Bir tərəfdə gözləri hündür binalar axtaranlar, digər yanda körpüyə döğru qaçanlar var. Dünya necə olsa da, zaman nə qədər amansız dövr etsə də, dövran imansızı qoynuna alıb tumarlasa da, yenə də, yaşamaq və yaşatmaq vacibdir. Canına qıymaq üçün körpü axtaran qardaşım, cismini paramparça etmək arzusu ilə binaların damına qalxan bacım, inanın ki, bu, sizin düşündüyünüz qurtuluş yolu deyil. İntihar yalnız acizlik və zəiflik əlamətidir. Çarəsizliyin çarəsi uzun qış gecələrindən sonra açılan sabahlar kimidir. Bilirəm mən, sizin nələr çəkdiklərinizi. Həm də, çox yaxşı anlayıram köksünüzə kök salmış iztirablarınızı. Hansı səmtdən baxsaq dərdlərimiz eynidir...
Peysərini ləyaqətsizcə yoğunladıb donuz boynuna bənzədən bənzərsiz məxluqların xırıltılı səsi, zamanın içində kök salmış zalımların amansız zülmü, əxlaqsızların daha da azğınlaşması canınızı və canımızı çox yandırıb. Son təsəlli yerimiz, son sığınacağımız Allaha tapınmaq olub. Dərdlərimizi iki ayaqlı donuza demək çifayda. İmansız və insafsızdan aman diləmək ruhumuza görə deyil. Əxlaqsızdan mədət ummaq, sadəcə, içimizdə ikrah oyadar...
Biz, qula qul olmaq üçün deyil, Yaradana qul olmaq üçün xəlq edildik. Əlinə fürsət düşən zalım qulun, əlində fürsət olmayan məzlum qula çəkdirdiklərinə dözmək çox çətindir. Bəzən çəkdirilən əzab məzlumu o qədər cana yığır ki, ölüm ona həyatda ən şirin bir an olur. İntihara doğru yürüyərək getmək və imansızın əlindən ətəyini qurtarmaq onun son çıxış yoludur. İnsanlıqdan zərrə qədər nəsibini almayan şərəfsizlər üçün məzlumun intiharı heç bir önəm kəsb etmir. Dünya onsuz da, fağırlarla doludur. Zalım gənə kimi məzlumun canını acıtmağa davam edəcək. Bu,ağılsızlıq içində müvazinətini itirən dünya,fağırın gözlərində əxlaqsız qadın qədər dəyərdə deyil. “ Sağım dəniz, solum donuz” deyibən də,üzünü intihara çevirən “ölüm aşiqləri”, donuzdan qurtulmaq üçün ölümə yox, dənizə baş vurun! Ey, ölümə sevdalanan, gümanlarının üzərinə xətt çəkənlər, mücadilə verərkən ölmək, intihardan daha üstün məqam deyilmi? Bizlərə doğuşdan əyandır ki, həyat bir mübarizə meydanıdır. Belə olmasaydı, yəqin ki, ağlayaraq deyil, gülə-gülə işıqlı həyata qədəm qoyardıq. Həyat Allahın yaratdıqlarına verdiyi bir gözəl imkan, bir möhtəşəm fürsətdir. Bu, fürsət mücadilə edərək, mübarizə apararaq dəyərləndirilməlidir. Ölümə doğru qaçanlar, kölgəsindən qorxub Ata qucağına qaçan uşaqlara bənzər,hər vəziyyətdə bir bəhanə uydurarlar...
Zalımın zülmü öz zənnində ona uzun görünə bilər, vicdansız vicdanını, nə zaman, harada itirdiyini xatırlamaz, kafirin imanı doğuşdan olmaz, bic həyatını alıb-aldatmaqla keçirər, sən onları dəyişdirə bilməzsən, onları yalnız ölüm dəyişər. Sonu gor olan gorbagorlara görə, sənə verilən o, halal cana qıymağa dəyərmi? Bir halda ki, hər kəs, bu, ölüm deyilən həqiqəti dadacaq, o zaman körpü axtarmağa, çardağa çıxmağa nə hacət?..