardan sıxılırmış kimi görkəm alaraq dayanmış Afili düşüncələriylə yalnız buraxan da elə bizik.Elə həyat kimi.

    Səhər saat 06:00.Zəngli saatın zırıltısı qulaqlarını deşir.Cəld əlini yatağın yanındakı stolun üstündə gəzdirir, sağa, sola, zəngli saatı götürüb yerə atır.”Andıra qalmış, zibil, axşam eləbil söndürmüşdüm axı....” –deyib, təzədən başını yastığa çırpdı.Qəfildən oyanır, -“Ayda, gecikdim...Saat doqquzdur artıq”.

    Yuxu süzülən gözlərini ovxalaya-ovxalaya ayağa qalxıb mətbəxə keçdi.”Ax, ayağım, bu andırı kim qoyub axı bura?! Tfu.” –deyib, deyinə-deyinə soyuducunun qabağındakı metal kürəciyi əlinə aldı.Keçən illərdən birində ən yaxın dostu almışdı; nəzərə alsaq onunçün “dost”-dediyi insanlar daima axmaq biriləri çıxmışdı.”Onsuzda həyatın qayəsi ağrılar və pisliklərdir” –kimi təsəllilərlə bu cür şeylər haqqında düşünməyi boş hesab edərdi həmişə.Hələ tam açılmamış gözləriylə soyuducunun qapısını açıb şoka düşdü bir anlıq:

    -“Hey, bu da Diogenin danışdığı o insanların beyinləri kimi bomboşdur! Lənət şeytana! Yenə də dönər yeməli olacam.”

    Diogeni tanımaq üçün belə bir haşiyə çıxaq: “Bir dəfə Diogen şəhər meydanında fəlsəfi mövzuda moizə deməyə başlayır.Heç kəs ona qulaq asmır. Bunu görən Diogen quş kimi cikkildəməyə başlayır.Ətrafa tezcə xeyli avara toplanır və maraqla onu dinləyirlər. - Baxın, afinalılar, budur sizin ağlınızın qiyməti –deyə Diogen onlara irad tutur –sizin üçün ağıllı söhbətlər edəndə, qızıl xırdalayanda dinləmədiniz, ağılsız quş kimi cikkildəyən kimi ağzınızı ayırıb dinləməyə başladınız.”

    Otağın küncündə Fransisko Qoyyanın "Övladlarını yeyən Saturn"əsərinin kopyası asılıb.İspan rəssamın bu əsəri həyatı çox gözəl izah edir.Afil də elə buna görə əlli manatından keçib almışdı.

    Üzü həmişə olduğu kimi üzgün, solğun idi.Yorulmuşdu.Həyatdan yorulmuşdu o, hər gün arxasınca iş çevirən insanları görməkdən yorulmuşdu, yolda ondan yaxşı yaşayıbda üzsüz-üzsüz “Bala, Allah köməyin olsun, Allah səni qorusun, Allah sənə dəyməsin mənə kömək elə...” –deyib zarıyan dilənçiləri, avtobusda, metroda bir-birinə hörmət etməyən, bir-birini tapdalayan insanları, yolda abırsızca söyüş söyən, başqa vaxt isə nəsihətlərini havayı dağıdan dayıları, həyasız qızları, yolda onun-bunun qabağına sürü şəklində çıxıb pul istəyən kişi qırıqlarını, xəyalı həbsxana adamının ibrətamiz nəsihətləriylə formalaşan on dörd-on beş yaşlı uşaqları görməkdən yorulmuşdu.Hər dəfə özünü xəyalən də olsa bu cəmiyyətdən gizli bir məkandaymış kimi təsəvvür etsin deyə kitab götürərdi yanında.Nəçarə, onda da sıxılardı.Sıxılardı düşüncələri hiss etməkdən.Axı o kitabı diqqət çəkmək, özünü göstərmək üçün götürməzdi.Sadəcə öz mənəvi qidası üçün edərdi bunu.

    “Səhər yeməyinə heç nə yox, zəhrimar, görəsən həyatımda yaxşı nəsə olacaq ya yox?!” –deyə dodağının altında pıçıldayırdı iki il öncə yarmarkadan aldığı, dizləri ağarmış, əskilmiş şalvarını geyinə-geyinə.Əslində bu adi hal almışdı, çünki hər səhər eyni mənzərəni görmək olardı.Həftələrlə yuyulmayan köynək, şalvar, bir hissəsi qopmuş kəmər, üstü tozlu ayaqqabı.Yenə, burnunu qurcalayıb əlini şalvarının arxa cibinə yaxıb.İşə isə tam bir saat gecikir.Həmişə.Birtərəfi qopmuş qulaqcıqları köynəyinin altıyla güc-bəlayla keçirdikdən sonra nəhayət ki, evdən çıxdı.On dəqiqə yol keçdikdən sonra:

    “Ayda, telefon, pul qabım və ən əsası kitabımı götürməmişəm.Tfu.” –deyib qaça-qaça evə qayıdır.Ayaqqabıyla otağa daxil olub əşyalarını götürdükdən sonra yenə qaça-qaça işə tələsir.Bu arada yaxşı xasiyyəti də var Afilin; siqaret çəkmir, spirtli içki də içmir.

    İş onunçün bir işgəncə maşınından heçnəylə fərqlənmir.Bütün günü ayaq üstə, beş dəqiqə belə rahatlıq yox, müdirinin təhqir dolu öyüdləri cana-boğaza yığıb artıq.Digər tərəfdən də göstəriş verən həmkarları.Qayıdıb ağzına gələni deməkdən güclə saxlayır özünü.Məcburdu, ayı üç yüz manat maaş da olsa, nə də olsa ehtiyacı var pula.Doğrudur, heç işini sevmir, hər dəfə dediyi “lənətə gəlmiş ofisinatlıq!” –kəlməsindən də duymaq olur vəziyyəti.Ancaq nəzərə alsaq ki, dövründə onsuzda hamı pulun quluna çevrilib.Beyinlər, bədənlər pula görə tərləyir.Di gəl ki, bu təri süzüb içənlər onun haqqını ödəmirki.Dinsiz də, dinə-imana sahib olanlar da bir kəliməyə amindirlər: “Burunlarından gələcək onsuzda bir gün”.

