Ürəkdən sevinib, üzü gülməyən,
Ağlayanda göz yaşını silməyən
Öləndə insan tək ölə bilməyən,-
Ölüləri danışmağa qoymayın!
Danışsa yalanlar üzə çıxacaq,
Taxtlını taxtından yerə yıxacaq,
Namərdi daşlayıb küncə sıxacaq,
Ölüləri danışmağa qoymayın!
Günahkarı pulu xilas edəcək,
Haqlının başını haqsız didəcək.
Həyat yenə axarınca gedəcək.
Ölüləri danışmağa qoymayın!
Diriləri danışmağa qoymayın!