    Saat 19:00.On saatlıq işdən sonra nəhayət ki, bizimki azaddır.Həqiqətən insan sevmədiyi işdən çıxanda özünü lap sülh göyərçini kimi hiss edir.Amma gülünc durum yaranırda, çünki bu göyərçin şəhərdədirsə iydən baş çatlayan avtobuslar, metro onu xəyal qırıqlığına uğradacaq.Afil birtəhər iynə atsan yerə düşməyən metroda vaqondan çıxan insanlara yol verməyibdə eləcə qapı açılan kimi içəri soxulan, “Ağəz bir az diqqətli olda....A bala, ədə, qabağına bax...Bərəkallah! Tərbiyənə bərəkallah.Qabağındakı anan yaşda arvaddıre!” –kimi tipik cavablar verən qadınları sağa-sola itələyib qatardan çıxdı.Yol boyu bir-birini qucaqlayıb, vaqonda ac romantikalarını yaşayan iki gənc isə bu qəhrəmanlığı təkrar edə bilməmişdi.Hər adama qismət olmur axı.Afil heç nəyə məhəl qoymadan metrodan çıxıb üzü dəniz sahilinə doğru yollandı.Tez-tez belə edir, ən azından beyninin sakitliyi üçün.Çox vaxt da sahildə oturub uzun-uzun fikrə dalar.Arabir yanında götürdüyü kitabı da açıb oxuyar.Bu dəfə yanında Hermann Hessenin “Yalquzaq” əsəriydi.Kitabı açıb oxuyarkən bir cümlədə ilişib qalmışdı.Oxuyur, səhifənin sonuna çatır, yenə dönüb o cümləni təkrar-təkrar oxuyur.Sətirlərdə sirli qüvvə gizlənib sanki.Hessedən başqa əsərlər də oxumuşdu, ancaq bu əsərdəki yaradıcı ruhun təsiri tam başqaydı.

    “Bu gözəl dünya dınqıltı əvəzinə musiqi, əyləncə əvəzinə sevinc, pul əvəzində mənəvi dünya, hay-küy əvəzinə isə əsl iztirab istəyən adamlar üçün heç vaxt vətən ola bilməz!” –dodaqlarının altında pıçıldadı.Yenə pıçıldayır “dınqıltı əvəzinə musiqi...Məncə də, haqlıdır Hesse.Zəhrimar həyat, sən ağrılardan ibarətsən, işgəncə maşınısan! Təbəssümləri oğurlayırssan, sevgiləri alırsan, bizim olanları qoparırsan qəlbimizdən, əvəzində tikanlı güllər, kaktuslar miras qoyursan!”.Oxumağa təzədən davam edir, bu dəfə daha diqqətlə ancaq.Bəzən elə cümlələr olur ki, kitabda...onların xətrinə sevirsən kitabı, yalnız onların xətrinə.

    Kürəyində qəfildən bir əl hiss etdi.Ardınca isə - Salam –deyən bir xanım səsi.Arxaya çevrilməyə macal tapmamış qadın qarşısında peyda oldu.Təəccüblənmişdi, çünki uzun zamanıydı heç əks cinsdən biriylə ünsiyyəti olmamışdı.Qəribə duyğular peyda olmuşdu bir anın içində.Donmuş nəzərlərlə qarşısındakı incəbelli, sarışın, hardasa iyirmi-iyirimi bir yaşlarında olan qıza baxırdı.Bircə onu hiss edirdi ki, qız ağzını açıb-yumur, nə isə deyir.Amma bizimki yerində deyildi sanki.

   -Hey, bağışlayın, əyləşə bilərəm? –qız bir neçə dəfə təkrar etdikdən sonra nəhayət Afil eşitdi.Pəltəkmiş kimi dodaqları titrəyə-tirəyə cavab verdi:

   -Həəə...Ee...Əlbəttə, buyurun.Keçin, əyləşin.

   -Təşəkkür edirəm....Narahat etmirəmki sizi? –deyə qız dilləndi.

   -Yox, narahat etmirsiniz.

   -Sevindim.Bayaqdan fikir verirəm, gah kitab oxuyursunuz, gah da uzun-uzun dənizi seyr edirsiniz.

   Qızı görən andan kitabı yaddan çıxaran Afil duruxsunub, bir az fikrə dalıb: -Hə, əslində adətimdir bu.Tez-tez sahilə gəlib dənizlə baş-başa qalıram.Hərdən indiki kimi kitabım da mənə yoldaşlıq edir.

   -Hə, əslində mən də sevirəm dənizi...Kitabları da həmçinin.Nitsşe gözəl deyib:

“Təkliyinə qaç, dostum:

görürəm ki hər yerini zəhərli ağcaqanadlar sancıb.

Sərt və möhkəm bir havanın əsdiyi yerə qaç!

Təkliyinə qaç!”

Bilirsən, biz insanlar özümüzü cəmiyyətdə tapa bilməyəndə qaçmalıyıq, hamıdan uzaqlara qaçmalıyıq.Bəlkə onda içimizdəki özümüzü tapdıq.Mən belə edirəm məsələn.

    Afil bir az duruxub anlıq təbəssümlə qızın üzünə baxdı.O da gülümsəyirdi.Gənc öncə çəkinsə də sonradan cəsarət edib əlini qızın yumşaq yanaqlarında gəzdirdi:

   -Maraqlıdır...Həqiqətən də maraqlıdır.

   Qız çiyinlərini qaldırıb dilləndi:

   -Nədir maraqlı olan, ay adını bilmədiyim oğlan?

   -Adım Afildir...Maraqlıdır, çünki mənim kimi düşünən bir insana rast gəlmişəm.Bilirsən mənim üçün nə deməkdir bu? (Artıq “sən”ə keçdi)

   Qız hündürdən qəhqəhə çəkib özündən getdi bir anlıq.Sonra dedi:

   -Mənim də adım Mələkdir, Afil bəy.Yaşamımızı zədələyən də elə bu axtarışlarımız deyilmi, eh.Nə doyub-bitməz istəklərimiz var bizlərin, axmaq xasiyyətli varlıqlar.İçimizi çəkərik, hətta bəzilərimiz ağlayarıq, göz yaşlarımız payız yağışını xatırladar.Silmərik, istəyərik başqası da görsün bu halımızı, o başqasını axtararıq, bax.Daxilimizdə didərik özümüzü, axtarışında olduğumuz insana siqnal göndərmək, “hey, dərdim var, bölüşmək istəyirəm səninlə.Nə olar, dinlə məni, çox yalnızam...”-demək istəyərik.İstəyərik, sadəcə bu.Ancaq bizim istəklərimiz bitərmiki? Bitməz.

   -Adın da özün kimi maraqlıdır, Mələk xanım –bu sözləri deyəndə Afilin gözləri parlayırdı.Deyəsən axtarışları nəticə vermişdi, tapmışdı onu.Hərçənd bizdə “O” deyən zaman sevgili falan kimi başa düşürlər, yanlışdır bu.Olmaz belə, bəyəm biz bircə sevgili haqqındamı “O” deyə işarə veririk? Nəysə.Bizimkilərə qayıdaq.Beş-on dəqiqəlik baxışmadan sonra nəhayət Afil dilləndi:

   -Ancaq Mələk, düşünsənə, əgər həyatın çətinlikləri, insanı hərdən intihara səsləyən ağrı-acıları, itkiləri olmasaydı bir anlamı olacaqdımı? Əgər dost dediklərimiz bizi aldatmasaydı, bizə pislik etməsəydi yaxşılığı təsvir edə bilərdikmi? Əgər kədər olmasaydı biz saflığa can atardıqmı? Yaxud mən səni tanıyacaqdımmı? Həyat vahiddir, bütövlükdür, vəhdətdir.

   -Doğrudur, hərçənd unutmaq olmaz ki, hər şeyin bir həddi var.Bu həddi aşmaq isə insan övladını xəstələndirir.

    -Aşdıq bu həddi, aşırıq, aşacağıq.Canımızdadır bu.Ruhumuza hopub sanki.

    -Eh...hərdən istəyirəm dənizin dalğaları geri çəkiləndə məni də aparsınlar özləriylə, uzaqlara, kimsənin olmadığı ucqar bir köşəyə.Hardakı səssizlik var, hardakı səni düşüncələrdən azad edəcək rahatlıq var, hardakı insanlar yoxdur.

   -Səncə tək bununla iş bitirmi?

   -Yox əlbəttə.Günahı yalnızca olduğumuz cəmiyyətdə axtarmaq heç də doğru deyil.Biz də az aşın duzu deyilik həqiqətən.Yəni düşünsənə eşşəyə zorla ət yedizdirmək nə deməkdir.Bunun kimi.

   -Eşşəyə ət yedizdirmək axmaqlıq olardı.Elə bizim günahı olduğumuz cəmiyyətdə axtarmağımız da.Yəni düşündə, cəmiyyət fərdlərdən ibarətdir, fərdlər öz üzərlərində işləmədikdən sonra...

   -...çoxluq zibil olacaq.

   Sahildə, saçları özüylə götürmək istəyən küləyin müşayətilə, isti baxışların toqquşmasıyla baş tutan söhbət çox maraqlı keçirdi.Afil və Mələk, bu cütlük uzun sürən axtarışlardan sonra bir-birinə qovuşmuşdu.Həyatda az insana nəsib olan xoşbəxtlik.Adı belə olsa gərək.Kaş hamıya qismət ola, kaş bədənlər soyuq, nanəcib əməlləri ata bir köşəyə.Əlimizdən sadəcə diləmək gəlir, neynəyək.

   -Sənin dodaqların...onların dadına baxan olub heç? –oğlanın gözlərini barmaqlarıyla qapayan qız soruşdu.

   -Hə, cəmi bircə dəfə.Yəni düşünsək ki, hamı səhv edir, ancaq təbii hər kəs danır.Söhbət təkcə öpüşməkdən getmir ha.Ümumiyyətlə.

   -Heyhat, təəccübləndim açığı. –qız gülümsəyərək davam edir – yəni, elə bilirdim səndən belə şey çıxmaz, -qəşş edir.

    -Nə yəni, mən adam deyiləm? –oğlan təbəssüm dolu baxışlarla qızın mavi gözlərindəki ışıltını nəzərdən keçirir.Təbəssüm dolu baxışları biz qəlbin möhkəm döyündüyü o xüsusi anlarda sezə bilərik.Hərdən elə gözəl şeylərə fikir vermirik, sadəcə o an ötüb-keçəndən sonra fərqinə varırıq.

    -Yox, elə demək istəməmişdim...Həqiqətən.Sadəcə sənin kimi bir insanı sevmək və sonra da tərk etmək.Bu inanılacaq bir şey deyil.

   Afil duruxsundu, bir az fikrə getdi.Gözləri dənizin o ucsuz-bucaqsız üfüqlərinə qaçdı coşan dalğalarla.Orada keçmiş gizlənmişdi, ağrılarla keçən keçmiş.Keçib artıq, düşünməyin nə faydası var ki? Var.Axı o keçmiş bizim gözəl, şirin xatirələrimizi saxlayıb yaddaşında.Necə bircə dəfəylə silib atasan hər şeyi.Olmaz, hər insan bacarmaz bunu.

   -Bilirsən Afil, mən də sevmişdim, hardasa sevirəm indi də.İnsan sevgini yaşamaq istəyir, hansı ki, əsərlərdə, filmlərdə görürük onları.Olmur, alınmır.İstəməklə hər şey bitmir; bunu sevəndə anladım.Qarışımızdakı insan gülümsəyir hərdən, hərdən sənə öz problemlərini danışır, hərdən sənə acıqlanır, hərdən inciyir, eh ən sevdiyim şey, hərdən səni qucaqlayır, qulağına pıçıldayır və sən onu sakitcə, anlayışla qarşılayır, dinləyirsən, sevirsən axı.Amma anlamırsan ki, lənət şeytana, axı insanların sevgi dediyi şey o zibil şəhvət hissindən, o axmaqca duyğulardan qaynaqlanır.Tanrı bunu niyə nəzərə almayıb axı?! Bax bu, bu sevgimi məhv etdi.Çünki, gözəllik,  pul, var-dövlət hamsı keçicidir.Səni tanıyır öncə, sonra səndən daha yaraşıqlısı, gözəlini görür, fikirləri onda ilişib qalır. –son cümlələri ayağa qalxıb, qışqıraraq ucadan söyləyən qız sanki anidən ölmüş kimi yerinə çırpıldı.Üzünün kənarıyla süzülən göz yaşını diliylə dodağından təmizlədi.

   Afil hələki susurdu.Və birdən dəftərini açıb vərəqlədi, sonra oxumağa başladı:

   "İnsanlar düşünməkdən, sorğulamaqdan əl-ayaq çəkdiklərində sonsuz bir gənclik cadusuyla, axmaqlıqlarıyla hər an sevinc və xoşbəxtlik içində olurlar.Fəlsəfə ya da həyatı ciddi araşdırmaqla məşğul olan kədərli insanlara baxın bir; çox düşüncəylə dolub daşan ruhları, bədən strukturlarına təsir edər ruhları daha çox uçar; nəmli kökləri quruyar və əksəriyyəti də gənclik nədir bilmədən yaşlanarlar.” – ardınca əlavə etdi – Bax bu fikirlər Erasmusa aiddir.Özümü biləndən bəri kiçik qeyd dəftəri ayırmışam, bəyəndiyim fikirləri yazıram ora.Hər gün işə gedib-gələndə, yaxud sıxılanda, bezəndə açıb oxuyuram.Tək dostum bu dəftərdir, hə bir də kitablarım.Doğrusu heç sevmirəm cəmiyyət içinə çıxmağı.İnsanlar müasirləşmək adıyla əxlaqı itirir, digər bir qisim isə ağlını.Yəni düşünsənə, bizlər getdikcə batırıq, ancaq bunu görmürük.Məhv oluruq.Bir neçə il sonra tapılmayacağıq.Bir bax, soyunub şəhərdə gəzən qızlar evə gedəndən sonra komputerin qarşısında status yazaraq öz "ədəb yerlərini örtürlər".Sonra yüngül beyinli gənc kişi qırıqları da onlara dəstək verir.Üstəlik o dəstək olanlar arasında bizim düşüncələri yenicə çiçək açmağa başlayıbda gün üzünə həsrət qalmış cavan oğlanlara da rast gələ bilərsən.Düşünsənə, çiçək gün işığı olmadan nə kökə düşür, gəl həmin beynin halını da düşün.Belə-belə işlər olur, Mələk...

    Mələk bayaqdan diqqətlə Afili dinləyirdi.İri, mavi gözləri ona özünəməxsus bir gözəllik bəxş edirdi.İnsanın belə anlayışlı və gözəl həmsöhbəti olduqdan sonra dərdi falan vecinə olmaz.Son fikirləri bəyənən Mələk əliylə “əla” işarətini göstərdikdən sonra:

   -Ay Afil, inan ki, lap ürəyimi oxudun.Onlarla bərabər hələ çiçək açanlar var ki, gəlib sənə elə əxlaq, din dərsi verər ki, elə bilərsən Molla Sadıq gəlib sənə mərsiyyə deyir.Adama deyən lazım, a kişi, get işinlə məşğu olda, camaatı niyə barmağına dolayırsan.

    Hə, bu arada qeyd edim ki, o Molla Sadıq rus yazıçısı Marlinskinin “Molla Nur” povestində camaatı barmağına dolayan, sonra da kef çəkən iranlı molla obrazıdır.

   -Hə Mələk, haqlısan.Ancaq bunlara rəğmən yaşamaqdayıq.Buna məcburuq, nə etməli.

   Mələksə deyəsən təxəyyülündə mələklər kimi qanadlanıb yerdən göylərə yüksəlmişdi bir anlıq.Başını aşağı salıb nə haqdasa düşünürdü.Qəfildən dik atıldı.

   -Nə oldu, ay xanım?-Afil gülümsəyərək soruşdu.

   -Heçnə əşi, boş-boş düşüncələr beynimi zəbt edib.İnan bezmişəm, həm də çox.

   -Bəlkə bizə gedək?

    Bu sual Mələyi çaşdırdı sanki.Öncə duruxsundu, sonra udqunub cavab verdi:

   -Ədə, vallah səninlə gəlsəm peşman olacaqsan.Gecə xorulduyurame. –bunu deyib qız gülməyə başladı.

   -Əşi belə canın sağ olsun.Mənimçün fərq etməz, ciddi sözümdür.Gəl gedək, onsuzda özümə yoldaş axtarırdım, elə lap sənin kimi.Oturarıq balkonda, qəşəng bir piano musiqisi sədaları altında axşam yeməyi yeyərik, söhbətləşərik.Nə deyirsən?

   -Nə deyim valla.Ancaq sənə bir söz deyimdə, mən aseksualam ha.

   Afil sevincək –Əladırki, elə mən də aseksualamda.Bir məsəl vare, eşşək anqırıb tayını tapar, bax, tam yerinə düşdü.Getdiye bizə –sözünü bitirməmiş qızın əlindən yapışıb darta-darta ayağa qaldırdı.Söhbətləşə-söhbətləşə metroya sarı yollandılar.

    ...

    -Kotlet

   -Mərci supu!

   -Bəlkə qayğanaq!

   -Şorba…

    -Ə, di yaxşı da, bir qərara gəl. –Mələk dodaqaltı təbəssümlə Afilin qolunu cimdiklədi.Bayaqdan axşam yeməyi menyusu üstündə söz güləşdirirdilər, amma seçimdə çətinlik çəkmişdilər.Afil utandığından soyuducuda bir şey olmadığını deyə bilməmişdi.Sonda utana-utana –Ay Mələk, niyə yadıma salmadın ki, evə gələndə yan marketdən yeməyə şey-şüy alaydım.Ax, ax Mələk.Beşcə dəqiqəyə gəlirəm. –deyib, qapıdan yoxa çıxdı.

    Yarım saat sonar qapı taqqıldadı.Gələn Afil idi.Üç torba əlində içəri daxil oldu.Başını qaldıran kimi gözləri bərələ qaldı, -Paho, evdə qadın oldu belədirdə.Sağole, bir dənəsən.

   -Utandıme lap –mətbəxdən Mələyin səsi eşidildi. –gətir görüm nə almısan.İnan ömrümdə heç vaxt bu qədər müddət ac qalmamışdım.Çünki, sən qədər tənbəl deyiləm.

    Afil gülə-gülə, -pah, başladıda tərifləməyə.Siz qadınlar həmişə tərfiləyərsiniz özünüzü, başqa kimsəni də bəyənməzsiniz.

    -Ə yaxşı, tez ol görüm.Saat artıq on bir olur.Axşam yeməyi adıyla gecə yeməyi yeyəcəyik deyəsən.

    Bizimkilər mətbəxdə zarafat-zarafat yeməyi güc bəlayla hazırlaya bildilər.Mələyin telefonunun zəngi sayəsində Afil onun çox gözəl musiqi zövqünün də olduğunu öyrəndi.Hətta balkonda da səslənən musiqi Mələyin pleylistindən seçilmişdi: Brian Crain- Butterfly Waltz

   Gecə saat ikiyə kimi bir-birlərinə başlarına gələn ən maraqlı hadisələri danışdılar, amma doymadılar söhbətdən.Heç özlərinin də xəbəri olmadan çoxdan yuxuya getmişdi hər ikisi.

 

   Saat 06:00.Afil yataqda gərnəşə-gərnəşə gözlərini ovuşdururdu.Axşamkı söhbət onu bir qədər yormuşdu.Ancaq bu şirin yorğunluqdurda(Təbəssüm).Gözlərini güc-bəlayla açandan sonra əli anidən insan ayağına toxundu.Bizimki sağa çevrilib –Ay Mələk, sən bayaqdan məni niyə oyatmırsan? –demək istəyirdi ki, sözü ağzında qaldı.Şoka düşmüşdü, hətta qorxmuşduda.Çünki yanında uzanan heç də Mələk deyildi, xeyr.

   -Aman Allah, bu ki, İlahədir -Afil tir-tir əsirdi.Yanaşıb qızın nəbzini yoxladı, ölmüşdü. –Yox, ola bilməz, ölüb o.Nə baş verir axı? O bura necə gəlib? Mələk? O hara yoxa çıxıb? Mələk, burdasan? –səs yoxdu.Afil qorxa-qorxa əynini geyindi.Elə bu vaxt mobil telefonuna mesaj gəldi.Təəccüblü halda mesajı oxumağa başladı:

   “Sevgi –ölüb.İnsanlar –ölüb.Bəs sən nəyi gözləyirsən? Yaşamağı.Bəs ümidin necə, o sağdır? Sağ deyil.Öldürmüsən.Səncə ölü dünyada yaşamağı bacaracaqsan?”

   Oxuyub qurtarandan sonra Afil öz-özünə:

   -Anlamadım?! Axı bunu kim göndərmiş ola bilər? Andıra qalmışın kimdən gəldiyi də bilinmir.Gərək xidmət mərkəzinə gedim, o da bilinmir deyəcəklər ya yox.Bəs bu qızı kim öldürüb? Amma əcəb olub.Eh İlahə, İlahə.

   Üzünü yuduqdan sonra bizimki stol arxasına keçib qeyd dəftərini açıb oxumağa başladı.Ancaq fikrini toplaya bilmirdi, fikri yatağında uzanan qızın cəsədində qalmışdı.Bilmirdi polisə xəbər versin, yoxsa sadəcə aparıb gizlətsin.Əsəbindən ucadan oxumağa başladı:

   -“Görən psixiatr bilmirmi ki, insanları dəli edən hallardan biri də, onların xeyli müddət nəyisə gözləmələridir? İnsanlar bütün ömürləri boyu gözləyirlər.Yeni həyat gözləyirlər, ölüm gözləyirlər.Tualet kağızı üçün növbədə gözləyirlər.Pul olmadıqda isə növbələrdə daha çox gözləməli olursan.Nə zamansa yuxulayacağını, nə zamansa yuxudan ayılacağını gözləyirsən.Evlənəcəyin günü və boşanacağın günü gözləyirsən.Yağışın yağmasını, sonra kəsməsini gözləyirsən.Yemək gözləyirsən, sonra bir daha yemək gözləyirsən...”.Zibil.Bukovski “Makulatura” yazacaq qədər səbrli olub, düşünüb, amma mən bir çıxış yolu tapa bilmirəm.Axmağam, dünən heç Mələyin nömrəsini də olsa götürməmişəm.Bu qız da.Eh İlahə, səni necə çox sevdiyimi anlamırdın, daima məni tənqid edirdin. –dəftəri stolun üstünə qoyub yataq otağına keçdi. –Gözlərin, dodaqların, hələ cazibədar bədənini demirəm.İnsanın ağlını başdan alır.Ancaq mən səni buna görə sevməmişdim.Anlamazsan bunu sən, axı hər şey gözəlliklə ölçülməz.Ruhun çox çirkin idi, çox.Məni aşağıladın, zəif bildin.Heyf.Yəni, doğrusunu bilmək istəsən tək sən deyilsən bu cür düşünən.Anlayıram, qınamıramda səni.Amma nifrət toxumu səpdin ayrılarkən qəlbimə.Sevgi qarışıq nifrət boy atdı, kökləri qol-budaq açdı, böyüdü.Sənə o qədər nifrət etdim ki, heç təsəvvür belə edə bilməzsən.Ölü cismin yanımdadır artıq.

    Bizimki ağlamağa başlamışdı, yəni düşünün, sevdiyiniz biri bir gün qarşınızda ölü bətniylə peyda olur.Elə Afil kimi olardınız çox güman.

   -Bəlkə dəniz sahilinə gedim, yəni, bəlkə yenə Mələyi orda tapa bilərəm? Eh, işə də getməmişəm, yüz faiz müdir məni axtarır...Yaxşısı budur qızın cəsədini gizlədim, ən azından bu gün qalsın evdə.Görək sabah neynirəm.Dincəlməliyəm, buna ehtiyacım var.

   Yenidən stola yaxınlaşıb dəftərini götürdü və qonaq otağına keçdi.Divanda əyləşib oxumağa başladı:

   -"Tələsik qərar verməyin.O zaman sizin də hər kəsdən fərqiniz qalmaz.Həyatın kiçik bir parçasına baxıb hamsı haqqında qərar verməkdən qaçının.Qərar ağlın dayanması halıdır, qərar verdinizmi, ağıl düşünməyi, başqa sözlə inkişafı dayandırar.Buna baxmayaraq ağıl insanı daim qərara məcbur edər.Çünki inkişaf halında olmaq təhlükəlidir və insanı narahat edər.Halbuki gəzinti əsla sona çatmaz. bir yol bitərkən yenisi başlar, bir qapı bağlanarkən başqası açılar.Bir hədəfə çatarsınız və daha yüksək bir hədəfin dərhal orada olduğunu görərsiniz.".Fikrin sahibi - Lao Tzı.Eh, Lao müəllim, axı sən hardan biləsən yatağında cəsədin peyda olması nə deməkdir?! Siz dahilər həmişə özünüzə baxıb qərar verirsiniz.

   Günorta yeməyi üçün soyuducuya yaxınlaşıb qapısını açdı.Dünənki gecədən qalma kotlet və mərci supu vardı bircə.Öncə ağız büzsə də yeməyə başqa şey olmadığından məcbur yeməli oldu.Bir fincan çay da içdikdən sonra qərara gəldi bu gün evdən çölə çıxmasın.Amma yarım saat sonra artıq metroya çatmışdı.Çoxumuzun adətidir axı, söz veririk, etmərik deyirik, sonra elə onu edirik.Bizimkinin istiqaməti elə həmişə olduğu kimi dəniz sahilinə idi.Çatdı, əyləşdi.Gözü dörd olub ətrafı nəzərdən keçirirdi ki, bəlkə Mələk yenə gəldi, onunla yenə dərdləşdi.Ancaq gəldiyi iki saat olmasına rəğmən kimsə yaxınlaşmadı ona, nə də Mələk gəlmədi.Afil də boş dayanmadı əlbət, yanında gətirdiyi kitabı vərəqləməkdəydi.Amma bir səhifəni hardasa on dəfə oxumuşdu.Bir türlü fikrini cəmləyə bilmirdi, çarəsiziydi.Artıq gün çoxdan batmışdı, qaş qaralırdı.Bezdi, evə dönməyi qərara aldı.Yol boyunca yenə də gözü axtarışdaydı, yəni nəzərə alaq ki, ümid sonda ölür.Parkın içiylə gedərkən qəfildən yaşlı bir qoca önünü kəsdi.

   -Dayan görüm, ə...

   Afil dodağını dişlədi:

   -A kişi, sən kimsən? Çəkil görüme, tələsirəm, işim-gücüm var.Sənin kimi dilənçiyə də verəcək qəpiyimdə yoxdu.

   Yaşlı kişi onun gözlərinin içinə diqqətlə baxıb:

   -Kimdi dilənçi, ə?! Mən pensiyaner adamame, dövlət mənə baxır, dilənəsi halım var bəyəm?! Əsl özünə baxe, vidindən utan! Dilənçiyə oxşayan mən deyiləm, sənsən.

    -Lap yaxşı, ay qoca əmi.Sizallah mənim söhbət edəcək halım yoxdur.Xudahafiz.

    Yaşlı kişi oğlanın qolundan yapışıb getməyə qoymadı.Əlini cibinə atıb əzik bir vərəq çıxardı və Afilin ovcuna basdı.

    -Bunu oxu.Yaxşı yol, gənc. –bunu deyib qoca ondan ayrıldı və əks istiqamətdə getdi.Afil hələ də nə baş verdiyini tam anlaya bilməmişdi.Bəs bu vərəqdə nə var axı? Vərəqi açıb oxumağa başladı:

"İnkişaf həyatın qanunudur.

Ədəd kainatın qanunudur.

Birlik də Tanrının qanunudur.

Pifaqorun bu sözləri sənə yazılanları anlamaqda yol göstərən güzgü olacaq.Yazılanları oxu! 0-1-2-3-4-5-7-8”

    -Ayda, bu nə axmaqca fikirlərdir belə?! Necə yəni sıfır-bir-iki-üç-dörd-beş-yeddi-səkkiz? Nə mənası var bunun? Axmaq qoca.

    Vərəqi zibil qabına atmadı, qatlayıb şalvarının arxa cibinə qoydu.Yenə də düşüncələri alt-üst olmuşdu.Mələk, ölü cəsəd, polislər, cinayət, kitablar, hə bir də bu qəfildən peyda olan qoca...

   Evə çatandan sonra divana sərildi.Gərgin keçən gün onu çox yormuşdu, üstəlik yolda iş yoldaşı zəng edib müdirin onu işdən qovduğunu çatdırmışdı.Bərbad bir gün idi.Mobil telefonun səsi eşidildi elə bu vaxt.Mesaj gəlmişdi yenə və yenə anonim nömrədən.Afil əvvəl çəkinsə də sonra mesajı açmağa qərar verdi:

    “Yanındakı cəsəd, o belə səndən xoşbəxtdir.Düşünmüsən heç? Səni nə xoşbəxt edəcək, ay bədbəxt?”

    Afil mesajı oxuyub bitirən kimi telefonu yerə çırpdı.Əllərini başıyla sıxıb çökdü:

   -Lənətə gələsən, kimsən axı? Nə istəyirsən məndən? Kimdi bu axı? Dəli olacame deyəsən. –ağlayırdı artıq.Yarım saat sonra yuxuya getdi.Eləcə çılpaq döşəmədə yatıb-qalmışdı bizimki.

 

    Səhər saat doqquzda yuxudan oyanmışdı.Gözlərinin altı qapqara.Heç gözləri tam açılmamışdı.Əlüzyuyana yaxınlaşıb üzünə su vurdu, çirk basmış qulaqlarını şəhadət barmağıyla təmizlədi.Üç gündür yuyulmayan ayaqyolundakı vəziyyət o həddə çatmışdı ki, yataq otağından iyi duyulurdu.Mətbəxdəki vəziyyəti isə təsəvvür etməyə söz yetməz; yuyulmayan qablar, içini qurd basan boşqab və qazanlar, hər tərəf zibil içində.Soyuducu da ki, dünəndən boşuydu, heçnə qalmamışdı yeməyə.Tərslikdən təmirlə əlaqədar olaraq su da zəifləmişdi.İşıq pulu, qaz pulu, kirayə pulunun vaxtı çatmışdı.Və Afil tək idi bütün bunların qarşısında.Güc-bəlayla çay qaynadıb içmək istəmiş, onda da qəndlə birgə ağzına qarışqanın getdiyini bilincə içdiyi burnundan gəlmişdi.Reaksiyası da həmişəki kimiydi: -Andıra qalasan, zibil.

    Corabını axtara-axtara yataq otağına girdiyində başını qaldıran kimi dik atıldı.Yatağında dünənki qız yoxuydu, əvəzində başqa qız peyda olmuşdu.Və o çılpaq idi.Afil qorxa-qorxa qıza yaxınlaşdı, o da ölmüşdü.Nəbzi vurmurdu.Hər şey bir-birinə qarışmışdı artıq.Dalbadal ölü, həm də yatağında.Oturdu və donmuş nəzərlərlə divara baxdı.Dodağının altında pıçıldamağa başladı:

    -Yox, bacarmıram.Ölmək istəyirəm.İlahi, bütün bunlar nədir belə? Niyə axı mən? Niyə? –bir az duruxsunub -"Necə gəldim mən bu dünyaya? Niyə mənə danışılmadı? Madəm ki, qatılmağa zorlandım, hardadır bu yaşamın idarəçisi? Özüylə görüşmək istəyirəm..." (Soren Kiergaard-ın sözləri)

    Qəhər hissi boğurdu onu.Axı ağrılar bəzən insanı boğur.Hətta intihar kəndiri belə onun yanında heçdir.Yaşamın boyunca ümidlə dolub-daşan qəlbi belə məhv edər ən acı hadisələr.Sən elə bilərsən hər şeyi bilirsən, bacarırsan, ancaq sonda yanıldığını dərk edirsən.Ümidsizlik sənin içini yeyir, gəmirir, yerinə isə sadəcə boşluq miras qoyur.

    Afil artıq ümidsizliyin əsiri olmuşdu.Birdən yatağın əttökücü cırıltısını eşitdi.Elə həmin vaxt qonşu otaqdan da tappıltı səsləri gəlirdi.Üzünü yatağa çevirəndə yataqdakı ölünü –köhnə sevgilisi Jasmini yataqda oturmuş şəkildə, başını əliylə sıxarkən gördü.Qız anidən qışqırmağa başladı.Qonşu otaqdan isə ilk sevgilisi olan İlahə peyda olmuşdu.

  

    Saat 22:24.Afil gözlərini açanda başının üstündəki adamları görüb dik atıldı.Ayağa qalxıb ətrafı gözdən keçirməyə başlayanda gözlərindəki dəhşəti sadəcə görmək lazımdı:

   -Bura haradır? Mən hardayam? Siz kimsiniz? –yaxınlıqdakı insanları əlləriylə silkləyə-silkələyə soruşurdu.Ağ rəngdə geyinmiş insanların əhatəsində, həm də ağ rəngli paltarda.Qapıdan çıxmaq istəyəndə qarşısındakı qızı görüb dayandı.

   -Mələk? Sən burda neynirsən? De görüm bura haradır? Heç bilirsən neçə vaxtdır səni axtarıram?!

   -Ooo cavan oğlan, xoş gəlmisən aramıza. –yaxınlıqdan yaşlı kişi səsi eşidildi.Afil təəccüb dolu baxışlarla çevriləndə gözlərinə inanmadı; həmin yaşlı kişi.

   -Siz? Bura məni siz gətirmisiz? Haradır bura, axmaq qoca? Dillən görüm.

    Qoca gülməyə başladı -ədə, sən hələ de görüm verdiyim kağızı açıb oxudun?

   -O kağızdan bir şey anladımsa itin balasıyam! –Afil acıqlı səslə cavab verdi.

   -Gəl, keç otur, indi danışaram sənə oradakı mesajın nə anlama gəldiyini. –otağa keçib yataqların birində əyləşdilər. Qoca söhbətə başladı:

   -Biz insanlar həyata ilk başlayanda çox xoşbəxt oluruq.Xoş-bəxt.Xoşbəxt körpələr oluruq.Ta ki ölümün varlığını bilənə qədər.Sonra böyüyürük, ağrılarımız artır.Güclü görünməyə çalışırıq.Bəzimiz bacarır bunu, bir çoxumuz isə bacarmır.Hətta elə insan olur ki, əlindən heçnə gəlmir, çıxış yolu kimi intihar etməyi seçir.İntihar edib insanlara bunu bacardıqlarını sübut edirlər.Bir qisim insan isə sadəcə cismən yaşamını sürdürür.Sən, mən, bu qız kimi.Bizlər bacarmırıq, sadəcə düşünməyi seçirik.Sənə düşünmək üçün rəqəmləri göndərdim.Onları boşuna yazmamışdım.Düşündüm sənə yardımçı olarlar, ancaq düşündüyüm olmadı.  -Afil diqqətlə qocanı dinləyirdi –Bax ordakı rəqəmlər həyatı izah edirdi əslində.Başlayaq sıfırdan.Sıfır boşluğu ifadə edir.Hansı ki, o boşluqda oluruq ağrı-acı çəkərkən.Yoxluqla baş-başa.Kimlərəsə, yaxud nələrəsə ehtiyac duyduğumuz an.Sonra bir, yaxud da monad.Konsentrasiyanı ifadə edir.Bax, həmin boşluqdan çıxmaq üçün fikirlərimizi toparlamalıyıq, nizama salmalıyıq.Əks halda paramparça olacaq ruhumuz.İki, yəni duad, buysa pis və yaxşını ehtiva edir.Biz düşüncələrimizə nəzarəti ələ aldıqdan sonra pis və yaxşını ayırd etməli, dəyərləndirmə aparmalıyıq.Üç, yaxud triad, bu üçlükdür.Burada ər-arvad-uşaq, yaxud da tezis-antitezis-sentez birliyini sezmək olur.Sən seçimdə doğru olmaqla həyatının davamını tənzimləyir, gələcək həyatına nizam vermiş olursan.Ya tezis, ya da anti-tezis olacaqsan.Dörd isə, tetrad, sabitliyi simvolizə edir.Sən sabitliyə can atmalı, ədalətli olmalısan.Beş, pentad, şərə qarşını əks etdirir.Nəzərə alsaq ki, pislik, nanəcib insanlar həmişə var, bu rəqəmdəki anlama diqqət yetir həmişə.Yeddi, yaxud heptad.Bu rəqəm bakirəliyi, bolluğu, razılığı bildirir.İzahı isə nə qədər ki, əxlaqını, mənəviyyatını çirkli əməllərdən qoruyacaqsan, o qədər xoşbəxt olacaqsan, bolluq sənin olacaq.Ən əsası, səkkiz, latınca adı ogdoad.Vahidliyi simvolizə edir.Həyat vəhdətdir, oradakı birlik öncəki rəqəmlərə əməl etməyinlə tənzimlənəcək.Bax bu qədər sadəydi vərəqin izahı.

   Afil gülümsəyərək ayağa qalxdı.Yaşlı kişiyə yaxınlaşıb əlini ovcuna aldı, öpdü. Sonra isə əlavə etdi:

   -Mükəmməl, sadəcə deməyə söz tapa bilmirəm.Bəs o mesajlar nəydi? Onu siz göndərmişdiniz?

   -Hə...Cavabları isə vərəqdə gizlədilmişdi, artıq onları sənə dedim.

   Afil təbəssüm dolu baxışlarını qocaya zilləmişdi.Yenə sual verdi:

   -Bəs o cəsədlər? Onlar necə yatağıma düşmüşdü?

    Qoca altdan-altdan qızın üzünə baxıb gülümsədi.Və danışmağa başladı:

   -Sənə sevgilərin ölümünü yaşatmaq istəmişdim.Yaşatdımda.İndi də yaşayırsan, amma görürsən xatırlamırsan.Biz insanlar başımıza pis olay gəldiyində başlayırıq üzülməyə, ağlamağa.Hansı ki, o hadisə artıq baş verib, keçib.Sonra başımıza bir yaxşı hadisə gəldiyindəysə hər şey unudulur, həmin anı yaşadığımız dəqiqələrdə, saniyələrdə.Unutqan varlıqlarıq.Əslində bu daha yaxşıdır, unutmaq, silib atmaq.Ancaq, bizim kimilər bunu da bacarmır.

   Afil artıq hər şeyi anlamışcasına başını tərpətdi.Gözlərindəki sayğı kənardan baxanda rahatca duyulurdu.O özü də bilmədən ön mühakiməsinin qurbanına çevrilmiş, qocanı təhqir etmişdi.Amma artıq səhv etdiyini anlamışdı.Deyəsən yenə sualı vardı və elə o sualı verdi:

   -Bəs o qız? –barmağıyla yaşlı kişinin yanındakı qızı işarə etdi.

   Qoca, qızı qoluyla özünə sıxıb cavab verdi:

   -Onun adı Həyatdır.Xatırlamırsan yoxsa? Bir vaxtlar bir cavan oğlanı sevmişdi, ancaq sevgisi baş tutmamışdı.Həyat, avtomobil qəzasında həyatını itirdi.Və o səni sevən ölü qızdır, sənin ölü sevgilindir.

   Afil son cümlələri eşidəndə dik atıldı.Qəhərlənmişdi, gözlərindən yaş axmırdı amma.Və pıçıldadı: -Ah, mənim ölü sevgilərim...


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+21=
Hesaba giriş
Müəllif

Xəyal Mahmudlu
Haqqında
Tələbə, blogger, həvəskar yazar.
Əlaqə
E-mail:
xeyal.mahmudlu@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0281 saniye